Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:33

'Olmayan bir institutu necə qiymətləndirmək olar?'


"Media". Karikatura.
"Media". Karikatura.

“Azərbaycanda media institutu yaradılmadı ki, özünü doğrultmadığını görək”

“Təəssüf ki, media ombudsmanı institutu özünü doğrultmadı”. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın Ombudsmanı Elmira Süleymanovanın mətbuat üzrə fəaliyyətindən narazılığını ifadə edərkən belə deyib.

Ölkənin media ekspertləri isə bu tənqidin qarşılığında “olmayan bir institutu necə qiymətləndirmək olar” deyə sual edirlər.

Arif Əliyev
Arif Əliyev

“Bu, çox məsuliyyətsiz bəyanatdır. Çünki Azərbaycanda media ombudsmanı institutu yaradılmadı ki, biz onun özünü doğruldub-doğrultmadığını görək”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AzadlıqRadiosu-na belə söyləyir. Onun sözlərinə görə, media ombudsmanı ilə bağlı məsələni Azərbaycan hökuməti özü əvvəlcədən “gedər-gəlməz bir yola salıb”. O yada salır ki, qanun qəbul edilsə də, onun tələbi illərlə yerinə yetirilməyərək media ombudsmanı institutu yaradılmayıb.

Buna da bax:​ Ombudsmanın illik məruzəsi parlamentdə

“O yazıq ombudsman da həmin vaxt deyirdi ki...”

“Sonradan yerli və beynəlxalq etirazlara məhəl qoymadan həmin media ombudsmanının səlahiyyətləri həvalə edildi insan haqları üzrə müvəkkil Elmira Süleymanovaya. Amma o yazıq ombudsman da həmin vaxt deyirdi ki, mən bu işin öhdəsindən gələ bilməyəcəm, mənim heç bir strukturum, resursum yoxdur. O zaman prezident Nazirlər Kabinetinə göstəriş verdi ki, yaxın vaxtlarda ştat cədvəlləri, xüsusi qurum yaradılsın. Nə prezidentin göstərişi yerinə yetirildi, nə də ombudsman aparatı bu işə başlaya bildi. Bu işlə heç kim məşğul olmadı ki, biz bu işi yaxşı, ya da pis tutduqlarını deyək. Vəziyyətin bu cür alınmasında, yəni həm qanunun tələblərinin pozulmasında, həm sonradan qanunun dəyişdirilərək qeyri-məqbul formaya salınmasında, həm də, heç olmasa, insan haqları ombudsmanı səviyyəsində bu işin görülməməsində bilavasitə ən yüksək dövlət qurumları, yəni Nazirlər Kabineti və daha yuxarı qurumlar iştirak ediblər”, – Arif Əliyev bildirir.

Arif Əliyev: 'O yazıq ombudsman da həmin vaxt deyirdi ki, mən bu işin öhdəsindən gələ bilməyəcəm'
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00
Direct-ə keçid

“Nə hüquqda, nə də praktikada media ombudsmanı anlayışı var”

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli AzadlıqRadiosu-na deyir ki, Azərbaycanda nə hüquqda, nə də praktikada media ombudsmanı anlayışı var. Onun sözlərinə görə, insan hüquqları ombudsmanının səlahiyyətlərinə media sahəsi deyil, informasiya əldə edilməsi ilə bağlı məsələlər daxil idi. Və bunu da “İnformasiya əldə edilməsi haqda qanun” tələb edirdi:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Amma təəssüf ki, qanun qüvvədə olduğu müddətdə – 2005-2012-ci illərdə informasiya ombudsmanlığı qurulmadı. Hökumət iş görmədi. Özünü doğruldub-doğrultmadığını onda demək olardı ki, ombudsman təyin edərdik. Biz desək ki, bugünkü ombudsman informasiya əldə edilməsi ilə bağlı işin öhdəsindən gəlmədi, özünü bu işdə doğrultmadı, bu, daha düzgün olardı. Amma media ombudsmanı qurulmayıb! Çünki qanun icra edilmədi”.

Buna da bax:​ «İnformasiya ombudsmanının ləğvi geriyə addımdır»

Bahar Muradovanın iradları və ona verilən cavablar

İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Əflatun Amaşova bildirib ki, media ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək ombudsmanın deyil. Burada medianın da, o cümlədən Mətbuat Şurasının da məsuliyyəti var.

Arif Əliyevin qənaətincə, medianı bura qatmaq lazım deyil: “Gərək maşın hərəkətə gəlsin, yola düşsün ki, sonra deyək, yaxşı getdi, ya dalından itələmək lazımdır və ya media bu maşının arxasında itələmədi”.

Buna da bax:​ KİV qanununa dəyişiklik gözlənir

“Azərbaycanda bütünlükdə medianı boğub sonra onun “məsuliyyətindən” danışmaq mənasızdır”, – bunu da Ələsgər Məmmədli söyləyir. Onun qənaətincə, azadlığı olmayan mediadan məsuliyyət tələb etmək doğru deyil.

O ki qaldı Mətbuat Şurası ilə bağlı iradlara, ekspertlər Bahar Muradovanın da digər məmurlar kimi qurumun funksiyasından xəbərsiz olduğunu önə çəkirlər.

Arif Əliyev izah edir ki, Mətbuat Şurasi ictimai institutdur, ancaq media ombudsmanı yaradılsaydı, o, müstəqil dövlət qurumu kimi fəaliyyət göstərəcəkdi və ikisinin səlahiyyətləri fərqli olacaqdı.

Buna da bax: Əgər kimsə yazısında səni təhqir etsə, cəzası nə olmalıdır?

Ələsgər Məmmədli Mətbuat Şurasının media ilə cəmiyyət arasında vasitəçilik etməli, media-toplum münaisbətlərini tənzimləməli olduğunu bildirir: “Hüquq, məsuliyyət məsələsinə Mətbuat Şurasını qatmaq olmaz. Mətbuat Şurası daha çox peşəkar prinsiplərlə bağlıdır. Burda da Mətbuat Şurasının prinsipiallığı mühüm rol oynamalıdır. Amma bu qurumun İdarə Heyətinə bir neçə millət vəkili qoyulubsa, təbii ki, orda siyasi müdaxilə olacaq və bu zaman qurum müstəqil olmayacaq”.

Media ombudsmanı olsaydı, nə dəyişəcəkdi?

Arif Əliyevin dediyinə görə, informasiya məsələləri üzrə ombudsmanın yaradılması tək mediaya lazım deyil, həm də informasiya əldə edilməsi ilə bağlıdır:

“Jurnalistlərin, media orqanlarının informasiya əldə etmək baxımından ciddi problemləri var. Bu institut yaradılsa, ortada müstəqil rəsmi dövlət orqanı funksiyasını yerinə yetirə, müstəqil informasiya əldə edilməsində yardımçı ola bilərdi, hakimiyyət, icra qurumları, məhkəmə, parlament və bir çox strukturlar qarşısında problemlərin qaldırılmasında vasitəçi ola bilərdi”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG