ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə qızğın mübahisədən sonra bu ölkəyə hərbi yardıma dayandırıb. Bu haqda martın 3-də media yazıb.
"Reuters" Ağ ev rəsmisinə istinadla qeyd edir ki, Birləşmiş Ştatlar Ukraynaya yardıma fasilə verir və "onun həllə töhfə verməsindən əmin olmaq üçün" təkrar nəzərdən keçirir.
Fasilə o vaxtadək davam edəcək ki, Tramp Ukrayna liderlərinin sülhə xoşməramlı sədaqət sərgilədiyini görsün, - bunu isə "Bloomberg" və "Fox News" xəbər verir.
"Bu, yardımın həmişəlik kəsilməsi demək deyil, fasilədir", – "Fox News" Tramp administrasiyasından sitat gətirir.
Bu xəbərlərdən öncə Birləşmiş Ştatlar Zelenskiyə Vaşinqtonun Ukraynada müharibəni bitirmək üçün əldə etməyə çalışdığı razılaşmaya uyğunlaşması üçün təzyiqi artırıb. Avropa liderləri isə Zelenskinin Ağ evə uğursuz səfərindən sonra daha güclü rol oynamağa cəhd edirlər.
Tramp səbrinin tükəndiyini yazıb, Zelenskinin konkret təhlükəsizlik qarantiyaları olmadan tələsik atəşkəsə dirənişini tənqid edib.
Zelenskinin martın 3-də müharibənin sonu "çox, lap çox uzaqdadır" deməsindən sonra Tramp sosial media postunda yazıb: "Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır, Amerika daha buna dözməyəcək!".
Onun sözlərinə görə, "Zelenski Amerikanın dəstəyi olduğu müddətdə orada sülh olmasını istəmir".
Trampın "Truth Social" platformasındakı postu Ağ evlə əlaqələrin bərpasının çətin olacağını göstərir. Avropa liderləri Zelenskiyə məhz bunu tövsiyə edirlər.
Söhbət nə qədər yardımdan gedir?
ABŞ-dən silah axınının istənilən formada pozulması Ukraynanın Rusiya işğalını dəf etmək şansını sürətlə zəiflədəcək. Həm də təkcə hazırda Ukraynada olan deyil, təyyarə, yaxud gəmilərlə daşınan, Polşada tranzit ərazilərdə gözləyən silahların göndərilməsi də dayandırılıb.
Qadağanın təsir göstərəcəyi hərbi yardımın dəqiq həcmi aydın deyil, ancaq Ağ ev Bayden administrasiya dövründə Konqresin təsdiqlədiyi 3.85 milyard dollarlıq silahın transferini gerçəkləşdirməyib. Tramp yanvarda vəzifəyə başlayandan yeni hərbi yardım ayrılmayıb.
Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə 2022-ci ilin fevralında başlayıb. O vaxtdan ABŞ Konqresi Ukraynaya 180 milyard dollarlıq yardım ayırıb, bunun da üçdə ikisi hərbi yardım olub.
"ABŞ yardımının dayandırılması hər şeydən öncə havadan müdafiə raketlərinə, HIMARS üçün sursata və artilleriyaya təsir göstərəcək", – ukraynalı deputat Oleksiy Qonçarenko Telegram-da yazıb.
Birləşmiş Ştatlar HIMARS və ATACMS sistemlərinin yeganə istehsalçısıdır, onlar tükənərsə, Ukraynanın Rusiyanın mövqelərindən uzağı vurması, özünün arxa mövqelərini qoruması çətinləşəcək.
Konqresdəki demokratlar yardımın dayandırılmasını pisləyiblər.
"Putini "hərbi cinayətkar" adlandıran, Ukraynaya daimi dəstək vəd edən respublikaçı həmkarlarım mənə qoşularaq Trampdan bu fəlakətli və qanunsuz dondurmanı dərhal qaldırmasını tələb etməlidirlər", – respublikaçı Qreqori Miks (Gregory Meeks) deyib.
