Keçid linkləri

2026, 07 May, cümə axşamı, Bakı vaxtı 15:41

İran ABŞ blokadasını alternativ yollarla aşır – Azərbaycan da var

Tehran küçələrində divar rəsmi
Tehran küçələrində divar rəsmi

Birləşmiş Ştatların İran limanlarını dənizdən blokadaya alması ölkə iqtisadiyyatının sıxılmaqda davam etməsinə səbəb olub. Tehran buna cavab olaraq alternativ marşrutlara üz tutub. Mallar qonşu Pakistan və Türkiyədən yük maşınları ilə daşınır, müttəfiq Rusiya isə yükləri Xəzər dənizi vasitəsilə qəbul edir. Bundan əlavə, İran əsas ticarət tərəfdaşlarından biri olan Çinə nefti dəmir yolu ilə göndərməyi də nəzərdən keçirir.

Cons Hopkins Universitetinin professoru Stiv Hankenin fikrincə, alternativ marşrutlar İran iqtisadiyyatının istehlak malları, ərzaq və sənaye xammalına olan ehtiyacını qarşılamaq imkanına malikdir. Bununla belə, ekspert vurğulayır ki, bu quru yolları dəniz yolu ilə daşınan irihəcmli konteyner yükdaşımalarını tam əvəz edə bilməz.

"Avtomobil nəqliyyatı ilə daşımalar daha baha başa gəlir, Xəzər marşrutunun imkanları isə liman infrastrukturu və donanma ilə məhdudlaşır", – Ronald Reyqan administrasiyasında iqtisadi müşavir olmuş Hanke bildirib.

O əlavə edib ki, bu səbəbdən idxal olunan malların maya dəyərinin və inflyasiyanın yüksəlməsini gözləmək olar, "amma bəzi şəxslərin proqnozlaşdırdığı iqtisadi çöküş baş verməyəcək".

ABŞ prezidenti Donald Tramp aprelin sonunda iddia edirdi ki, dəniz blokadası İranın neft ixracını tamamilə dayandırdığı üçün "ölkənin bütün neft infrastrukturu partlayacaq". Amma ekspertlərin fikrincə, Hörmüz boğazının blokadası Tehranı təslim olmağa və Vaşinqtonun şərtləri ilə sülh sazişi imzalamağa vadar edə bilməyəcək.

Daxili istehsal və coğrafiya

İran rəsmiləri isə ABŞ embarqosunun ölkənin əsas mallar və ərzaq təminatına ciddi təsir göstərmədiyini bildirirlər. Onlar daxili istehsal potensialının yüksək olduğunu və alternativ idxal marşrutlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayırlar.

Kənd təsərrüfatı naziri Qulamreza Nuri aprelin 21-də deyib ki, blokadaya baxmayaraq, əsas malların və ərzaq məhsullarının təminatında problem yoxdur. Nazir vurğulayıb ki, "ölkənin coğrafi miqyası müxtəlif sərhəd keçidləri vasitəsilə idxalın davam etdirilməsinə imkan yaradır".

Vaşinqtonda yerləşən "Defense Priorities" analitik mərkəzinin Yaxın Şərq proqramının direktoru Rozmari Kelaniç də İranın coğrafi mövqeyinin ABŞ dəniz blokadasının təsirini azaltdığını vurğulayır.

Təxminən 90 milyon əhalisi olan İranın yeddi ölkə ilə 6 min kilometrlik quru sərhədi var. 700 kilometrlik Xəzər dənizi sahili isə Orta Asiya və Rusiyaya birbaşa çıxış imkanı verir.

İRANIN ALTERNATİV TİCARƏT MARŞRUTLARI

"Qonşu ölkələrdən yük maşınları ilə malların gətirilməsi kimi addımlar blokadanın yaratdığı çətinlikləri qismən kompensasiya edə bilər. Həcm əvvəlki səviyyədə olmasa da, tranzit xərcləri arta və idxal edilən malların çeşidi dəyişə bilər. Amma müharibə iqtisadiyyatı şəraitində məhsulları alternativləri ilə əvəzləməyin müxtəlif yolları var", – Kelaniç bildirib.

Beynəlxalq hüquqa görə, hərbi blokadalar ərzaq və dərman təminatını məhdudlaşdıra bilməz. ABŞ-nin İrana mülki təyinatlı yüklərin daşınmasını qəsdən, yoxsa texniki səbəblərdən əngəllədiyi hələlik məlum deyil. AzadlıqRadiosu məsələ ilə bağlı Ağ evə sorğu ünvanlayıb.

