Keçid linkləri

2026, 05 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:10

İranın əlaltılar şəbəkəsi yenidən 'işə salınır'

Livanın "Hizbullah" tərəfdarları Beyrutdakı İran səfirliyinin qarşısındakı mitinqdə İranın Ali lideri Əli Xameneinin şəkillərini tuturlar.
Livanın "Hizbullah" tərəfdarları Beyrutdakı İran səfirliyinin qarşısındakı mitinqdə İranın Ali lideri Əli Xameneinin şəkillərini tuturlar.

Keçən il İsrail və ABŞ İranı intensiv bombalayanda Tehranın regiondakı silahlı əlaltı və tərəfdaş şəbəkəsi, əsasən, kənarda qalmışdı. Ekspertlərin fikrincə, bu dəfə "müqavimət oxu" adlanan bu şəbəkə münaqişəyə qoşularaq İrana dəstək verə bilər. ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyata başlarsa.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi deyir ki, iyundakı müharibədən fərqli olaraq İran bu dəfə ABŞ ilə mümkün münaqişəni mövcudluğuna birbaşa təhlükə kimi görür: "Bu o deməkdir ki, Tehran mövcudluğunu saxlamaq üçün həm öz hərbi imkanları, həm də "müqavimət oxu"nun asimmetrik potensialı hesabına bütün resurslarını səfərbər etməyə hazırdır".

AzadlıqRadiosunun aparıcı regional redaktoru Frud Bejan yazır ki, artıq İranın İraq, Livan və Yəməndəki müttəfiqlərinin Vaşinqtonun Tehrana mümkün hücumu halında müharibəyə hazırlaşmasının əlamətləri mövcuddur.

Müttəfiqlər zəiflədilib

Onilliklər boyunca İran Yaxın Şərqdə öz şəbəkəsini formalaşdırıb, buraya daxil silahlı proksilərin, Tehranın dəstəklədiyi silahlı qrupların öz aralarında güclü bağı olmayıb. Şəbəkəyə Livanın "Hizbullah"ı, Yəməndəki husilər, İraqdakı iranmeylli silahlı dəstələr daxildir.

Tehranın ABŞ-dən, əsasən İsraildən gəldiyi deyilən təhdidlərə qarşı çəkindirmə strategiyasının əsas elementi bu şəbəkə olub.

Son illər bu ittifaqa ciddi zərbələr dəyib. Şəbəkədə İrandan savayı yeganə dövlət olan Suriyanın prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında devrilib.

"Hizbullah" İsraillə bir il çəkən ağır müharibədən sonra xeyli zəifləyib; qrupun lideri Həsən Nəsrullah öldürülüb.

Amma ekspertlərin fikrincə, döyüş qabiliyyətlərinin azalmasına baxmayaraq, bu şəbəkə ABŞ ilə münaqişə baş verərsə, İran üçün əlavə güc deməkdir.

Yəməndə paytaxt Səna şəhərinin tutulmasının ildönümü münasibətilə husilərin keçirdiyi hərbi paradda ballistik raketlər.
Yəməndə paytaxt Səna şəhərinin tutulmasının ildönümü münasibətilə husilərin keçirdiyi hərbi paradda ballistik raketlər.

Tətik çəkilərsə

İyunda İranla 12-günlük müharibə vaxtı İranın əsas nüvə və hərbi obyektlərini əvvəlcə İsrail, daha sonra ABŞ bombaladı. Tehran cavabında əzəli düşməni İsrailə yüzlərlə ballistik raket və dron atdı, Qətərdə ABŞ bazasını hədəf aldı.

Di gəl, İranın "müqavimət oxu"nun üzvləri bu qısa münaqişəyə qoşulmadılar.

"İran iyun müharibəsində tətiyi çəkmədi, münaqişəni təkbaşına idarə edə biləcəyinə qərar verdi. Münaqişəni genişləndirmək istəmirdi, onu mümkün qədər tez bitirmək istəyirdi", – Əzizi deyir.

Ekspertlərin yanaşmasına görə, ABŞ ilə mümkün yeni münaqişə İranın hesablamalarını dəyişəcək.

Mütəxəssislər deyirlər ki, İranın dini hakimiyyəti son onilliklərdə ən zəif durumdadır: ölkədə misli görünməmiş narazılıq və iqtisadi çöküş, qapıda isə ABŞ-nin genişmiqyaslı hərbi qüvvələri ilə üz-üzə qalıb. İran rəhbərliyi ayaqda qalmaq üçün arsenalındakı bütün vasitələrdən yararlanmağa hazırdır.

"Hər şey mümkündür"

"Artıq "müqavimət oxu"nun qalan hissəsinin işə salınmasının əlamətlərini görürük", – Əzizi belə deyir.

"Hizbullah"ın lideri yanvarın 26-da bildirib ki, qrup mümkün təcavüzə hazırlaşır, özünü müdafiə etməkdə qərarlıdır. Amma o, İran hücuma məruz qalarsa, necə hərəkət edəcəyini açıqlamayıb.

Ekspertlərin fikrincə, uzun müddətdir İranın ən güclü proksisi olan "Hizbullah" hələ də ciddi təhlükədir.

""Hizbullah" zəifləyib, amma sıradan çıxmayıb. O, strateji imkanlarının, raket arsenalının böyük hissəsini, dron istehsalı sexlərini, İsraillə sərhəd boyunca hücum tunellərini itirib, ancaq güclü silahlı dəstə olaraq qalır", – bunu Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi və təhlükəsizlik məsələləri üzrə analitiki Saşa Bruxmann bildirib.

Qonşu İraqda isə iranmeylli silahlı qruplar intiharçı döyüşçülər üçün böyük toplanış kampaniyasına başlayıblar. Bu qruplardan biri – "Kətaib Hizbullah"ın lideri yanvarın 25-də döyüşçülərini müharibəyə hazır olmağa çağırıb.

"İraqı bu münaqişəyə cəlb etmək onlara siyasi baxımdan baha başa gələ bilər. Amma [İranın ali rəhbəri Əli] Xamenei öldürülərsə və ya rejim özünün süqutuna inanarsa, onda hər şey mümkündür, çünki İraqda şiə silahlı qruplarının bir qismi Xameneiyə sədaqət andı içib", – Bruxmann deyir.

Yəməndə isə husilər ABŞ ilə ötənilki atəşkəs razılaşmasından çıxa biləcəkləri ilə hədələyiblər. Razılaşmaya görə, husilər Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə raket və dron hücumlarını dayandırmağa razılaşıb, ABŞ isə bunun qarşılığında qrupa hava zərbələrini sonlandırmağı vəd edib.

Nyu-Yorkda yerləşən "Soufan Center" analitik mərkəzinin icraçı direktoru Kolin Klark deyib ki, İrana daha bir hücum vaxtı "müqavimət oxu" susarsa, bu, onun əhəmiyyətini itirməsi riskini yarada bilər. "Bu proksilər rejim üçün bir növ siqnal mexanizmi kimi yaradılıb, böhran vaxtı onlardan istifadə vacib görünür", – o əlavə edib.

XS
SM
MD
LG