Keçid linkləri

2026, 28 Fevral, şənbə, Bakı vaxtı 22:49

Trampın İranda son məqsədi nədir. İslam respublikası çökəcəkmi

İranda ABŞ-İsrail zərbələrinə qarşı etirazlar
İranda ABŞ-İsrail zərbələrinə qarşı etirazlar

Fevralın 28-də ABŞ və İsrail İranda hərbi obyektləri, ölkənin yüksək vəzifəli rəhbərlərinin yaşayış yerlərini bombalamağa başladı. ABŞ həftələr idi regionda sürətlə hərbi qüvvə cəmləyirdi, eyni vaxtda Tehranla nüvə proqramı ilə bağlı danışıqlar da aparılırdı.

İndi əsas sual Tramp administrasiyasının son məqsədinin nə olmasıdır.

ABŞ prezidenti Donald Trampın ritorikasında “daha yaxşı razılaşma” çağırışları da yer alıb, rejim dəyişikliyinə eyhamlar da. Fevralın 28-dəki çıxışı, zərbələrin xarakteri isə kəskin siyasət fərqini göstərir.

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi qeyd edir ki, görünür, ABŞ artıq “maksimum təzyiq”lə kifayətlənmir, İranı regional güc kimi tam neytrallaşdırmaq istəyir.

Tramp aylarla məqsədinin yeni, daha sərt nüvə sazişi əldə etmək olduğunu bildirib. İsraildən müstəqil müdafiə eksperti Maykl Horovits isə deyir ki, diplomatik yol faktiki dalana dirənmişdi.

“Vaşinqtonla Tehranın danışıqları açıq şəkildə Trampın istədiyi kimi getmirdi. Ziddiyyət o qədər böyükdür ki, onu sadəcə danışıqlar yolu ilə aradan qaldırmaq mümkün deyil”, – Horovits bildirib.

Onun fikrincə, İran rəsmiləri Trampın yeni razılaşmanı 2018-ci ildə çıxdığı nüvə sazişindən daha üstün sənəd kimi “satmasına” imkan verəcək güzəştlərə getməyə hazır deyildilər. Diplomatik imkanlar tükəndiyindən Vaşinqton əsas dəyişiklik vasitəsi kimi gücə yönəlib.

İranlılar ayağa qalxacaqmı?

ABŞ-İsrail strategiyasının əsas amili daxili üsyana bəslənən ümiddir.

Elə Tramp fevralın 28-də birbaşa İran xalqına müraciət edib, “azadlıq saatınız yaxındır” deyib, vətəndaşları hərbi mərhələ bitəndən sonra hökuməti “ələ keçirməyə” çağırıb.

Amma ötən iyunda İsraillə 12 günlük müharibə vaxtı iranlılara oxşar çağırışlar cavabsız qalmışdı. O zaman mülki əhali sağ qalmağa çalışır, sığınacaq axtarırdılar. Bu dəfə isə müttəfiqlər fərqli psixoloji mühitə ümid bəsləyə bilərlər.

Xameneinin 'B planı' – 'Ölkəni, faktiki olaraq, Əli Laricani idarə edir'
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

ABŞ-də yerləşən “United Against Nuclear Iran” Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışan təbliğat qrupudur. Təşkilatın siyasət direktoru Ceyson Brodskinin fikrincə, dövlətin gücündə aşkar zəifləmə həmin o çatışmayan katalizator rolunu oynaya bilər.

“Görünür, bir ümid onadır ki, İran xalqı küçələrə çıxacaq, rejimin zəiflədiyini görərək ona qarşı daha cəsarətli olacaq”, – Brodski bildirib.

Təhlilçinin dediyinə görə, məqsəd dövlətin narazılığı boğmaq qabiliyyətini zəiflədərək “oyun meydanını bərabərləşdirmək”, nəzəri olaraq “silahsız İran xalqına” ölkəyə sahiblənmək imkanı yaratmaqdır.

Amma Horovits küçə faktorunun həlledici olacağına ehtiyatlı yanaşır. Onun fikrincə, ABŞ və İsrail rəsmiləri etirazların yenidən alovlanmasını istisna etmirlər, ancaq zamanlama onların gözləntiləri ilə üst-üstə düşməyə bilər.

“Fikrimcə, münaqişə davam etdiyi müddətdə bunun ehtimalı azdır. Münaqişə bitəndən sonra iğtişaşların artmasını gözləmək daha realdır, amma rejim də, bacarsa, buna hazır olacaq”, – Horovits xəbərdarlıq edir.

İş bölgüsü

K.Şərifi qeyd edir ki, zərbələrin taktiki icrası iki müttəfiq arasında koordinasiyalı iş bölgüsünü göstərir; həm İranın hərbi imkanlarına, həm də rəhbərliyinə zərbələr endirilir.

Brodskinin fikrincə, ABŞ cavab zərbələrini önləmək üçün “İranın raket imkanlarını zəiflətməyə” fokuslanır. İsrail isə diqqəti “İran liderlərini aradan qaldırmağa” yönəldib. Ali dini lider ayətullah Xameneyi və prezident Məsud Pezeşkianın iqamətgahları vurulub.

Bombardmanın açılış tempi yüksək oldu. Amma əsas sual budur – hava zərbələri 47 illik teokratiyanı devirməyə yetəcəkmi? Horovits deyir ki, rejim dəyişikliyinə nail olmaq baxımından havadan zərbələr “indiyədək o qədər də uğurlu olmayıb”.

Di gəl, təhlilçi bu münaqişəni fərqləndirən amilə diqqət çəkir: Trampın eskalasiyaya meyli aşkar görünür:

“İslam Respublikasının zəif durumunu, prezident Trampın isə müəyyən zərbələri qəbul edərək daha uzun kampaniya aparmağa hazır olduğunu nəzərə alanda bu ehtimalı istisna etmirəm”.

Nəticə İranın nə qədər tez zərərsizləşdirilməsindən asılı ola bilər. Tehranın qarşılıqlı raket zərbələri endirmək, yaxud qlobal iqtisadi fəsad yaratmaq qabiliyyəti tez sıradan çıxarılsa, Vaşinqton daha cəsarətlə irəliləyə bilər. Ta ki İslam Respublikası mahiyyətini dəyişənə, yaxud daxili iğtişaşlar altında çökənədək.

XS
SM
MD
LG