İranın siyasi sistemi "təməldən düzələn deyil", elə qurulub ki, daxildən mənalı islahatlar üçün hər hansı bir cəhd uğursuzluğa məhkumdur. Bunu Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi Fransanın "Liberation" qəzetinə müsahibəsində deyib.
Ebadi İranda demokratiya və proqresə əsas maneənin liderlərin mövqeyində olduğunu deyib. Onun sözlərinə görə, əsl dəyişiklikdən ötrü Ali lider Əli Xamenei hakimiyyətdən getməlidir.
İnsan hüquqları fəalı və vəkil Ebadi 2003-cü ildə Nobel Sülh Mükafatını qazanan ilk müsəlman qadın və ilk iranlı olub. 2009-cu ildən Böyük Britaniyada yaşayır.
Ebadi Qərb ölkələrinin İrana yanaşmasını tənqid edib. Deyib ki, öz maraqlarına xidmət edən siyasət və rejimlə kompromis cəhdləri yalnız status-kvonu əbədiləşdirib. O, beynəlxalq ictimaiyyəti İran xalqı ilə birləşməyə, ölkənin ali rəhbərliyinə təzyiqi artırmağa çağırıb.
Ebadi son etirazlarla bağlı deyib ki, İran xalqı artıq bu sistemi üstələyib, indi dinə bağlı olmayan, sekulyar hökumət qurmağa çalışır.
Yeniyetmə futbolçunun ölümə məhkum edildiyi deyilir
İranın şimalındakı Rəşt şəhərində 19 yaşlı futbolçu Əmirhüseyn Qədirzadənin etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edildiyi bildirilir.
AzadlıqRadiosunun fars xidmətinin məlumatına görə, Qədirzadə yanvarın 15-də evində saxlanılıb.
Qədirzadə İranın "Sepahan" yüksək liqa futbol klubunun üzvüdür. Onun bir neçə gün öncə dostları ilə etirazlarda iştirak etdiyi və pnevmatik tüfəng ilə vurulduğu bildirilir. Sonradan ailəsinin təhlükəsizliyini nəzərə alaraq nümayişlərə qatılmayıb.
Məhkəmə iclasından sonra ölüm hökmü xəbərinin ailəsinə şifahi çatdırıldığı deyilir.
Qədirzadə barəsində hökm rəsmi şəkildə, yazılı mövcud deyil, onu saxlayan qurum, işə baxan məhkəmə haqda da bilgi yoxdur.
+++
ABŞ-də yerləşən HRANA insan haqları qrupu İranda etirazlarda ölü sayının 4 mini keçdiyini bildirir. 9 mindən çox hadisə araşdırılır. Real ölü sayının 2022 və 2009-cu illərdə hakimiyyətin yatırdığı iğtişaşlardan xeyli yüksək olduğu güman edilir. Amma internetin kəsilməsi məlumatları dəqiqləşdirməyi, dəqiq sayı müəyyənləşdirməyi çətinləşdirib.
Osloda yerləşən İran İnsan Haqları Təşkilatının (IHRNGO) direktoru Mahmud Əmiri Müqəddəm isə deyib ki, dəlillər ölən etirazçıların sayının hətta medianın yazdığı ən yüksək rəqəmi belə aşa bilər. "İslam Respublikası, şübhəsiz ki, dövrümüzün ən böyük kütləvi etirazçı qırğınlarından birini həyata keçirib", – o əlavə edib.