Zelenskidən üzrxahlıq istəyirlər
Fevralın 28-də Oval kabinetdə Zelenski ilə Tramp və vitse-prezident Ceyms Devid Vens (JD Vance) jurnalistlərin qarşısında qızğın mübahisə ediblər. Bundan sonra Zelenski ABŞ ilə Ukraynanın nadir torpaq elementlərinə dair razılaşmanı imzalamadan Ağ evi tərk edib. Bundan sonra ABŞ rəsmiləri Zelenskini üzr istəməyə çağırıblar.
"Prezident Zelenskidən eşitmək istədiyimiz budur ki, baş verənlərə görə peşmandır, minerallar sazişini imzalamağa, sülh danışıqlarını aparmağa hazırdır", – Ağ evin milli təhlükəsizlik müşaviri Mayk Uolts (Mike Waltz) martın 3-də "Fox News"a deyib.
Tramp isə bundan sonra Ağ evdə jurnalistlərin minerallar sazişinin artıq gündəmdə olmaması ilə bağlı suala cavabında belə düşünmədiyini söyləyib.
Vens martın 3-də yayımlanan müsahibəsində ukraynalılar üçün qapının açıq qaldığını söyləyib. "Onlar sülh barədə danışmağa hazır olan kimi prezident Tramp telefonu qaldıracaq ilk şəxs olacaq", – Vens "Fox News"a deyib.
Zelenski zəng edib deyərsə ki, "detallarla bağlı ciddi danışmaq istəyir... onda biz, əlbəttə ki, ukraynalılarla danışıq aparmaq istəyəcəyik", – o əlavə edib.
Avropanın əndişəsi
Bütün bunlardan sonra özəlliklə Avropada mümkün sülh sazişi, yaxud atəşkəslə bağlı dərin şübhələr yaranıb. Onlar Kiyevi və qitənin qalan hissəsini Rusiyanın yenilənə biləcək təcavüzü qarşısında zəif duruma salmayacaq bir saziş istəyirlər.
Avropa liderləri Ukrayna və Rusiya arasında potensial sülh danışıqlarına daha çox nəzarət edə bilmək üçün hərəkətə keçiblər.
Vens "Fox News"a müsahibəsində onu da deyib ki, Avropa liderləri Zelenskiyə müharibənin əbədi davam edə bilməyəcəyini deməlidirlər. Onun sözlərinə görə, onlar bunu öz aralarında etiraf edirlər, amma ictimaiyyət arasında Zelenskini şişirdirlər.
Britaniyanın baş naziri Kir Starmerin sözçüsü martın 3-də deyib ki, Rusiyanın üç ildən çoxdur davam edən işğalına azından müvəqqəti son qoyacaq atəşkəs razılaşması ilə bağlı "masada bir neçə variant var".
Ondan öncə isə Fransa prezidenti Emmanuel Makron "Le Figaro" qəzetinə deyib ki, havada, dənizdə və enerji infrastrukturunda biraylıq atəşkəs müttəfiqlərə Rusiya prezidenti Vladimir Putinin tam və davamlı atəşkəsə sadiqliyini dəyərləndirməyə zaman qazandırardı.
Aİ Komissiyasının prezidenti Ursula Fon der Lyayen martın 3-də deyib ki, üzv ölkələri "Avropanı yenidən silahlandırmaq planı" haqda bilgiləndirəcək. O, müdafiənin kəskin gücləndirilməsinə dair sual olmadığını sözlərinə əlavə edib.
"Düşünülmüş eskalasiya"
Almaniyanın növbəti kansleri olacağı gözlənən Fridrix Merts isə Oval kabinetdəki görüşlə bağlı "düşünülmüş eskalasiya" sözlərini işlədib, Tramp və administrasiyasını açıq tənqid edib.
"Bu, Zelenskinin dediklərinə spontan reaksiya deyildi, aşkar düşünülmüş eskalasiya idi", – Merts martın 3-də Hamburqda mətbuat konfransında söyləyib. O əlavə edib, Avropa indi müstəqil hərəkət etmək mövqeyində olduğunu göstərməlidir.
Bütün gərginliklərə baxmayaraq, Avropa liderləri yeni ABŞ administrasiyası ilə işləməyi prioritet sayırlar.
Merts deyib ki, amerikalıları Avropada saxlamaq üçün hər şey etməyin tərəfdarıdır.