Kiyev Ukrayna prezident Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə ev sahibliyi etməsi üçün Türkiyəyə rəsmi müraciət göndərib. Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa məlumat verib.
"Biz bu təkliflə Türkiyəyə və bəzi digər paytaxtlara müraciət etmişik", – Sibiqa aprelin 21-də jurnalistlərə deyib.
O əlavə edib ki, Ukrayna tərəfi Putinlə görüş üçün Belarus və Rusiyadan başqa istənilən məkanı nəzərdən keçirməyə hazırdır. Zelenski uzun müddətdir belə bir görüşün keçirilməsinə çalışır, bunun müharibənin daha tez başa çatmasına kömək edəcəyinə ümid bəsləyir. Rusiyanın Ukraynadakı işğalçı müharibəsi dörd ildən çoxdur davam edir.
Belarus Rusiyanın yaxın müttəfiqidir, 2022-ci ildə Moskvanın Ukraynaya qarşı genişmiqyaslı hücumu zamanı öz ərazisindən plasdarm kimi istifadə olunmasına icazə verib.
Sibiqa Ankaranın bu təklifə necə cavab verdiyini açıqlamayıb.
"Xüsusilə Türkiyəyə müraciət etdik. Amma Moskva və Belarusdan savayı, hər hansı digər paytaxt belə bir görüşü təşkil etsə, gedərik", – o vurğulayıb.
Bundan əvvəl Kreml Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirib, ancaq Ukrayna lideri Rusiyaya getməyəcəyini deyib.
Ərdoğan: Türkiyə danışıqları bərpa etməyə çalışır
Türkiyə Rusiya-Ukrayna danışıqlarını canlandırmağa, iki ölkənin liderlərini bir araya gətirməyə çalışır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Ankarada görüşü zamanı bildirib.
Görüşdə Ərdoğan həmçinin NATO-dakı avropalı müttəfiqlərin transatlantik təhlükəsizlik məsələlərində daha çox məsuliyyət üzərinə götürməli olduğunu vurğulayıb.