Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 17:42

İran rejimi şir və günəş simvollarına əl qoyur

Londondakı İran səfirliyinin qarşısında dəstək mitinqi zamanı aksiyaçı İslam inqilabından əvvəlki "Şir və Günəş" bayrağını qaldırır.
Londondakı İran səfirliyinin qarşısında dəstək mitinqi zamanı aksiyaçı İslam inqilabından əvvəlki "Şir və Günəş" bayrağını qaldırır.

İranın dini rejimi hökumətə qarşı çıxan etirazçıların qaldırdığı ənənəvi Şir və Günəş simvoluna əl qoymağa çalışır.

Dövlətə bağlı İranşünaslıq Fondunun rəhbəri Əli Əkbər Salehi fevralın 8-də deyib ki, Şir və Günəş simvolu İslam Respublikasına məxsusdur və başqalarının ondan istifadə etməsini pisləyib.

Şir və Günəş uzun müddət İranın milli simvollarından olub, 1979-cu il İslam inqilabınadək istifadə edilib. Tarixçəsi astrologiyadan, Günəşin Şir bürcündəki mövqeyindən qaynaqlanır. 12-ci əsrdən bu simvol İran incəsənəti və mədəniyyətində dərin kök salıb.

XV əsrdən üzübəri simvol İran bayraqlarında da yer alıb. İslam inqilabından sonra isə Şir və Günəş qadağan edilib, qərbyönlü monarxiyanın "zülmkar əlaməti" kimi pislənib. Əvəzində rejim İranın üçrəngli yaşıl-ağ-qırmızı bayrağını dörd aypara və bir qılıncla bəzəyib. Bayraq üzərindəki işarə ərəbcə dəbli formada yazılmış "Allah" sözüdür.

Salehi israr edib ki, Şir və Günəş simvolu İran İslam Respublikasına məxsusdur, onun aydın dini kökləri var.

"Şir və Günəşi onlara verdik"

"Şir və Günəşin fəlsəfəsi Əlidən (Məhəmməd peyğəmbərin silahdaşı), Tanrıdan və dindən qaynaqlanır. Şir və Günəşi onlara biz verdik, indi isə başqaları ondan istifadə edir, halbuki o, bizə məxsusdur", – Salehi deyib.

Müasir İran bayrağının mərkəzində ərəbcə "Allah" sözünün şərti simvolu əks olunub.
Müasir İran bayrağının mərkəzində ərəbcə "Allah" sözünün şərti simvolu əks olunub.

Salehi "başqaları" deyəndə son həftələr küçələrdə Şir və Günəş bayrağını qaldıran antirejim etirazçıları nəzərdə tutur, bu bayraq milli qürur, dünyəvilik və teokratik idarəçiliyə qarşı çıxışın simvolu sayılır.

İranda etirazlar dekabrın 28-də milli valyutanın kəskin ucuzlaşması fonunda başlayıb, sonradan minlərlə insanın ölümü ilə nəticələnən, zorakılıqla yatırılan antirejim nümayişlərinə çevrilib.

Şir və Günəş xaricdə rejimə etiraz edən iranlılar üçün də əsas simvollardan birinə çevrilib. X sosial media platforması etirazçılara dəstək jesti olaraq yanvarın 9-da hazırkı İran bayrağı emojisini Şir və Günəş simvolu ilə əvəzlədiyini elan edib.

Salehi isə deyir ki, İran dövləti Şir və Günəş simvolu üzərində hələ də beynəlxalq hüquqi iddiaya malikdir. 1922-ci ildə Qırmızı Şir və Günəş Cəmiyyəti yaradılıb. Bu İranın Qırmızı Xaç və Qırmızı Aypara humanitar təşkilatlarına ekvivalent qurumu idi. 1929-cu il Cenevrə Konvensiyalarına əsasən, Şir və Günəş tibbi yardımı qorumaq üçün üç rəsmi emblemdən biri kimi tanınıb. Digər ikisi Qırmızı Xaç və Qırmızı Ayparadır.

1979-cu il İslam inqilabından sonra İran, digər müsəlman dövlətlər kimi, öz qırmızı Şir və Günəş simvolunu Qırmızı Aypara ilə əvəz edib. Amma Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyası İranın bu emblemə hüquqi iddiasını, istədiyi zaman ondan istifadə etmək hüququnu qüvvədə saxlayır.

12-ci əsrdən etibarən şir və günəş təsvirləri İran incəsənətində və mədəniyyətində möhkəm yer tutub.
12-ci əsrdən etibarən şir və günəş təsvirləri İran incəsənətində və mədəniyyətində möhkəm yer tutub.

Debat davam edir

AzadlıqRadiosunun fars xidmətinin jurnalisti Mani Parsa yazır ki, Şir və Günəşlə bağlı ilk dəfə deyil müzakirə açılır. 2020-ci ilin mayında parlament üzvü Qulam Heydər İbrahim Baysalami deyirdi ki, İran Xarici İşlər Nazirliyi vasitəsilə bu emblemi qaytara bilər.

Bundan altı il öncə, 2014-cü ilin mayında isə ovaxtkı prezident Həsən Ruhaninin köməkçisi Əli Yunisi İranın keçmiş bayrağındakı Şir və Günəşin "Əli və Məhəmmədin simvolları" olduğunu deyib, Qırmızı Aypara simvolunu onunla əvəzləməyə çağırıb.

Amma parlamentin bəzi üzvləri Yunisinin dediklərinə sərt reaksiya vermişdi.

Sərt xətt tərəfdarı olan "Məşriq" xəbər saytı İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin "uğursuz" Şir və Günəşi pislədiyi çıxışının bir hissəsini yenidən dərc etmişdi.

Xomeyni deyib ki, "İran bayrağı imperiya bayrağı olmamalıdır, İranın rəmzləri imperiya rəmzləri olmamalıdır, islami rəmzlər olmalıdır. Zalımın əsərləri getməlidir. Bunlar zalımın əsərləridir... İslamın əsərləri qalmalıdır".

XS
SM
MD
LG