Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 02:15

BƏƏ pakistanlı şiələri deportasiya edir: 'Günah keçisinə çevriliblər'

Dubayda əmək miqrantları
Dubayda əmək miqrantları

Hamid Əli Şah Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) milli dəmiryol şəbəkəsinin operatoru olan "Etihad Rail" şirkətində çalışır. Aprelin əvvəlində rəhbərlik ona polis bölməsinə yollanmağı tapşırıb. Orada bir neçə saat dindirilən və bir neçə gün saxlanılan mühəndis sonda vətəni Pakistana deportasiya edilib.

"Zəng gələndə növbədə idim. İki saatlıq dindirmədən sonra məni daha 13 nəfərlə birgə mikroavtobusa mindirib miqrasiya təcridxanasına apardılar. Aprelin 6-da isə təyyarə ilə BƏƏ-dən çıxardılar", – deyə Şah AzadlıqRadiosuna başına gələnləri danışıb.

Pakistanlı deputatın və yerli medianın yaydığı məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava hücumlarına başlayandan bəri minlərlə pakistanlı oxşar aqibətlə üzləşərək BƏƏ-dən çıxarılıb.

Deportasiya edilənlər əsasən sünni çoxluqlu Pakistandakı 35 milyonluq şiə icmasının nümayəndələridir. Bu icmanın regional şiə gücü olan İranla sıx mənəvi-mədəni bağları var. Tehran isə müharibəyə cavab olaraq ABŞ və İsrailin Körfəzdəki müttəfiqlərinə, xüsusən də BƏƏ-yə yüzlərlə dron və raket zərbəsi endirib.

Sülh danışıqlarında əsas vasitəçilərdən sayılan Pakistan uzun illərdir BƏƏ-nin yaxın tərəfdaşı olub. Lakin İslamabadın Əbu-Dabinin rəqibi Səudiyyə Ərəbistanı ilə ittifaqını gücləndirməsi sonradan tərəflər arasında gərginliyə yol açıb.

"BƏƏ-də belə bir təsəvvür yaranıb ki..."

Hazırda BƏƏ-də təxminən 2 milyon pakistanlı miqrant fəaliyyət göstərir. Onlar hər il vətənlərinə milyardlarla dollar vəsait göndərməklə son illər dərin iqtisadi böhran keçirən Pakistanda minlərlə aztəminatlı ailənin dolanışığına dayaq olurlar.

"Görünür, BƏƏ-də çalışan pakistanlı şiələr iki ölkə arasında artan siyasi gərginliyin qurbanı, "günah keçisi" olublar", – Vaşinqtondakı Atlantik Şurasının baş elmi işçisi Maykl Kuqelman vəziyyəti şərh edərkən bildirib.

"Əmirliklərdə belə bir rəy formalaşıb ki, Pakistan İrana həddən artıq yaxınlaşır, xüsusilə müharibədə vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışdığı bir vaxtda rəsmi Tehrana daha çox rəğbət nümayiş etdirir", – deyə ekspert əlavə edib.

AzadlıqRadiosu son həftələrdə BƏƏ-dən deportasiya olunmuş onlarla pakistanlı ilə həmsöhbət olub. Onların əksəriyyəti heç bir xəbərdarlıq edilmədən, rəsmi dinləmə və məhkəmə hüququ tanınmadan ölkədən qovulduqlarını bildirirlər. Digərləri isə Pakistanda məzuniyyətdə olduqları zaman viza və iş icazələrinin ləğv edildiyini öyrəniblər.

Dubay Yollar və Nəqliyyat İdarəsində (RTA) 15 il işləyən Rizvan Heydər də eyni problemlə qarşılaşıb. O, İran müharibəsindən az öncə Pakistanın şimal-qərbindəki doğma Paraçinar şəhərinə məzuniyyətə yollanıb. Lakin BƏƏ-yə qayıtmağına bircə gün qalmış vizasının ləğv olunduğunu öyrənib: "Dərhal menecerimlə əlaqə saxladım. O, vizamın və iş icazəmin ləğv edildiyini, artıq idarədə çalışmadığımı bildirdi".

