Ötən həftə ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq ölkənin Ukraynaya hərbi yardıma ara vermək və kəşfiyyat sahəsində əməkdaşlığı dayandırmaq haqda qərarlarını müzakirəyə çıxarıb və deyib ki, belə qərarların məqsədi Ukraynanı danışıqlara inandırmaqdır: "Bunu çatımlı olsun deyə, bir qatırı dəyənəklə burnundan vurmağa bənzədərdim. Bu halda onun diqqəti sizdə olur".
Başqa sözlə, Ukraynanın ən böyük hərbi dəstəkçisi öz dediyini zor gücünə etdirmək istəyir.
"Basqı onları diplomatik fəaliyyətə sövq etmək üçündür… Mahiyyəti də onları masa başına oturmağa məcbur etməkdir", - Kelloq martın 6-da Vaşinqtonda belə deyib.
Ukrayna prezidenti Volodimir Zelenski martın 10-da vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmək üçün Riyada yola düşür. Ardınca da onun Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşünə qatılması gözlənilir.
ABŞ dünya düzənini tərsinə çevirir?
"Onlar ən gücsüz tərəfə basqı göstərmək qərarına gəldilər", - ukraynalı politoloq və Kiyevdə yerləşən Dünya Siyasəti İnstitutunun direktoru Yevqen Maqda martın 7-də AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib və sonra da fikrini yekunlaşdırıb: "ABŞ təkcə dünya düzənini tərsinə çevirmir. Bilirsiniz, onlar siyasətin karikaturasını nümayiş etdirirlər".
Bu acı sözlər Ukraynanın Londondakı səfiri Valeri Zalujnının ötən həftə verdiyi açıqlama ilə səsləşib. Zalujnı ABŞ-ni qaydalara əsaslanan beynəlxalq düzəni məhv etməkdə suçlayıb.
Hər necə olsa da, bu həftə Ciddədə keçiriləcək danışıqlara Ukraynanın qatılması və Zelenskinin son günlərdəki danışıq ahəngi Kiyev rəsmilərinin indi əllərindəki azsaylı seçimləri qəbul etdiyini söyləməyə əsas verir.
"Bizim cümə günü Vaşinqtonda, Ağ evdəki görüşümüz gözlənildiyi kimi keçmədi. Bu, təəssüf doğurur. Mən prezident Donald Trampın güclü liderliyi ilə işləməyə hazıram", - Zelenskinin martın 4-də dediyi sözlərdir.
Oval otaqdakı görüşdə işlər tərs gedərkən Kelloq ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun düz arxasında oturmuşdu. "Mən əlverişli nöqtədə oturmuşdum" deyən Kelloq əlavə edib ki, Zelenski "otağı düzgün sezməyib".
"Oval otaqda ABŞ prezidentinə meydan oxumağa çalışa bilməzsiniz", - onun sözləridir.
Kelloqun qatır misalı xəbər başlıqlarına çıxsa da, onun digər açıqlamaları işlərin bundan sonrakı gedişatına dair Vaşinqtonun baxışlarını daha yaxşı görməyə imkan verir.
"Tramp operativ liderdir"
Əsas ilk addım fevralın 28-də Vaşinqtonda imzalanmalı olan minerallar haqda razılaşma olacaq.
"Bu bizim üçün vacib məsələdir, axı prezident Tramp operativ liderdir və operativlik iqtisadiyyatla başlayır", - Kelloq belə deyib.
O, Ukrayna rəsmilərinin başlıca "şərtlər siyahısı"nı da təqdim edəcəklərini bildirib. Onun sözlərinə görə, Rusiya artıq belə siyahısını verib: "Bizim əlimizdə, geniş mənada, rusların şərt siyahısı varmı? Bizdə ukraynalıların şərtlər siyahısı varmı? Cavab həm "hə", həm də "yox"dur...".
Təhlilçi Maqda Ukrayna öz müstəqilliyi uğrunda savaşsa da, Trampın Rusiyaya hər hansı basqı göstərməməsindən şikayətlənib.
AzadlıqRadiosunun müxbiri Rey Förlonqun hazırladığı yazıda deyilir ki, martın 7-də Tramp "Truth" sosial şəbəkəsində Rusiyaya da bir növ hədə-qorxu gəlib.
"Mən atəşkəs, yaxud SÜLH NİZAMLANMASINA DAİR YEKUN SAZİŞədək Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları, sanksiyalar və tariflər tətbiq etmək barədə düşünürəm. Rusiya və Ukrayna, çox gec olmadan - elə bu dəqiqə masa arxasına keçin", - Trampın sözləridir.
Durumun belə - bərabər statuslu iki tərəf arasındakı kimi görülməsi Ukraynadan ötrü çox ağrılıdır. Ancaq Zelenskinin aqressiya qurbanı olan ölkəsinin dəstək üçün mənəvi haqqı olduğuna Trampı inandırmaq cəhdi görməzdən gəlindi.
"Obyektiv həmsöhbət rolu"
Kelloq deyib ki, Vaşinqton özünü Ukraynanın müttəfiqi kimi aparmaqdansa "obyektiv həmsöhbət" rolunu oynayacaq. Kiyev və bir çox Avropa paytaxtında Vaşinqtonun hətta bunu belə etməyəcəyindən, öz maraqlarını Moskvanın maraqları ilə eyniləşdirəcəyindən qorxurlar. Bu cür yanaşma ötən həftə Avropanı öz müdafiə imkanlarını gücləndirmək istiqamətində addımlar atmağa sövq edib.
Zelenski son günlərdə London və Brüsseldə keçirdiyi görüşlərdə Avropa liderlərinin dəstək və həmrəylik bəyanatlarından gerçəkdən təsirlənmiş kimi görünürdü. Ukraynanın yanında olmağa dair ənənəvi bəyanatlardan başqa bu dəfə Britaniya və Fransa kəşfiyyatlarının amerikalıların qoyub getdikləri boşluğu doldurmağa cəhd göstərəcəkləri vədləri də əlavə olunub.
Ancaq reallıq ondan ibarətdir ki, bu yardım ABŞ-nin dəstəyindən geri qalır və dünyada ikinci ən yaxşı yardımdır. Bu dəstək sayəsində Ukrayna müəyyən müddət boyunca cəbhə xəttini qoruyub saxlaya bilər. Di gəl, həmin yardım ABŞ-nin buvaxtadək verdiyi dəstəyi qısa müddətdə əvəzləyə bilməyəcək.
"Biz anlamalıyıq ki, sehrli çubuğu yelləməklə (ABŞ-də istehsal olunan) "Patriot" raketlərinin Avropa ekvivalentləri… tezcə gəlməyəcək", - Maqdanın sözləridir.