ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında üçgünlük atəşkəs razılığının əldə olunduğunu elan edib. Bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb. Sonradan həm Kiyev, həm də Moskva rəsmi olaraq bu razılaşmanı təsdiqləyiblər.
Trampın sözlərinə görə, atəşkəs mayın 9, 10 və 11-də qüvvədə olacaq və hərbi əməliyyatların dayandırılması ilə yanaşı, "1000-ə 1000" formatında hərbi əsir mübadiləsini əhatə edəcək.
Trampın yazdığına görə, müvəqqəti barışıq xahişi ilə məhz özü çıxış edib və Rusiya ilə Ukrayna prezidentləri bununla razılaşıblar.
"Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sonunun başlanğıcıdır", – deyə Tramp vurğulayıb və sülh danışıqlarında hər gün irəliləyiş olduğunu əlavə edib.
Ukrayna prezidenti Volodimir Zelenski fərman imzalayaraq 9 May Qələbə paradı vaxtı Qırmızı Meydanı Ukrayna ordusunun hücum hədəfləri siyahısından müvəqqəti çıxarıb. O, bu addımı belə əsaslandırıb: "Evlərinə qaytarıla biləcək ukraynalı əsirlərin həyatı bizim üçün Qırmızı Meydandan daha əhəmiyyətlidir".
Kremlin mətbuat katibi Dmitri Peskov fərmanı şərh edərək deyib: "Qoy vay olsun o kəsin halına ki, Qələbə Gününə istehza etməyə çalışır. Və bu cür axmaq zarafatlara əl atır. Bu, daha çox onun öz bəlasıdır". O əlavə edib ki, "bizim heç kimin icazəsinə ehtiyacımız yoxdur".
4 may
Moskvadan "paytaxtı vurarıq" hədəsi
Rusiya Müdafiə Nazirliyi Qələbə Günü münasibətilə mayın 8-dən 10-dək birtərəfli qaydada atəşkəs elan edib. Nazirlik bəyan edib ki, Moskva Ukraynanın da analoji addım atacağını gözləyir. Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, Kiyev Rusiyadakı bayram tədbirlərini və 9 May paradını pozmağa cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtının mərkəzinə irimiqyaslı raket zərbələri endirəcək.
Daha əvvəl Yerevanda səfərdə olarkən Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın Qələbə paradı ilə bağlı planlarını dəyişməsindən danışıb. O bildirib ki, parad günü Ukrayna dronlarının Moskva səmasında görünməsi tamamilə mümkündür. Rusiya Müdafiə Nazirliyi bu açıqlamaların diqqətdən qaçmadığını və vəziyyətin tam nəzarətdə saxlanıldığını bəyan edib.
29 aprel
Trampdan Putinlə bağlı açıqlama: 'Bəzi insanlar ona mane oldu'
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə aprelin 29-da baş tutan telefon danışığını müsbət qiymətləndirib. Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp bir saat yarım davam edən söhbəti "çox yaxşı" adlandırıb.
Ağ Ev rəhbəri bildirib ki, müzakirələrin əsas mövzusu Ukraynadakı münaqişə olub: "Mən Ukrayna, bir qədər də İran barədə danışdım. Bir neçə fərqli mövzuya toxunsaq da, söhbətin əsas hissəsi Ukraynaya həsr olunmuşdu".
Trampın sözlərinə görə, Putin əslində çoxdan razılığa gəlməyə hazır olsa da, "bəzi insanlar" onun sövdələşmə bağlamasına mane olub. O, Rusiya prezidentinin Ukrayna məsələsinin həllində maraqlı olduğunu vurğulayıb.
Rusiya liderinin köməkçisi Yuri Uşakov bir qədər əvvəl bildirmişdi ki, Putin Qələbə Günü münasibətilə Ukrayna müharibəsində atəşkəs elan olunmasını təklif edib və Tramp bu təşəbbüsü dəstəkləyib. Bu bayram Rusiyada mayın 9-da, Ukrayna və əksər Avropa ölkələrində isə mayın 8-də qeyd olunur.
D.Tramp vəzifəyə gəldiyi gündən Ukraynadakı müharibəyə tezliklə son qoyulmasının vacibliyini bəyan edir. Seçki kampaniyası dövründə müharibəni bir günə bitirəcəyinə söz verən Trampın vasitəçiliyi ilə bir sıra danışıqlar aparılsa da, hələlik atəşkəs əldə olunmayıb.
Hazırda sülh yolunda əsas maneə ərazi məsələsi olaraq qalır: Rusiyanın bütün Donetsk bölgəsi üzərində nəzarət tələbi Ukrayna tərəfindən qətiyyətlə rədd edilir. Sonuncu birbaşa üçtərəfli danışıqlar bu ilin fevralında — ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəl baş tutub.