Kiyev və Vaşinqton arasında son gərginlik və Rusiya-Ukrayna cəbhəsində döyüşlərin intensivləşməsi fonunda Ukrayna və ABŞ-nin yüksəkrütbəli rəsmiləri Səudiyyə Ərəbistanında görüşüblər. Görüşün əsas mövzusu Rusiya və Ukrayna arasındakı müharibənin necə sonlandırılmasıdır.
Martın 11-də Ciddədə keçirilən birgünlük danışıqlarda Kiyevin gündəmində duran məsələlər "Ukraynanın maraqlarının qorunması" və müharibəyə son qoyulması ilə bağlı "aydın" baxışdır. Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri, prezident Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yermak bildirib.
"Rusiya Federasiyasının ölkəmə qarşı apardığı üçillik müharibədə atəşkəs heç vaxt bu qədər yaxın olmayıb", -- Yermak martın 11-də "The Guardian" qəzetində dərc olunmuş məqaləsində yazıb.
"Ukraynada atəşkəs yalnız diplomatik jestlərlə əldə olunmayacaq. Bu, müharibənin yenidən alovlandırılmasının bədəlini artırmaq üçün Rusiyaya qarşı siyasi və maliyyə təzyiqlərini də əhatə edir", - o əlavə edib.
Bu görüş Zelenski və ABŞ prezidenti Tramp arasında Oval kabinetdə son mübahisədən 11 gün sonra baş tutub. Fevraldakı həmin gərgin görüşdən sonra Vaşinqton Ukraynaya hərbi yardımı dayandırıb və kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırıb.
Ukrayna parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Oleksandr Merejko AzadlıqRadiosuna deyib ki, bu görüş "yeni Tramp administrasiyası ilə Ukrayna arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində ilk addım" və Zelenski ilə Tramp arasında "birbaşa görüş" kimi qiymətləndirilməlidir.
"Mən amerikalı dostlarımızdan Trampdan Ukrayna ilə bağlı, Rusiyanın təcavüzünün qarşısının alınması ilə bağlı hər hansı strategiyanın olub-olmadığını eşidəcəyimizi gözləyirəm. ;prezident Trampın son açıqlamaları çoxlu suallar doğurur", - o deyib.
Danışıqlardan sonra ABŞ-nin hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə hazır olub-olmaması hələ də məlum deyil. Görüşdən əvvəl Tramp bildirib ki, onun administrasiyası Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə verdiyi fasiləyə "az qala" son qoyub.
ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Hörbst bildirib ki, kəşfiyyat sahəsində əməkdaşlığın bərpası Kiyev üçün müsbət nəticə kimi qiymətləndirilməlidir.
"Əgər danışıqlardan sonra bu (kəşfiyyat məlumatlarına məhdudiyyət) aradan qaldırılsa, yaxşı haldır", - Hörbst AzadlıqRadiosuna bildirib. "Əgər ləğv edilməsə, bu, Trampın Ukraynaya təzyiq siyasətinin davam edəcəyinə işarədir".
ABŞ Ukrayna ilə danışıqlarda nəyə nail olmaq istəyir?
ABŞ nümayəndə heyətinə rəhbərlik edən dövlət katibi Marko Rubio deyib ki, danışıqlar Ukraynanın sülh sazişində nəyi güzəştə getməyə hazır olduğunu aydınlaşdırmağa yönələcək. O, müharibəni dayandırmaq üçün Ukraynanın Rusiyanın hazırda işğal etdiyi ərazilərlə bağlı güzəştə getməli olacağını bir daha vurğulayıb.
Rubio martın 10-da Ciddəyə uçarkən jurnalistlərə bildirib: "Buradan ayrılarkən ən vacib şey Ukraynanın çətin addımlar atmağa hazır olduğuna dair güclü bir hissin olmasıdır, elə rusiyalıların da bu münaqişəni bitirmək və ya ən azından hansısa formada dayandırmaq üçün çətin addımlar atmağa məcbur olacağı kimi".
M.Rubio mümkün bir razılaşmanın necə görünəcəyinə dair təklif verməkdən imtina edib, Dövlət Departamenti isə Ciddədə mineral ehtiyatlarla bağlı sazişin imzalanması və kəşfiyyat məlumatlarının bərpa edilməsi məsələlərinin müzakirə olunub-olunmayacağına dair şərh verməyib.
"Bu müharibənin sona çatmasının yeganə yolu həm Rusiya, həm də Ukraynanın danışıqlar masasına gəlməsi və həm Rusiya, həm də Ukraynanın çətin qərarlar qəbul etməli olmasıdır. Hər iki tərəf sülhə ciddi yanaşırsa, bunu danışıqlarda iştirakla tez bir zamanda ortaya çıxaracaq", - Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosuna deyib.
ABŞ dövlət katibi bildirib ki, Kiyev və Moskvanın güzəştləri diplomatiyanın mərkəzində olacaq və Rusiya ilə gələcək danışıqlar Kremlin nəyi güzəştə gedəcəyini müəyyən etmək üçün zəruri olacaq.
