Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Tramp İranı cəzalandıracağını vəd edir, danışıqlara da yer qoyur

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp İranı "tam güclə" cəzalandırmağa davam edəcəyinə söz verib. O, Tehrana qarşı müharibənin dörd həftə davam edə biləcəyini deyib. Tramp Tehranın sağ qalan liderləri ilə əlavə danışıqlar üçün də yer qoyub.

"Son 36 saat ərzində ABŞ və tərəfdaşları "Epik Qəzəb" əməliyyatına başlayıb. Bu, dünyanın indiyədək gördüyü ən böyük, ən mürəkkəb və ən güclü hərbi əməliyyatlardan biridir", – Tramp martın 1-də "Truth Social" platformasında altı dəqiqəlik videoçıxışında bildirib.

Onun sözlərinə görə, İrandakı döyüş əməliyyatları hazırda tam gücü ilə davam edir, "bütün məqsədlərimizə çatanadək davam edəcək".

Tramp münaqişədə üç amerikalı əsgərin həlak olduğunu, onların qisasının alınacağını vəd edib.

"Təəssüf ki, daha çox itki ola bilər", – prezident xəbərdarlıq edib.

Tramp İranın təhlükəsizlik rəhbərlərinə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH), orduya və polisə silahları yerə qoyub tam toxunulmazlıq almağı təklif edib, əks halda, ölüm ilə üzləşəcəklərini deyib.

"Cəsur, qətiyyətli, qəhrəman olun"

O, iranlıları bu məqamdan yararlanmağa, "cəsur, qətiyyətli, qəhrəman" olmağa, "ölkələrini geri almağa" çağırıb.

"Amerika sizinlədir... Qalanı sizdən asılıdır", – Tramp İran ictimaiyyətinə müraciət edib. O, bir gün öncə də oxşar fikirlər səsləndirmişdi. O, fevralın 28-də demişdi ki, "biz hərbi əməliyyatı bitirdikdən sonra hökumətinizi ələ alın".

Tramp İranın ali rəhbəri Əli Xameneinin ölümünü alqışlayıb, 86 yaşlı devrilmiş avtokratı "rəzil və iyrənc" adlandırıb, ölkənin ali hərbi komandanlığının da tamamilə məhv edildiyini bildirib.

"The Daily Mail" nəşrinə müsahibəsində Tramp İranla müharibənin daha bir ay davam edə biləcəyini deyib.

"Hesab edirdik ki, təxminən dörd həftə çəkəcək. Bu, həmişə dörd həftəlik proses olub. Belə böyük və güclü ölkədə dörd həftə çəkəcək, yaxud daha az", – Tramp telefonla müsahibəsində deyib.

O, İranın yeni rəhbərliyi ilə danışıqlar üçün imkanın qaldığını da əlavə edib, əvvəlki danışıqların dalana dirəndiyini vurğulayıb: "Bilmirəm. Onlar danışmaq istəyirlər, amma dedim ki, keçən həftə danışmalı idiniz, bu həftə yox".

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bildirib ki, Tehran Vaşinqtonla danışıqlar aparmayacaq.

Laricani martın 2-si səhər X platformasında paylaşımında yazıb: "Biz ABŞ ilə danışıqlar aparmayacağıq".

"Bu gün İran xalqı özünü müdafiə edir", – o əlavə edib.

Ötən həftə Cenevrədə İranın nüvə proqramı üzrə danışıqlardan sonra Omanın xarici işlər naziri "əhəmiyyətli irəliləyiş" gördüyünü demişdi.

Fevralın 28-də isə ABŞ və İsrail İrana qabaqlayıcı hərbi zərbələr endirdiyini bildirib.

Tramp Tehranı nüvə proqramını yenidən qurmağa çalışmaqda ittiham edir. Ötən iyunda 12 günlük İran-İsrail müharibəsi vaxtı ABŞ İranın əsas nüvə obyektlərini bombalamışdı.

Vaşinqton və Təl-Əviv Tehranın atom silahı hazırlamaq istədiyini deyir, Tehran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Xameneinin varisi seçilənədək İranı idarə etmək üçün müvəqqəti şura yaradılıb. 88 üzvü olan Ekspertlər Məclisi yeni ali dini lider seçənədək ölkəni bu şura idarə edəcək.

Regionda partlayışlar

Bu arada regionda İranda, İsraildə, ABŞ hərbi obyektlərinin yerləşdiyi bir neçə Yaxın Şərq ölkəsində partlayışlar baş verir.

İsrailin baş naziri Binyamin Netanyahu də yaxın günlərdə İrana hava zərbələrinin gücləndiriləcəyini bildirib.

Britaniya, Fransa və İtaliya liderləri isə Körfəz regionundakı maraqlarını qorumaq üçün zərurət yaranarsa, İrana qarşı müdafiə tədbirləri görəcəklərini bildiriblər.

Tehran isə Fars körfəzi ətrafındakı hədəflərə raketlər atmağa davam edib.

Martın 2-si səhər saatlarında Küveytdə güclü partlayış səsləri və siqnallar eşidilib. Artıq üçüncü gündür bu davam edir.

Qüdsdən təxminən 40 kilometr qərbdə yerləşən Beyt-Şemeş şəhərinə raket zərbəsindən isə bir neçə nəfər həlak olub.

Martın 1-də Dubayda və Qətərin paytaxtı Dohada da partlayışlar davam edib. Birləşmiş Ərəb Əmirlikləri İranın indiyədək 165 ballistik raket və 54 dron buraxdığını açıqlayıb. Ölkənin müdafiə nazirliyi onların əksəriyyəti zərərsizləşdirilib, ancaq raketlərin üç nəfərin həyatına son qoyduğunu, 58 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG