FIFA-nın 2026-cı il Dünya Kubokunda azarkeşlərin İranın inqilabdan əvvəlki bayrağını stadionlarda qaldırmasını yenidən qadağan edəcəyi bildirilir. Bu qərar dörd il öncəki çempionatda yaranmış mübahisələri yenidən gündəmə gətirib, İran diasporu ilə müxalifət təmsilçilərinin etirazına səbəb olub.
Qadağa haqda mayın 19-da “The Athletic” nəşri məlumat yayıb. FIFA stadionda davranış qaydalarına istinadla bildirib ki, “siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli bannerlər, bayraqlar, geyimlər və digər atributlar” stadionlara buraxılmır. Qətərdə bu qayda ardıcıl tətbiq olunmamışdı. Amma bu il qadağanın ümumi siyasət kimi tətbiq ediləcəyi gözlənilir.
“İran xalqının əsl bayrağı bu deyil”
Məlumata görə, İran Futbol Federasiyası komandanın turnirdə iştirakı ilə bağlı FIFA-ya bir sıra tələblər təqdim edib. Bunlar arasında “İran bayrağına hörmət” də yer alıb. FIFA İran futbol rəsmiləri ilə son danışıqları “əla” və “konstruktiv” adlandırıb.
İranda doğulmuş belçikalı deputat Dərya Səfai uzun illərdir iranlı qadınların stadionlara giriş hüququ uğrunda kampaniya aparır. O, AzadlıqRadiosunun Radio Fərda xidmətinə bildirib ki, qadağa diaspora azarkeşlərinin qarşısını ala bilməyəcək
“İsrar etsəniz, yerinizdə oturub onu qaldırsanız, heç nə edə bilməzlər. Həmişə demişəm: Mənim əsl bayrağım budur, bu mənim yerimdir və burada oturacağam”.
Safai İran İslam Respublikasının rəsmi bayrağını sovet simvolları ilə müqayisə edir: “İslam Respublikasının bayrağı ideoloji bayraqdır, kommunizmin oraq-çəkic simvoluna bənzəyir. İran xalqının əsl bayrağı bu deyil”.
Şir və günəşin tarixçəsi
Mübahisə yaradan bayraqda onilliklər boyu İranın üçrəngli bayrağında istifadə olunmuş şir və günəş emblemi yer alır. Şir və günəş motivinin kökləri 12-ci əsrdə fars heraldikasına gedib çıxır, müasir monarxiyadan da qədimdir. Bu simvol 1906-1907-ci illərin Konstitusiya İnqilabından sonra İranın rəsmi dövlət embleminə çevrilmişdi.
1980-ci ildə yenicə qurulmuş İslam Respublikası həmin simvolu yeni emblem ilə əvəzlədi. Bu isə və hər iki nişanı güclü siyasi simvollara çevrildi.
İslam Respublikasının emblemi isə laləni, qılıncı və ərəb qrafikası ilə yazılmış “Allah” sözünü xatırladan kompozisiyadan ibarətdir. Bayrağın kənarlarında “Allahu Əkbər” ifadəsi 22 dəfə təkrarlanır, bu rəqəm İran təqvimində inqilab tarixini göstərir.
Əsrlər boyu fars milli kimliyini təmsil etmiş simvolu ən çox monarxiya tərəfdarları istifadə edib. Amma müxalifətin müxtəlif qanadları da onu İslam Respublikasına qarşı müqavimətin ümumi simvolu kimi qaldırıblar.
İran Dünya Kubokunda G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Turnir iyunun 11-də başlayır.