Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə telefonla danışır. Kreml yanvarın 16-da bildirib ki, İran prezidenti Putinə Tehranın ölkədə vəziyyəti normallaşdırmağa yönəlik davamlı səyləri barədə məlumat verib. İranda təhlükəsizlik qüvvələri hökumətə qarşı çıxan etirazçılara amansız divan tutur. İnsan haqları qrupları minlərlə insanın öldürüldüyünü bildirir.
Kreml bildirib ki, "iki lider Rusiya ilə İran arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə, müxtəlif sahələrdə birgə iqtisadi layihələri gerçəkləşdirməyə qarşılıqlı sadiq olduqlarını təsdiqləyiblər".
ABŞ-nin BMT-dəki səfiri: 'İran rejimi öz xalqından qorxur'
Birləşmiş Ştatlar İrandakı etirazçılara dəstək verir, prezident Donald Tramp "qırğını dayandırmaq üçün bütün seçimlərin masada olduğunu açıq bildirib". Bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts söyləyib.
"Prezident Tramp hərəkət adamıdır, BMT-də gördüyümüz kimi sonsuz danışmır. O, qırğını dayandırmaq üçün bütün seçimlərin masada olduğunu açıq bildirib", – Uolts yanvarın 15-də Vaşinqtonun tələbi ilə keçirilən Təhlükəsizlik Şurası iclasında deyib.
Uolts İran hakimiyyətinin ölkədəki etirazların xarici dövlətlərin planı olması iddialarına cavabında deyib ki, Tehrandakı sərt rejim "İran xalqının küçələrdəki gücünü görərək bu yalanları ortaya atır".
"Dünyada hər kəs bilməlidir ki, rejim əvvəlkindən daha zəifdir... Onlar qorxurlar. Öz xalqından qorxurlar", – o əlavə edib.
İran hakimiyyəti yanvarın 14-nə təyin etdiyi 800 edamı dayandırıb. Bunu isə Ağ evin sözçüsü Kerolayn Livitt deyib. O, ABŞ-nin müdaxiləsini də istisna etməyib.
Tramp administrasiyası durumu yaxından izləyir, – sözçü yanvarın 15-də jurnalistlərə söyləyib.
O, ABŞ prezidentinin İran rejiminə etirazçıların öldürülməsi davam edərsə, ciddi nəticələrlə bağlı xəbərdarlığını da yada salıb.
"Bütün seçimlər açıq qalır", – o əlavə edib.
HRW İranda qətliamların "misilsiz" olduğunu deyir
İranda təhlükəsizlik qüvvələrinin etirazçıları kütləvi öldürməsinə dair dəlillər artır. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı deyir.
Qurum bildirir ki, "təhlükəsizlik qüvvələri etirazçılara ölümcül təzyiqləri koordinasiyalı şəkildə artırıb... bu da ölkə boyunca etirazçıların, yoldan keçənlərin kütləvi qətlinə, yaralanmasına səbəb olub". Kommunikasiyaya sərt məhdudiyyətlər isə qətllərin tam miqyasını müstəqil təsdiqlətməyə imkan vermir, - bəyanatda deyilir.
HRW bir çox dəlili araşdırdığını bildirib – buraya təsdiqlənmiş foto və videolar, şahidlər və qurbanların yaxınları ilə müsahibələr, ekspertiza təhlilləri daxildir. Qurum çox sayda etirazçının baş və bədənlərinə atəş açılaraq öldürüldüyünü və ya yaralandığını bildirir. Elə İran rəsmiləri də minlərlə insanın öldürüldüyünü etiraf ediblər.
"Human Rights Watch"un proqram direktoru Lama Fakih ölkədə kütləvi qətliamların "misilsiz" olduğunu deyib. Onun təbirincə, öz xalqını qətlə yetirənlər məsuliyyətə cəlb olunmayınca qəddarlığı davam etdirəcək. O, BMT İnsan Haqları Şurasının xüsusi iclasını keçirməyə çağırıb.
15 yanvar
ABŞ İran rəsmilərinə sanksiyalar açıqlayır
ABŞ İranda etirazların zorakılıqla yatırılmasında və neft gəlirlərinin yuyulmasında ittiham olunan İran rəsmilərinə və bank şəbəkələrinə sanksiyalar tətbiq edib. Bu haqda yanvarın 15-də ABŞ-nin maliyyə naziri Skott Bessent danışıb.
"Prezident Trampın göstərişi ilə Maliyyə Nazirliyi İran xalqına qarşı qəddar repressiyalarda əli olan əsas liderlərə sanksiya tətbiq edir", – Bessent bəyanatında bildirib.
"İnsan haqlarını zalımcasına əsarətdə saxlayan rejim üzvlərini hədəfə almaq üçün Maliyyə Nazirliyi bütün vasitələrdən istifadə edəcək", – o əlavə edib.
İran Erfan Soltaninin ölüm cəzasına məhkum edilmədiyini deyir
İran etirazçı Erfan Soltaninin ölüm cəzasına məhkum edilməsi ilə bağlı məlumatları təkzib edib. Həmin məlumatları onun ailəsi insan haqları təşkilatları ilə bölüşmüşdü.