Səudiyyə Ərəbistanında masada nə müzakirə olunur?
ABŞ-nin diqqəti Kiyevin sülh razılaşması çərçivəsində nəyə razı olmağa hazır olduğuna yönəlib.
Görüşlərdən əvvəl Kiyev hava hücumları və dənizdəki döyüşlər üçün atəşkəsi qəbul etməyə hazır olduğunu, lakin, hələlik, cəbhə xəttindəki quru döyüşlər üçün atəşkəsə razı olmadığını bildirib.
Danışıqlara Ukraynanın xarici işlər naziri və ABŞ-nin milli təhlükəsizlik müşaviri də qatılıb.
Ər-Riyadda Trampın Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etmiş Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Ciddədəki görüşdə yoxdur. Uitkoffun bu həftənin sonunda Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcəyi bildirilir.
Müzakirə olunacağı iddia edilən məsələlərə Ukraynanın ərazi güzəştləri, atəşkəsə nail olunması və Ukraynada potensial seçkilərin keçirilməsi daxildir.
Ancaq Ukraynanın müxalifət liderləri ölkədə müharibə zamanı seçkilərin keçirilməsi ehtimalına qarşı olduqlarını bildiriblər. Onların açıqlamaları son günlər mediada ABŞ rəsmilərinin Ukrayna müxalifətinə Ukraynada seçkilərin keçirilməsi təklifini irəli sürdüyü xəbərlərinin ardından gəlib.
Amerikalı keçmiş diplomat Hörbst bildirib ki, gələcək danışıqlarda ardıcıllıq həlledici olacaq. Erkən atəşkəs gələcək sülh prosesinin əsas hissəsi ola bilər, lakin onun ardınca davamlı sülh razılaşmasına aparan addımların atılması vacibdir. Bunlar Ukraynaya davamlı hərbi yardımlar, mümkün demilitarizasiya zonası və Avropa ölkələrinin, o cümlədən onların sülhməramlı qüvvələrinin daha böyük rolunu ehtiva edir.
"Bunların hamısı ortaya atılmış ciddi fikirlərdir", - Hörbst bildirib. "Bu, ədalətli sülh olmaya bilər, çünki ədalətli sülh olsa, Ukrayna ərazisini itirmək məcburiyyətində qalmayacaq. Lakin bu, Rusiyanın təcavüzünü bərpa etməsini çox çətinləşdirən davamlı sülh ola bilər".
Sülh danışıqlarında Rusiyanın və Avropanın rolu nə olacaq?
Ukrayna və ABŞ rəsmiləri gələcək sülh danışıqları üçün imkanları qiymətləndirərkən, diqqət eyni zamanda müharibənin necə bitəcəyinə qərar verəcək digər iki oyunçuya yönəlib: Rusiya və Kiyevin avropalı müttəfiqlərinə.
Ciddə toplantısı davam edərkən 30-dan çox ölkənin yüksəkvəzifəli hərbi rəsmiləri Ukrayna üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı danışıqlar üçün martın 11-də Parisdə görüşür.
Bu ideyanın müəllifləri Fransa və Britaniyadır. Onun məqsədi Ukraynaya zəmanət vermək və mümkün atəşkəsdən sonra yeni genişmiqyaslı Rusiya hücumunun qarşısını almaqdır. Qüvvənin tərkibinə ağır silahlar və Ukraynanın müdafiəsinə dəstək vermək üçün saatlar və ya günlər içində göndərilə bilən silah ehtiyatları daxil ola bilər.
Rusiya isə indiyədək Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin razılaşmanın bir hissəsi kimi qəbul edilməsinə qarşıdır.
Kreml həmçinin sülh prosesinin bir hissəsi kimi Qərbin Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyaların ləğvindən danışır.
Keçmiş Fransa diplomatı və "Avropa Xarici Əlaqələr Şurası" beyin mərkəzinin analitiki Mari Dümolen bildirib ki, bu, Ciddə danışıqları bitdikdən sonra Avropa hökumətlərinə müəyyən təsir imkanı verəcək.
Onun sözlərinə görə, Avropa paytaxtlarında Rusiyanın hər hansı güzəştə getməyə hazır olub-olmaması ilə bağlı şübhələr var. Avropa həm Moskvada, həm də Vaşinqtonda müzakirələri formalaşdırmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti təklifindən, həm də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının ləğvi imkanından istifadə edə bilər.
"Bu, Ukraynaya danışıqlar masasında bir neçə əlavə kart qazandırır. Bu amillər Ukraynaya təqdim olunan razılaşmanın kifayət qədər yaxşı olub-olmadığını müəyyən etmək üçün manevr imkanları verə bilər", -- Dümolen AzadlıqRadiosuna bildirib.
Məqalə AzadlıqRadiosunun müxbiri Rid Stendiş tərəfindən hazırlanıb.