Rəsmi şəxslər və analitiklər bildirir ki, ABŞ-nin Ukraynaya kəşfiyyat yardımını məhdudlaşdırmaq qərarı Kiyevin Rusiyaya qarşı müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədəcək, amma bu, Ukraynanın müharibə səylərinin sonu deyil.
Vaşinqton martın 5-də Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırdığını açıqlayıb, bu addım ABŞ-nin Kiyevə hərbi yardımı dayandırmasından sonra atılıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff deyib ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatlarının paylaşılmasına dair fasilənin səbəbi prezident Trampın Ukrayna dövlət başçısı Zelenskinin sülhə sadiqliyi ilə bağlı narahatlığından qaynaqlanır.
Ukrayna ABŞ kəşfiyyatından necə istifadə edir?
ABŞ kəşfiyyatının Ukraynaya yardımının dəqiq həcmi, xarakteri və təsiri ictimaiyyətə açıqlanmayıb. Kəşfiyyat məlumatlarının paylaşılmasının nə dərəcədə və ya konkret hansı sahələrdə dayandırıldığı da aydın deyil.
ABŞ-nin iki müdafiə rəsmisi martın 7-də CNN-ə bildirib ki, Vaşinqton Ukraynanın müdafiə əməliyyatlarına kömək etmək üçün hələ də kəşfiyyat məlumatları paylaşır, lakin Rusiya qüvvələrinə qarşı hücum zərbələrində istifadə oluna biləcək kəşfiyyat məlumatlarının təminatını "azaldıb".
ABŞ-də yerləşən yüksəkkeyfiyyətli peyk görüntüləri təqdim edən "Maxar" şirkəti "Current Time"a bildirib ki, onun ukraynalı müştərilərinin ABŞ-nin verdiyi məlumatlara girişi məhdudlaşdırılıb.
Ekspertlər bildiriblər ki, Ukrayna ilə paylaşılan kəşfiyyat məlumatları onun ordusuna öz hücumlarını və əməliyyatlarını planlaşdırmağa, Rusiyadan gələn hava hücumlarına, eləcə də quru hücumlarına qarşı vaxtında xəbərdarlıq almağa imkan verirdi.
Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başladığı vaxtdan bəri Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə hava hücumları edir.
Ukrayna parlamentinin Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat Komitəsinin katibi Roman Kostenko deyib ki, ABŞ-nin "həyati əhəmiyyətli" kəşfiyyat məlumatlarının olmaması Ukrayna qoşunlarının və mülki şəxslərin həyatını "daha böyük təhlükə" altında qoyur.
"Biz hələ də xarici kəşfiyyat olmadan düşməni vura bilərikmi? Bəli, əlbəttə. Məsələn, biz artıq bildiyimiz stasionar hədəflərə - məsələn, uzaq aerodromlara zərbələr endirə bilərik", - keçmiş hərbi komandir olan Kostenko martın 5-də bildirib.
"Amma orada təyyarələrin olub-olmamasını, onların Ukraynaya hücum etmək üçün havaya qalxmağa hazır olub-olmamasını real vaxtda görmək üçün ABŞ kəşfiyyatına güvənirik", - o əlavə edib.
Ekspertlər AzadlıqRadiosuna bildiriblər ki, kəşfiyyat fasiləsi həm də HIMARS və ATACMS üçün hədəf məlumatlarını ehtiva edir. Bu da Ukraynanın sözügedən silahlardan Rusiyaya qarşı istifadəsinin qarşısını alacaq.
Qabaqcıl sistemlər və casuslar
ABŞ kəşfiyyatını "üstün" və "heç bir ölkə ilə müqayisə olunmaz" olaraq təsvir edən analitik Ruslan Leviyev ABŞ-nin geniş kəşfiyyat peyk şəbəkəsinə, qabaqcıl texnologiyaya və kəşfiyyat imkanlarına sərmayə qoymaq üçün daha böyük maliyyə resurslarına sahib olduğunu bildirib.
