Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:24

Keçmiş icra başçısının oğlunun qətlinə görə 22 ildir həbsdə olan şəxsin anası: 'Güman ki, sifariş var...'


Vüqar Əliyev
Vüqar Əliyev

Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq birinci müavini Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev 22 ildir həbsdədir. O, azadlığa çıxmaqdan ötrü bir daha məhkəməyə üz tutsa da, bugünlərdə yenə rədd cavabı alıb.

V.Əliyev 2003-cü ilin mayından həbsdədir. O zaman onun 22 yaşı vardı. Ruslan Aslanovun ölümünə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ona ömürlük həbs cəzası kəsilmişdi. Ancaq 2021-ci ildə prezidentin əfv sərəncamıyla onun cəzası 25 illik həbslə əvəzləndi.

V.Əliyev 25 illik cəzanın da dörddə üç bölümünü çəkdiyinə dayanaraq vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə üz tutsa da, Qaradağ rayon Məhkəməsi zərərçəkmiş tərəflə barışığın olmamasını əsas gətirib və onun ərizəsini təmin etməyib. V.Əliyevin qərardan verdiyi şikayətə martın 5-də Bakı Apellyasiya Məhkəməsində baxılıb, ancaq nəticə dəyişməyib və qərar qüvvədə saxlanılıb.

Məhkumun anası Məlahət İsmayılova bu qərarı ədalətsiz sayır. Onun fikrincə, oğlunu sifarişlə azadlığa çıxmağa qoymurlar.

Bu işlə bağlı Avropa Məhkəməsinin də qərarı var

M.İsmayılova yada salır ki, Avropa Məhkəməsi də V.Əliyevin işi üzrə məhkəmə prosesinin obyektiv, ədalətli keçirilmədiyini təsdiqləyib.

Avropa Məhkəməsi ötən ilin iyununda V.Əliyev haqqındakı hökmdən verilmiş şikayət üzrə qərar çıxarıb. Qərarda V.Əliyevin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Bu pozuntuya görə hökumətin üzərinə ona 5 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyulub.

Avropa Məhkəməsinin qərarından sonra V.Əliyev işinə yenidən baxılmasından ötrü Ali Məhkəmənin Plenumuna müraciət edib: "Hələ ki, Plenumdan xəbər yoxdur. Vüqarın əfv olunub azadlığa buraxılması üçün müraciət etmək istəyirik, deyirlər ki, olmaz. Çünki bir dəfə əfv olunub – ömürlük 25 illə əvəzlənib. Bu adamın gəncliyi çürüdü. Həbsxanada davranışına görə ona təşəkkürnamə verilib. Bu adamı niyə daha çox çürüdürlər orada? Güman ki, sifariş var, o üzdən buraxmırlar".

Lamiyə Quliyeva azad edilib
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00


V.Əliyev 2003-cü ildə 15 yaşlı nişanlısı Lamiyə Quliyeva ilə birlikdə həbs olunmuşdu. Onların hər ikisi icra başçısının oğlunu qətlə yetirməkdə suçlanırdı.

O zaman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyiylə hər ikisi haqqında qanunda nəzərdə tutulan ən ağır cəza hökmü çıxarılmış, V.Əliyevə ömürlük, L.Quliyevaya isə 10 il həbs cəzası kəsilmişdi.

L.Quliyeva yetkinlik yaşına çatmadığından ona 10 ildən yuxarı cəza verilməsi mümkün deyildi.

Bu hökmlə V.Əliyevin özüylə yanaşı, atası İbrahim İsmayılov da məhkəmə zalında həbs olunmuş və 4 il həbs cəzası almışdı.

Xatırlatma

Cinayət işində qətlin səbəbi kimi İ.İsmayılovun özbaşına torpaq zəbt etdiyinə görə icra başçısıyla aralarında konflikt yarandığı göstərilmişdi. İstintaqın versiyasına görə, oğlu da elə bu üzdən qisas almaqdan ötrü icra başçısının övladını öldürüb.

L.Quliyeva isə məhkəməyə ifadəsində bildirmişdi ki, R.Aslanov ona təcavüz etdiyindən onu qətlə yetirib. Onun sözlərinə görə, icra başçısının nüfuzuna görə cinayətin gerçək səbəbini ört-basdır edilir, torpaq mübahisəsiylə bağlı yalan motiv yaradılır.

L.Quliyeva 10 illik cəza bitəndən sonra da azadlığa buraxılmayıb. Onun haqqında Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsiylə cinayət işi başlanıb və cəzası artırılıb. Saxlandığı həbsxanada 2014-cü ildə onun övladı dünyaya gəlib. Bu xəbər mediada yayılıb, eyni zamanda, A.Aslanovun oğlunun qətlində suçlanan şəxslərin həbsdən çıxmasına imkan vermədiyi də vurğulanıb. Məsələ gündəmə gələndən sonra L.Quliyeva 2015-ci ilin fevralında azadlığa buraxılıb.

A.Aslanov YAP Siyasi Şurasının üzvü olub. O, 1993-2005-ci illərdə Şəmkirin icra başçısı, ardından 2013-cü ilədək Kənd Təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2018-ci ildə 56 yaşında vəfat edib.

XS
SM
MD
LG