Ölkənin məhkəmə hakimiyyəti bildirib ki, bu xəbərləri xaricdəki müxalif media qurumları "uydurub" və Soltani hazırda Kərəcdəki Mərkəzi Həbsxanada saxlanılır.
Rəsmi məlumata görə, Soltani yanvarın 10-da etirazlar zamanı saxlanılıb, ona "ölkənin daxili təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik", "rejim əleyhinə təbliğat" ittihamları irəli sürülüb.
Soltaninin ailəsi isə 26 yaşlı gəncin yanvarın 8-də Fərdis şəhərindəki evində saxlanıldığını bildirib.
İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzinin açıqlamasına görə, "ittihamlar təsdiqlənərsə və hüquqi hökm çıxarılarsa, qanunda nəzərdə tutulan cəza həbsdir və, ümumiyyətlə, qanunda bu cür ittiham üçün ölüm cəzası nəzərdə tutulmayıb".
Soltaninin ailəsi isə insan haqları qurumlarına demişdilər ki, məhkəmə orqanları onlara ölüm hökmünün çıxarıldığını və qəti olduğunu, yanvarın 14-də icra ediləcəyini bildiriblər.
Bundan öncə ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini etirazçıların edamından çəkinməyə çağırıb, əks halda, sərt tədbirlərlə hədələyib.
Dövlət Departamenti İranda etirazçıların dronlarla izlənməsinə reaksiya verib
ABŞ Dövlət Departamenti X sosial şəbəkəsindəki farsdilli hesabında İran hökumətinin etirazçıları izləmək məqsədilə hərbi dronlardan istifadə etməsinə münasibət bildirib.
"Bu etirazlar vaxtı İran rejimi dinc etirazçılara qarşı hərbi dron texnologiyasından istifadə edib. Bu dronlar şəxslərin müəyyənləşdirilməsi, izlənməsi və təqibindən ötrü tətbiq olunur ki, təhlükəsizlik qüvvələri onları həbs edə bilsin", – yanvarın 15-də paylaşılmış postda deyilir.
"İran İslam Respublikası rejimi İran vətəndaşlarını düşmən döyüşçülər kimi görür, onlara qarşı müharibə aparır. Dünya bu rejimin nə etdiyini izləyir və bunu unutmayacaq", – ABŞ Dövlət Departamenti əlavə edib.
İranda internetin kəsilməsinə baxmayaraq, daha öncə bir sıra şahidlər də oxşar açıqlamalar veriblər.
Yanvarın 15-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ-nin xahişi ilə İrandakı durumla bağlı fövqəladə iclas keçirəcək.
Tramp: İran edamları dayandırıb
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin etirazçıların edamını dayandırdığını deyir. Tramp bu haqda yanvarın 14-də jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ İranda qətllərin dayandırıldığı haqda bilgi əldə edib.
"Mənə dedilər ki, bunu etibarlı mənbələr bildirib", – Tramp söyləyib.
Prezident xəbərdarlıq edib ki, edamlar yenə də başlasa, Vaşinqton İrana qarşı çox sərt tədbirlər görəcək.
ABŞ və insan hüquqları təşkilatlarının məlumatına görə, İran yanvarın 14-də Erfan Soltani adlı 26 yaşlı ilk etirazçını edam etməyi planlaşdırırdı.
Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu Soltaninin qohumlarına istinadla yazıb ki, yanvarın 14-də axşamadək Soltani edam olunmayıb, amma "ciddi narahatlıq qalmaqdadır".
ABŞ-də yerləşən HRANA insan haqlarını monitorinq qrupu yanvarın 13-də özünün təsdiqlətdiyi məlumata əsasən İranda etirazlar başlayandan azı 2 min 400 etirazçının öldürüldüyünü bildirib. 18 mindən çox insan saxlanıb. Bir çox mənbələr real ölü sayının bir neçə dəfə çox ola biləcəyini deyirlər.
Tramp hökumətə qarşı çıxan etirazçıların öldürülməsini pisləyib. O, daha öncə bir neçə dəfə xəbərdarlıq edib ki, Vaşinqton ölümlərin qarşısını almaq üçün müdaxilə edə bilər.
Vaşinqton Tehrana müxtəlif təzyiq variantlarını nəzərdən keçirir – yeni sanksiyaların tətbiqindən tutmuş, hərbi zərbələrə qədər. "Reuters" Avropadakı mənbəyə istinadla yanvarın 14-də xəbər verib ki, ABŞ bir sutka ərzində İrana zərbə endirə bilər. Bu fonda Birləşmiş Ştatlar Yaxın Şərqdəki ən böyük hərbi bazasından hərbçiləri çıxarmağa başlayıb.
"NetBlocks" internet monitorinq qrupu yanvarın 14-də İranda internetin hələ də bərpa olunmadığını bildirib.
"Artıq 132 saatdır internet kəsilib, ilkin məlumatlar minlərlə itkinin olduğunu göstərir. Əlaqənin kəsilməsi ilə qətllərin real miqyası ört-basdır olunur", – məlumatda deyilir.