BƏƏ-də İranın dron zərbələri ilə hədəf aldığı enerji obyektinin yerləşdiyi istiqamətdən tüstü yüksəlir.
BƏƏ-də İranın dron zərbələri ilə hədəf aldığı enerji obyektinin yerləşdiyi istiqamətdən tüstü yüksəlir.

Rəsmilər nə deyirlər

BƏƏ tərəfi kütləvi deportasiyalarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. AzadlıqRadiosunun mövzu ilə bağlı həm BƏƏ, həm də Pakistan Xarici İşlər nazirliklərinə ünvanladığı sorğular cavabsız qalıb.

Pakistan Daxili İşlər Nazirliyi isə vətəndaşlarının BƏƏ-dən qovulması faktını rədd edir. Qurumun mayın 8-də yaydığı bəyanatda vurğulanır ki, "heç bir ölkədən, o cümlədən BƏƏ-dən pakistanlıların milliyyət və ya məzhəb amilinə görə deportasiyası aparılmır".

Buna baxmayaraq, Pakistanın əsas hüquq-mühafizə orqanı — Federal Təhqiqat Agentliyinin (FTA) rəsmisi AzadlıqRadiosuna son həftələrdə böyük bir deportasiya dalğasının yaşandığını təsdiqləyib.

Pakistanın şimal-qərb bölgəsini təmsil edən deputat Şer Əfzəl Mərvət mayın 14-də jurnalistlərə açıqlamasında təkcə Paraçinar şəhərindən olan 8 minə yaxın miqrantın ölkəyə geri göndərildiyini deyib.

"Xarici İşlər Nazirliyi gerçəkləri gizlətməklə yalan danışır. Mən BƏƏ-də olanda çoxlu pakistanlı ilə görüşdüm. Taksi sürücüsündən tutmuş iş adamına qədər — adı Həsən, Hüseyn, Əli olan kim varsa, hamısı deportasiya edilir", – deyə Mərvət BƏƏ-yə səfərindən sonra vurğulayıb.

"Tamamilə normal"

Pakistanın daxili işlər naziri Tallal Çaudri mayın 14-də parlamentdəki çıxışı zamanı ölkəsinin BƏƏ ilə münasibətlərini "tamamilə normal" kimi qiymətləndirib.

Lakin AzadlıqRadiosunun jurnalisti Daud Xattak gərginliyin aylardır pərdəarxası böyüdüyünü yazır. Belə ki, keçən ay Əbu-Dabi administrasiyası İslamabada ayırmağı planlaşdırdığı 3.5 milyard dollarlıq krediti qəfil ləğv edib.

Ekspertlərin fikrincə, Pakistanla Səudiyyə Ərəbistanının 2025-ci ilin sentyabrında strateji qarşılıqlı müdafiə sazişi imzalaması münasibətlərdə dönüş nöqtəsinə çevrilib. Bu hadisə həm də BƏƏ ilə Səudiyyə Ərəbistanı arasındakı rəqabətin kəskinləşdiyi dövrə təsadüf edir.

Təhlilçilər ABŞ və İsrailin İrana qarşı müharibəsinin Pakistan-BƏƏ xəttindəki gərginliyi pik həddə çatdırdığını qeyd edirlər.

"Əbu-Dabi Ər-Riyadla münasibətlərinin pisləşdiyi bir vaxtda Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi ittifaqı gücləndirməsindən ciddi narahatdır. Üstəlik, BƏƏ hesab edir ki, İslamabad İranın Əmirliklərə endirdiyi raket zərbələrinə olduqca yumşaq reaksiya verib", – deyə Kuqelman bildirib.

Pakistanlı siyasi şərhçi Həmid Mir isə münasibətlərin korlanmasının hər iki tərəf üçün ciddi itki olduğunu vurğulayır: "İşçilərin kütləvi şəkildə geri göndərilməsi qısa müddətdə Pakistan iqtisadiyyatına ağır zərbə vuracaq. Lakin uzunmüddətli perspektivdə bu proses BƏƏ-nin özünə də mənfi təsir edəcək, çünki ölkədə ixtisaslı işçi qüvvəsi çatışmazlığı yaranacaq".

XS
SM
MD
LG