Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Türkmənistan qürrələndiyi neytrallığına son qoyur


Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov
Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov

Türkmənistanın xarici siyasətdə istifadə etdiyi «neytrallıq qalxanı»nda, deyəsən, artıq dəlik açılır. Səbəb də onun Əfqanıstan münaqişəsində tədricən tərəf tutmağa başlamasıdır.

Allaberen Karyadar Əfqanıstanın Türkmənistanla sərhəddə yerləşən Jovzjan əyalətində yaşayır. O, burada «Arbaky» adlanan hökumətyönlü, yarımhərbi birləşmənin komandiridir. Allaberen Azadlıq radiosunun Türkmən xidmətinə deyib ki, Talibanın doğma kəndinə hücum etdiyini eşidər-eşitməz Türkmənistandan qayıdaraq, düşməni geri oturdub. Türkmənistana isə gözünü müalicə etdirməyə və orada olan başqa komandir yoldaşlarını görməyə gedibmiş. Özünün dediyinə görə, viza və müalicə xərcini Türkmənistan hökuməti öz üzərinə götürüb. Jovzjan əyalətinin şimal hissəsi Türkmənistan ərazisinin içərisinə girdiyindən bura Aşqabad üçün strateji cəhətdən xüsusilə əhəmiyyətlidir.

Türkmənistana kimlər, niyə baş çəkir?

Məlumata görə, bu əyalətin polis və hərbi strukturlarının rəhbərləri tez-tez Türkmənistana baş çəkirlər. Səbəb? İndiyədək Türkmənistan Əfqanıstan problemindən mümkün qədər uzaq durmağa çalışıb. Türkmən rəsmilər Əfqanıstan münaqişəsi mövzusunda danışanda həmişə siyasi qalxan kimi BMT tərəfindən tanınmış neytrallıq statuslarından istifadə ediblər. Bu qalxan son vaxtlaradək işə yarayırdı.

Hətta 2015-ci ilin oktyabrında iki ölkə arasında təbii sərhəd rolu oynayan Amu-Dərya çayında talibançılarla türkmən sərhədçiləri üz-üzə gələndə də sonuncular neytrallığı əsas gətirmişdi. Talibançıların burdan o tərəfə keçə bilməyəcəklərini söyləyəndə Taliban buna hörmət etmişdi. Ancaq deyəsən, hörmət-izzət artıq keçmir.

«Alternativ Türkmənistan» xəbər saytının iyunun 8-də yaydığı məlumata görə, mayın əvvəlində Mary və Lebap rayonlarına 27 türkmən sərhəd keşikçisinin cəsədi gətirilib. Müdafiə nazirliyindən həlak olmuş hərbçilərdən birinin valideyninə oğlunun özünə qəsd etdiyini söyləyiblər. Məlumata görə, buna inanmayan mərhumun yaxınları tabutu açdıqda cəsəddə 17 güllə yarası aşkarlayıblar.

Türkmənistan hökumətinin qapalı xüsusiyyətindən dolayı yayılan bu informasiyanı dəqiqləşdirmək mümkün olmayıb.

Rusiya müdafiə nazirinin tarixi səfərinin arxasında nələr dayanır?

İyunun 8-də başqa bir mühüm hadisə də baş verib. Rusiyanın müdafiə naziri tarixdə ilk dəfə Aşqabada səfər edib. Rusiya mediasının yaydığı xəbərə görə, danışıqlar nəticəsində Türkmənistan Rusiyadan silah almağa və hərbçilərinin rus mütəxəssislər tərəfindən təlimatlandırılmasına razılıq verib. Aşqabad uzun müddət idi ki, Moskvadan hər hansı hərbi yardım almaqdan qaçırdı və israrla bildirirdi ki, onun Əfqanıstanla sərhədə nəzarət etməkdə heç bir çətinliyi yoxdur.

Aşqabad həmçinin hərbi səfərbərlik elan etdiyi və ordusunun 70 faizini Əfqanıstanla sərhədə yığdığı barədə məlumatları da heç vaxt təsdiq etməyib. Bundan əlavə, yerli media prezident Gurbanguly Berdymukhammedovun əmri ilə mart ayında misli görünməmiş hərbi təlimlərin keçirildiyini yazmışdı. Bütün bunların fonunda Karyadarın və başqa Arbaky komandirlərinin nə üçün Türkmənistana gedib-gəldiklərini anlamaq o qədər də çətin deyil. Rəsmi Aşqabad qonşusundakı münaqişədə, nəhayət ki, tərəf tutmağa başlayıb. Bu ölkənin məşhur «pozitiv neytrallıq» siyasətini Əfqan münaqişəsinin son qurbanı hesab etmək olar.

Türkmənistanda İŞİD-ə qoşulanların sayı artır

Bu arada Rusiya Ədliyyə Nazirliyinin rəsmisi və islam dini üzrə mütəxəssis Roman Silantyev Türkmənistanda İslam Dövləti (İŞİD) qruplaşmasına qoşulanların sayının artığına diqqət çəkib. Silantiyev deyib ki, Türkmənistan Orta Asiyada ən aşağı müdafiə olunan və əhalisi ən az olan ölkədir: «Əgər Taliban İŞİD tərəfə keçərsə, bu ehtimal daha çox artır. Düzdür, indi bu iki terror qrupu arasında münasibətlər gərgindir. Ancaq onlar müttəfiq də ola bilərlər».

Roman Silantyev Türkmənistanın qonşusu olan Əfqanıstanda çoxlu sayda İŞİD dəstəkçisi olduğunu da xüsusisi vurğulayıb.

XS
SM
MD
LG