Vaşinqton və Tehran razılaşmaya yaxındır, yoxsa daha geniş regional qarşıdurmadan əvvəl sadəcə vaxt qazanmağa çalışır? ABŞ prezidenti Donald Tramp İrana mümkün hücumları təxirə saldığını açıqladıqdan sonra bu kimi suallar daha da artıb.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) eksperti Mark Kansian AzadlıqRadiosuna müsahibəsində bildirir ki, Tramp administrasiyası böhrandan "çıxış yolu" axtarır. Bu arada sanksiyalar, nüvə məhdudiyyətləri və İranın Hörmüz boğazı ilə bağlı iddiaları ətrafında ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.
Kansianın sözlərinə görə, İranın bəzi tələbləri Vaşinqton üçün tamamilə qəbuledilməz olsa da, tərəflərin mümkün nüvə razılaşması və dənizdə gərginliyin azaldılması istiqamətində mövqelərinin yaxınlaşdığı müşahidə olunur.
"Tramp həmişə müharibəni danışıqlar yolu ilə bitirmək istəyib"
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun "Tramp İrana hücumları təxirə saldıqdan sonra diplomatiya hansı mərhələdədir" sualını Kansian belə cavablandırıb: "Görünür, iranlılar ABŞ-yə yeni təklif göndəriblər. Orada nələrin yer aldığı tam aydın deyil, amma bu, Trampın qərarına təsir edən əsas amillərdən biridir. O, həmişə müharibəni danışıqlar yolu ilə bitirmək istəyib. Tramp üstün mövqedə olduğunu və danışıqların məqbul bir kompromislə nəticələnəcəyini düşünür. O, bir neçə dəfə mümkün hərbi əməliyyatları dayandıraraq diplomatiyaya üstünlük verib. İranın bu yeni təklifinin nəticə verib-verməyəcəyini isə zaman göstərəcək".
Tehranın sanksiyaların yumşaldılması, müharibə zərərinin ödənilməsi və Hörmüz boğazı üzərində suverenliyinin tanınması tələblərinə gəlincə, təhlilçi bunların bəzilərini qəbuledilməz adlandırsa da, ümumi razılaşmanı mümkün hesab edir.
"Tərəflər nüvə imkanları ilə bağlı fərqləri müəyyən qədər azaldıblar. Bura həmçinin İranın nüvə materialını üçüncü tərəfə ötürməsi və uranın zənginləşdirilməsini müəyyən müddətə dayandıracağına dair öhdəlik götürməsi daxildir. Məncə, Tramp bu müddətin 20 il olmasını istəyirdi. İran isə bu qədər uzunmüddətli öhdəliyə razı deyil – söhbət təxminən 10 il və ya ona yaxın bir müddətdən gedir", – Kansian vurğulayır.
"ABŞ bunu qəbul etmir"
Dünya İranın Hörmüz boğazında rüsum tətbiq etmək və keçidi məhdudlaşdırmaq ehtimalına ciddi yanaşmalıdırmı? Kansian Tehranın artıq bu addımları atdığını deyir: "İran hazırda yalnız dost ölkələrin gəmilərinə və ya rüsum ödəyənlərə keçid icazəsi verir. ABŞ və əksər dünya ölkələri bu status-kvonu qəbul etmir. Lakin hazırkı reallıq budur. ABŞ yekun razılaşmada bu praktikanın qarşısını almağa çalışır".
Hücumu təxirə salmaq strateji səbirdir, yoxsa administrasiyanın çıxış yolu axtardığını göstərir? "Administrasiyanın çıxış yolu axtardığına heç bir şübhə yoxdur. Onlar münaqişəni tamamilə bitirmək istəyirlər. Payızda seçkilər yaxınlaşır. Ölkədə iqtisadi durum yaxşı olsa da, benzinin qiymətinin yüksəlməsi ABŞ vətəndaşlarında haqlı narahatlıq yaradır. Məhz buna görə də bir neçə diplomatik təşəbbüs göstərilib, lakin indiyə qədər konkret nəticə əldə olunmayıb", – deyə Mark Kansian bildirir.
Müsahibənin tam mətnini burada oxuyun.