Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 09:03

Kursk bölgəsində Ukrayna silahlı qüvvələrinin sayılı günlərimi qalıb?


Rusiya əsgəri Kursk vilayətində Malaya Loknya üzərində Rusiya bayrağını qaldırır.
Rusiya əsgəri Kursk vilayətində Malaya Loknya üzərində Rusiya bayrağını qaldırır.

Ötən ilin avqustunda minlərlə Ukrayna əsgəri Rusiyanın qərbindəki Kursk vilayətinin təxminən 1300 kvadrat kilometr ərazisini ələ keçirib. Kiyev sonradan bu addımı gələcək danışıqlarda sövdələşmə predmeti kimi istifadə etmək və Rusiya qüvvələrini Ukraynanın şərq cəbhəsindən yayındırmaq cəhdi kimi qiymətləndirib.

Lakin yeddi aydan sonra Ukrayna oradakı mövqelərini sürətlə itirir.

"Belə bir hiss var ki, Ukrayna silahlı qüvvələri ümumilikdə Kursk vilayətini tərk etməyə hazırdır", - müstəqil hərbi analitik Yan Matveyev AzadlıqRadiosuna bildirib.

Ekspertlərin fikrincə, indi Ukraynanın Kursk ərazisindəki mövqeyi avqustdakından daha zəifdir.

Kiyev hələ də rayon mərkəzi Sudjanın və digər yaşayış məntəqələrinin çoxuna nəzarət edir. Lakin məlumatlara görə, Rusiya qüvvələri son günlər şəhərin şimalındakı müdafiə xəttini yarıb.

Bildirilir ki, Rusiya əsgərləri Sudjadakı Ukrayna mövqelərinə gizli şəkildə girmək üçün istifadəsiz qalmış yeraltı qaz kəmərindən keçiblər.

Rusiya son günlər Ukraynada sərhədboyu bir çox bölgədə irəliləyib. Məlumatlara görə, Rusiya qoşunları Ukraynanın Novenkoye kəndini ələ keçirib və Sudja ilə Ukraynanın nəzarətində olan Rusiyanın Quyevo kəndi ilə əlaqəsini kəsib.

Bu irəliləyişlər Rusiya qüvvələrini Ukraynanın əsas logistika yolu olan N07 magistralından beş kilometr məsafəyə gətirib çıxarıb. Bu isə Ukrayna qoşunlarının və texnikasının hərəkətini ciddi şəkildə çətinləşdirir.

"Düşmən əsas təchizat yollarını kəsməyə çalışır... Hazırkı hava şəraiti ikinci dərəcəli təchizat yollarının yaradılmasına mane olur – palçıqdır və maşınlar palçıqda ilişib qalır", – Ukraynanın 104-cü Ərazi Müdafiə Briqadasının dron qrupunun komandiri Anton Serbin AzadlıqRadiosuna bildirib.

Kurskın itirilməsi ABŞ prezidenti Donald Trampın irəli sürdüyü mümkün sülh danışıqları ərəfəsində Ukraynaya zərbə olardı.

Rusiyanın başqa ərazilərdəki hücumları dayanıbmı?

Rusiya Sudja yaxınlığında irəliləyiş əldə etsə də, Ukraynanın şərqindəki Donetsk bölgəsindəki hücumlar, əsasən, dayandırılıb.

Ekspertlər bildirirlər ki, Ukrayna qüvvələri əsas logistika mərkəzi - Pokrovsk yaxınlığındakı bir neçə kiçik ərazini geri alıb. Ukrayna dronlarına görə Rusiya burada ciddi logistik problemlərlə üzləşib.

Rusiyanın Kurskda Ukrayna üzərində qələbəsi Donetsk və Zaporojye vilayətlərində Rusiya hücumlarının bərpası üçün əhəmiyyətli qüvvələri azad edə bilər.

XS
SM
MD
LG