Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 07:31

«İnformasiya ombudsmanının ləğvi geriyə addımdır»


Ombudsman Aparatında bir şöbə olacaq
Ombudsman Aparatında bir şöbə olacaq
Dekabrın 21-də Milli Məclis «Azərbaycanın İnsan Hüquqlar üzrə müvəkkil (Ombudsman) haqqında» Konstitusiya qanununa prezidentdən gələn bir sıra əlavə və dəyişiklikləri qəbul etdi.

Həmin əlavələrdən biri dövlət orqanlarının «İnformasiya əldə etmək haqqında» qanunda nəzərdə tutulan vəzifələri necə yerinə yetirmələrinə nəzarət etmək məsələsini də ombudsmana həvalə edir.

OMBUDSMAN APARATINDA ŞÖBƏ OLACAQ

Mətləbə keçməzdən əvvəl deyim ki, söhbət Konstitusiya qanunundan getdiyi üçün bu əlavə və dəyişikliklər 6 aydan sonra təkrar səs erməyə çıxarılacaq. Qanun bunu tələb edir.

Ombudsman Elmira Süleymanova isə deyir ki, qarşıdakı 6 ay hər şeyi müzakirə etmək üçün ciddi müddətdir və ondan maksimum yararlanmaq lazımdır. Yəni vaxt itirmədən hamı yığışıb Ombudsman Aparatının tərkibində yaradılacaq bu qurumun necə olmasını müzakirə etməlidir:

«Mən elə başa düşürəm ki, bu, Ombudsman Aparatında bir şöbə olacaq. Və o şöbəyə rəhbər, eləcə də üzvlərin seçilməsi şəffaf olacaq. Bir neçə adam öz adını təqdim edər. Tələblərə uyğun olaraq geniş müzakirələr aparılıb seçim ediləcək. Çünki «İnformasiya əldə etmək haqqında» qanuna başqa cür yanaşma düzgün olmazdı».

Elmira Axundova
Deputat Elmira Axundova ayrıca informasiya ombudsmanı institutunun yaradılmasına tərəfdar olsa da layihə prezidentdən gəldiyi üçün ona səs verdiyini bildirir. O hesab edir ki, əgər məsələ bu variantda həllini tapırsa, onda Ombudsman Aparatının tərkibində bu qurumun yaradılmasında media mənsubları yaxından iştirak etməlidirlər.

OMBUDSMANIN İŞİ HAQQI POZULANLARI ZİYARƏT ETMƏKDİR

Deputat İqbal Ağazadə isə hesab edir ki, bunun heç bir xeyri olmayacaq. Ayrıca informasiya ombudsmanı institutu yaradılmalıdır:

«Ombudsman institutu bu işin öhdəsindən gələ bilməz. Cünki bu qurum sadəcə haqqı pozulanları ziyarət etməklə kifayətlənir. Çünki ombudsman institutu bütövlükdə hakimiyyətdən asılıdır, müstəqil deyil. Buna görə də hesab edirəm ki, xüsusi informasiya ombudsmanı yaradılmalı idi. Həmin institut jurnalist təşkilatları və KİV rəhbərləri ilə birlikdə «Diffamasiya haqqında» qanunu işləyib Milli Məclisə təqdim etməli idi. Və bununla da digər ombudsman institutlarının bölünməsi prinsipinin növbəti mərhələsi başlanmalı idi».

Bir çox deputatlar kimi vitse-spiker Bahar Muradova da İqbal Ağazadənin dediklərinin əksini düşünür. Onun fikrincə, hansısa ölkələr hüquqların qorunmasını bölüb ayrı–ayrı qurumlara tapşıra bilərlər. Azərbaycan isə bu məsələdə öz yanaşmasını
Əli Hüseynov
təqdim edir:

MƏSƏLƏ PRİNSİPDƏ DEYİL

«Hesab edirəm ki, ombudsmanın fəaliyyəti koordinasiya şəklində həyata keçirilsə, daha yaxşıdır.Məsələ prinsipdə deyil, səlahiyyətlərin və mexanizmlərin mövcudluğundadır. Düşünürəm ki, biz bu gün lazımi səlahiyyətlərin və ona uyğun mexanizmlərin tapılması üzərində işləyirik və bu doğru da tapılıb».

Bir məsələ də var ki, «İnformasiya əldə etmək haqqında» qanunda bu işə nəzarət səlahiyyətlərinin ombudsmana verilməsi nəzərdə tutulmur. Bəs onda bu ziddiyyəti necə aradan qaldırmalı?

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyir ki, əgər Konstitusiya qanunu qəbul olunsa, onlar «İnformasiya əldə etmək haqqında» qanunun müvafiq 6-cı fəslinin qüvvədən düşməsi ilə bağlı parlamentə layihə təqdim edəcəklər. Çünki bu qanunda nəzərdə tutulan KİV-lərdə problemlərə nəzarət institutunun yaradılmasına daha zərurət qalmır.

KÖKÜNDƏN YANLIŞ MƏSƏLƏ

Ələsgər Məmmədli
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə parlamentin bu addımını kökündən yanlış hesab edir. O deyir ki, insan hüquqları üzrə müvəkkillə informasiya ombudsmanının qanunla nəzərdə tutulan fəaliyyətləri tam fərqli məsələlərdir:

«Əslində, insan hüquqları üzrə müvəkkilik institutunun fəaliyyəti Konstitusiyada göstərilən insan hüquq və azadlıqları ilə bağlı pozulan hüquqların bərpası üçün fəaliyyət göstərməkdir. İnformasiya ombudsmanı isə ictimai informasiyanın açıqlığına nəzarət mexanizmini həyata keçirən və dövlət qurumlarının, eləcə də informasiya sahiblərinin buna dair öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edən bir funksiyadır. Bu baxımdan həmin səlahiyyətlərin də ombudsmana verilməsi geriyə addımdır».

Ələsgər Məmmədliyə görə, məsələ 6 ay sonra parlamentdə müzakirəyə çıxarılmadan ləğv olunmalıdır. Əks təqdirdə yeni Milli Məclisin ilk işlərindən biri hüquq və azadlıqların daraldılmasına yönəlmiş olacaq. Və bu da indiki parlamentin qarşıdakı fəaliyyəti ilə bağlı mahiyyətini ortaya qoyacaq.
XS
SM
MD
LG