Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 21:55

'Reuters': Xamenei zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını qadağan edib

Tehranda İranın yeni Ali rəhbəri Müctəba Xameneinin portreti
Tehranda İranın yeni Ali rəhbəri Müctəba Xameneinin portreti

İranın ali lideri Müctəba Xamenei yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını qadağan edən göstəriş verib. Bu barədə "Reuters" agentliyinə İrandan iki yüksəkvəzifəli mənbə məlumat verib.

Mənbələrdən birinin sözlərinə görə, "ali liderin göstərişi və hakimiyyət daxilində formalaşmış konsensus ondan ibarətdir ki, zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılmamalıdır". Tehranda ehtiyat edirlər ki, uranın başqa ölkəyə verilməsi İranı ABŞ və İsrailin mümkün hücumları qarşısında daha həssas vəziyyətə sala bilər.

"Əl-Cəzirə"nin jurnalisti Əli Haşim isə sonradan İran hökumətindəki mənbəyə istinadən yazıb ki, Xamenei belə bir sənəd imzalamayıb. Həmin mənbə "Reuters"in məlumatını "sülh sazişinin əleyhdarlarının təbliğatı" adlandırıb və vurğulayıb ki, İranın mövqeyi dəyişməz qalır: Tehran uran ehtiyatlarının bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında seyrəltməyə hazırdır.

ABŞ İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma çərçivəsində Tehrandan yüksək səviyyədə zənginləşdirilmiş urandan imtina etməsini tələb edir. Vaşinqton və İsrail bu materialın ya ölkədən tamamilə çıxarılmasını, ya da beynəlxalq nəzarətə verilməsini istəyirlər.

BAEA-nın məlumatına görə, İranın 60 faizə qədər zənginləşdirilmiş təqribən 440 kiloqram uran ehtiyatı var. Bu həcmdə material, əlavə zənginləşdirmə aparılacağı təqdirdə, nəzəri olaraq bir neçə nüvə başlığı hazırlamağa kifayət edə bilər.

XS
SM
MD
LG