"Rusiya bombardmançıları raket atmaq üçün sərhədə doğru havaya qalxdıqda ABŞ kəşfiyyatı bunu çox əvvəldən aşkar edə bilər. ABŞ hətta Rusiyanın Müdafiə Nazirliyinin daxili əlaqələrini, uçuşların planlaşdırılması və ya müəyyən hədəflərə hücumların başlatılması ilə bağlı verilən əmrləri belə ələ keçirə bilər. Bu o deməkdir ki, ABŞ təyyarələr havaya qalxmazdan əvvəl belə, hücum haqqında məlumatlı ola bilər", – Leviyev martın 6-da AzadlıqRadiosuna bildirib.
Rusiya hərbi fəaliyyətlərini araşdıran müstəqil təşkilat "Conflict Intelligence Team"in təsisçisi olan Leviyev həmçinin ABŞ-nin casuslar cəlb etmək üçün hər hansı digər ölkədən daha çox imkanlara sahib olduğunu vurğulayıb.
"Aydındır ki, ABŞ-nin Rusiyanın Baş Qərargahında, Müdafiə Nazirliyində və prezident administrasiyasında yerləşdirilmiş casusları var və bu da, qiymətli kəşfiyyat məlumatlarının verilməsini təmin edir", - analitik əlavə edib. O qeyd edib ki, "ABŞ kəşfiyyatı həmçinin hərbi personal və bu müharibədə hərbi siyasətin formalaşdırılmasından məsul olan məmurlar arasında e-mail yazışmaları kimi elektron rabitələri də ələ keçirir".
Ukrayna kəşfiyyat məlumatlarının məhdudlaşdırılması fonunda sağ qala bilərmi?
Siyasətçilər və ekspertlər razılaşırlar ki, Vaşinqtonun kəşfiyyat yardımını qəfil məhdudlaşdırmaq qərarı Kiyevin müharibə səylərini əvvəlkindən daha çətin və əlverişsiz vəziyyətə salacaq.
Lakin bəzi ukraynalılar ümid edirlər ki, ölkə bu sahədə məlumat boşluğunu digər Qərb müttəfiqləri, eləcə də öz mənbələrindən verilən məlumatlarla doldura bilər.
Fransa Ukrayna ilə kəşfiyyat məlumatları paylaşdığını bildirib. Britaniya mətbuatının yazdığına görə, Britaniya da ABŞ-dən əldə etdiyi məlumatları ötürməsə də, Ukraynaya kəşfiyyat məlumatı verməyə davam edəcək.
Ukraynanın Belarusdakı keçmiş səfiri Roman Bezsmertnıy deyib ki, Kiyevin hücum və müdafiə əməliyyatları üçün kritik olan bütün, xüsusən də əməliyyat-taktiki kəşfiyyat məlumatlarını yalnız ABŞ agentliklərinə aid etmək doğru deyil.
"Fransa, Almaniya, Britaniya, İtaliya və Kanada oxşar kəşfiyyat məlumat toplama imkanlarına malikdir. Kəşfiyyat çatışmazlığı yoxdur və belə məlumatların əldə edilməsi problem deyil", - Bezsmertnıy martın 6-da bildirib.
Kiyevdə yerləşən "Leviathan" analitik qrupunun eksperti Mikola Melnikin sözlərinə görə, nə qədər ki, Britaniya və Fransa kimi ölkələrin kifayət qədər güclü kəşfiyyat strukturları kömək edəcək, ABŞ kəşfiyyat məlumatlarının ötürülməsindəki fasilə Kiyev üçün "fəlakət" demək deyil,
Bununla belə, bir çox ekspertlər vurğulayır ki, digər Qərb müttəfiqləri tərəfindən verilən kəşfiyyat məlumatları həcm və keyfiyyət baxımından ABŞ məlumatları ilə müqayisə edilə bilməz və ABŞ-nin pauzasında yaranan boşluğu yalnız qismən doldura bilər.
"ABŞ-dakı hərbi tərəfdaşlarımızın bizə təqdim etdiyi məlumatlar çox müxtəlif idi və onun olmamasının bizə nəyə başa gələcəyini təxmin etmək hazırda çətindir", - ukraynalı hərbi analitik Serqiy Bezkrestnov deyib.
Yazı AzadlıqRadiosunun müxbiri Fərəngiz Nəcibullah və radio ilə əməkdaşlıq edən aparıcı rusiyalı araşdırmaçı jurnalistlərdən Sergey Dobrinin tərəfindən hazırlanıb.