Quru marşrutları

İranlı deputat İbrahim Nəcəfi ötən ay bildirib ki, ölkəsi malların idxalı üçün Pakistan, Türkiyə, Ermənistan və Azərbaycan üzərindən keçən quru yollarından, eləcə də Xəzər dənizi marşrutundan istifadə edir.

Pakistan aprelin 25-dən limanlarını İrana gedən üçüncü ölkə yükləri üçün açıb. Bəzi limanlardan İran sərhədinə doğru altı quru marşrutu yaradılıb. Bu yollar vasitəsilə ilk növbədə düyü, ət və uşaq qidası kimi zəruri məhsulların daşınması nəzərdə tutulur.

ABŞ blokadası aprelin 13-də qüvvəyə minib. O vaxtdan Pakistan limanlarında İrana çatdırılmalı olan təxminən 3 min konteyner yığılıb qalıb.

Kapıköy-Razi keçid məntəqəsi İranı Türkiyə ilə birləşdirir. Bu tranzit dəhlizi Qərbi Asiyanı Avropa ilə bağlayır və iri ticarət axınını təmin edir. Blokada başlayandan İranın bu marşrut üzrə idxal həcmini artırıb-artırmadığı dəqiq deyil.

Rusiya Xəzər dənizi üzərindən İranın Bəndər-Ənzəli limanına daşımaları yenidən aktivləşdirib. Bu liman martın 18-də İsrailin hava zərbələrinə məruz qalmışdı. Media isə Moskva və Tehranın Xəzər dənizindən sanksiyalı neft məhsulları və silah qaçaqmalçılığı üçün istifadə etdiyini yazırdı.

Əmtəə və logistika üzrə analitik mərkəz olan 'Kpler' bildirib ki, aprelin ortalarından bəri Rusiya, Qazaxıstan və Türkmənistandan taxıl, qarğıdalı və günəbaxan yağı daşıyan 12-yə yaxın gəmi İranın Xəzər limanlarına yollanıb.

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Dəmir yolu ilə neft daşınması

İran neft ixracını davam etdirmək üçün də alternativ marşrutlar axtarır.

ABŞ blokadası İranın dəniz yolu ilə neft ixracını ciddi şəkildə pozsa da, onu tam dayandıra bilməyib. "Vortexa" və "Lloyd's List" şirkətlərinin məlumatlarına görə, İranla əlaqəli bəzi tankerlər dəniz blokadasından yayınaraq hərəkət edə biliblər.

Ekspertlər İranın bu vəziyyətə hələ azı iki ay tab gətirə biləcəyini deyirlər. Belə ki, blokada qüvvəyə minənədək İranın dənizdəki tankerlərində 130 milyon barel neft ehtiyatı var idi.

Buna baxmayaraq, Tehran alternativ marşrutların axtarışını davam etdirir. İran Neft İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyninin sözlərinə görə, Tehran neftin dəmir yolu ilə Çinə ixracı variantını nəzərdən keçirir. Çin İran neftinin təxminən 90 faizini alır.

Mövcud dəmir yolu infrastrukturu İranı Çinin İvu və Sian şəhərləri ilə bağlayır. 2014-cü ildə istifadəyə verilmiş Qazaxıstan-Türkmənistan-İran dəhlizi 2025-ci ildə Çinin 10 min 400 kilometrlik strateji yük xəttinə inteqrasiya olunaraq daha da genişləndirilib.

"Dəmir yolu vasitəsilə strateji baxımdan əhəmiyyətli həcmdə yük daşına bilər, amma qısa müddət ərzində tanker daşımalarını tam əvəzləyə bilməz", – Cons Hopkins Universitetindən Hanke bildirib.

Təhlilçi Kelaniç isə qeyd edib ki, neftin dənizlə nəqli daha səmərəli olsa da, İranın ABŞ embarqosundan yayınmaq üçün alternativ quru yollarından istifadə imkanları mövcuddur: "İran, İraqın etdiyi kimi, nefti avtomobil yolları ilə daşıya bilər. Vaxtilə İraq Hörmüz boğazından yan keçərək nefti Suriya ərazisi üzərindən Aralıq dənizinə nəql edib".

XS
SM
MD
LG