Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 07:10

ABŞ Rusiya neftinin alışına möhləti yenə uzatdı

Rusiya neft tankeri
Rusiya neft tankeri

ABŞ Maliyyə Nazirliyi dəniz yolu ilə daşınan Rusiya neftinin alınmasına icazə verən sanksiya möhlətinin müddətini daha 30 gün artırıb. Bu qərarın ilk növbədə enerji təhlükəsizliyi baxımından həssas vəziyyətdə olan ölkələrə şamil edildiyi bildirilir.

ABŞ-nin maliyyə naziri Skot Bessent "X" sosial şəbəkəsindəki hesabında məsələ ilə bağlı yazıb: "Maliyyə Nazirliyi ən həssas ölkələrin hazırda dənizdə olan Rusiya neftinə müvəqqəti çıxışını təmin etmək məqsədilə 30 günlük ümumi lisenziya verir".

Nazirin sözlərinə görə, bu addım həm də Çinin endirimli Rusiya neftini alıb böyük həcmdə ehtiyat yığmasının qarşısını almağa yönəlib.

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu şərhində qeyd edib ki, bu qərar Vaşinqton və müttəfiqlərinin mürəkkəb bir balansla üz-üzə qaldığını göstərir. Qərb bir tərəfdən Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə iqtisadi təzyiqi davam etdirmək, digər tərəfdən isə İranla artan gərginlik fonunda qlobal enerji böhranının genişlənməsinin qarşısını almaq məcburiyyətindədir. ABŞ və İsrailin İranla münaqişəsi regional tədarük zəncirində ciddi pozuntulara səbəb olub; xüsusilə Fars körfəzi marşrutlarının bağlanması enerji bazarlarını sarsıdır.

Sanksiya möhlətinin müddəti ötən həftəsonu başa çatmışdı. Prosesdən xəbərdar olan mənbələr bir neçə inkişaf etməkdə olan ölkənin əlavə vaxt tələb etdiyini və qərarın məhz bu səbəbdən yeniləndiyini bildirirlər. Lakin həmin dövlətlərin adları açıqlanmır.

Güzəşt müddətinin uzadılmasına baxmayaraq, neft bazarlarında qeyri-sabitlik qalmaqdadır. Mayın 18-də "Brent" markalı neftin qiyməti təxminən 1.5 faiz artaraq barelə görə 111 dollar həddinə yaxınlaşıb.

Skot Bessent
Skot Bessent

Bessentdən müttəfiqlərə İran çağırışı

S.Bessent G7 ölkələrinin maliyyə nazirlərinin Parisdə keçirilən toplantısında tərəfdaşlarını Tehrana qarşı sanksiyaların icrasını gücləndirməyə çağırıb. Paralel olaraq, Vaşinqtonun İran sanksiyalarını məhdud şəkildə yumşaltmağı nəzərdən keçirdiyi barədə də xəbərlər yayılır.

Bessent jurnalistlərə açıqlamasında deyib: "Biz G7 ölkələrini, eləcə də bütün müttəfiqlərimizi sanksiya rejiminə ciddi riayət etməyə çağırırıq. Bu yolla İranın hərbi maşınını maliyyələşdirən qanunsuz pul axınlarının qarşısını ala və bu vəsaitlərin İran xalqına qaytarılmasını təmin edə bilərik".

İranın yarırəsmi "Tasnim" agentliyinin məlumatına görə, Vaşinqton Hörmüz boğazının yenidən açılması və mümkün sülh razılaşmasının əldə olunması məqsədilə İran neftinə sanksiyaların müvəqqəti yumşaldılmasını təklif edib.

Danışıqlara yaxın mənbələrə istinadən bildirilir ki, hər hansı güzəşt yalnız yekun razılaşmadan sonra qüvvəyə minə bilər. Vaşinqton hələlik "Tasnim"in bu xəbərinə rəsmi münasibət bildirməyib.

Kiyev daha sərt sanksiyalar tələb edir

Rusiya neftinin idxalına ilk analoji möhlət cari ilin mart ayında verilmişdi. Həmin vaxt ABŞ və İsrailin İrana zərbələrindən sonra qlobal neft bazarında tədarük çatışmazlığı yaranmış, qiymətlər kəskin yüksəlmişdi.

Bu addım qiymətləri əhəmiyyətli dərəcədə aşağı sala bilməsə də, Hindistan kimi əsas alıcıların Rusiya xam neftini idxal etməyə davam etməsinə şərait yaratdı. Bununla belə, ABŞ-nin Moskvanın enerji sektoruna qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar hələ də tam qüvvədədir.

Ukraynanın maliyyə naziri Sergiy Marçenko da G7 toplantısında çıxış edərək müttəfiqləri Rusiyaya qarşı məhdudiyyətləri genişləndirməyə çağırıb: "Rusiyaya təzyiqi artırmalı, əlavə və daha sərt sanksiyalar tətbiq etməliyik".

Sanksiyalar üzrə bəzi ekspertlərin fikrincə, möhlətin davamlı olaraq uzadılması enerji bazarındakı təzyiqlərin Qərbin Moskvanı iqtisadi cəhətdən təcrid etmək cəhdlərini məhdudlaşdırdığını göstərir.

"Obsidian Risk Advisors" şirkətinin eksperti Brett Erikson AzadlıqRadiosuna məsələni belə şərh edib: "Bu, sadəcə qaçılmaz idi. Əgər belə bir presedent artıq yaranıbsa, bazarda normallaşma baş verənədək müddətin növbəti dəfə uzadılması da gözləniləndir".

XS
SM
MD
LG