ABŞ prezidenti Donald Tramp deyir ki, İranın müxalifət fiquru Rza Pəhləvi "çox xoş biri kimi görünür", amma onun İranda yetərincə dəstək toplayıb hakimiyyəti ələ ala biləcəyinə əmin deyil.
Tramp yanvarın 14-də Oval ofisdə "Reuters"ə eksklüziv müsahibədə İranın dini hakimiyyətinin çökə biləcəyi ehtimalından danışıb.
Tramp dəfələrlə İranda etirazçılara zorakılığın qarşısını almaq üçün müdaxilə ilə hədələyib. Etirazlarda minlərlə insanın öldürüldüyü bildirilir.
"O, çox xoş biri kimi görünür, amma öz ölkəsində necə qarşılanacağını bilmirəm. Və biz hələ o mərhələdə deyilik", –Tramp deyib.
"Mən onun ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm. Əlbəttə, əgər qəbul etsəydilər, bu, mənim üçün problem olmazdı", – o əlavə edib.
"Reuters" yazır ki, Tramp ötən həftə Pəhləvi ilə görüşmək planının olmadığını deyirdi. Amma onun 1979-cu ildə hakimiyyətdən devrilmiş İran şahının oğluna tam dəstək verməməsi Pəhləvinin İranı idarə etmək qabiliyyətini açıq şəkildə sual altına alması kimi qiymətləndirilir.
65 yaşlı Pəhləvi ABŞ-də yaşayır. İran müxalifəti bir-biri ilə rəqabət aparan qruplar və ideoloji cərəyanlardan ibarətdir, Pəhləvini dəstəkləyən monarxistlər də onlardan biridir. İranın özündə bu qrupların heç biri təşkilatlanmayıb.
Tramp onu da deyib ki, Tehrandakı hökumətin etirazlardan dolayı süqutu mümkündür, əslində "istənilən rejim çökə bilər".
"Çöküb-çökməməsindən asılı olmayaraq, maraqlı bir zaman kəsimi olacaq", – o əlavə edib.
Zelenskini sülhə əsas əngəl sayır
D.Tramp Rusiyanın Ukraynaya qarşı dörd ilə yaxındır təcavüzkar müharibənin həllində əsas əngəlin prezident Volodimir Zelenski olduğunu söyləyib. Seçki kampaniyasında müharibəni bir günə bitirə biləcəyini iddia edən Tramp zaman-zaman həm Rusiya prezidenti Vladimir Putini, həm də Zelenskini tez-tez tənqid edib. Amma "Reuters"ə müsahibəsində Ukrayna prezidentinin sülh prosesini yubatdığını deyib.
Trampın sözlərinə görə, Putin razılaşma bağlamağa hazırdır. Gecikmənin səbəbi soruşulduqda isə Tramp sadəcə belə deyib: "Zelenski".
"Biz prezident Zelenskini buna razı salmalıyıq", – o bildirib.
Tramp yanvarın 15-də Ağ evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşəcək. Yanvarın 3-də ABŞ Venesuela prezidenti Nikolas Maduronu ələ keçirib, o, hazırda Nyu-Yorkda həbsxanadadır. O vaxtdan bəri Tramp ilk dəfə Venesuela müxalifətinin lideri ilə görüşəcək.
"O, çox xoş bir qadındır. Onu televiziyada görmüşəm. Düşünürəm ki, sadəcə əsas mövzuları müzakirə edəcəyik", – Tramp Maçado barədə deyib.
Maçado ötən il aldığı Nobel Sülh Mükafatını Trampa həsr edib. O, mükafatı Trampa verməyi təklif etsə də, Nobel Komitəsi sülh mükafatını ötürməyin mümkün olmadığını bildirib.
Tramp Maduronun vitse-prezidenti olmuş, hazırda Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesi tərifləyib, yanvarın 13-də onunla "çox maraqlı" söhbət etdiyini, onunla işləməyin çox yaxşı olduğunu deyib.