Keçid linkləri

2026, 02 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:43

Xamenei 86 yaşında öldürüldü

Martın 1-nə keçən gecə İranın dövlət mediası ali lider Əli Xameneinin bir gün öncə ABŞ və İsrailin hava zərbələri ilə öldürüldüyünü təsdiqləyib.

Dövlət mediası 86 yaşlı liderin ölümünə görə 40 günlük dövlət matəminin başladığını, idarələrin, şirkətlərin yeddi gün bağlı qalacağını elan edib.

Media onun bəzi xəbərlərdə deyildiyi kimi, bunkerdə deyil, öz ofisində öldürüldüyünü bildirir.

“Tarixin ən pis adamlarından olan Xamenei öldürülüb”, – bunu ABŞ prezidenti Donald Tramp fevralın 28-də "Truth Social" platformasında yazıb.

Tramp Xameneinin ABŞ-nin İsraillə sıx işləyən kəşfiyyat və müasir izləmə sistemlərindən yayına bilmədiyini, onunla birlikdə digər liderlərin də qətlə yetirildiyini bildirib.

Trampdan öncə İsrailin baş naziri Benyamin Netanyahu Xameneinin hücumlarda öldürülməsinin “əlamətləri” olduğunu söyləyib.

İyunda gizlənmişdi

Xameneinin ölümü ölkənin digər liderlərinə böyük zərbə sayılır.

İran rəsmiləri daha öncə ali liderin öldürüldüyünü təkzib etmişdi. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi demişdi ki, Xamenei də, prezident Məsud Pezeşkian da sağıdır, komandanlığı “möhkəm idarə edir”.

Xamenei 1989-cu ildə, islam respublikasının qurucusu Ruhulla Xomeyninin ölümündən sonra ali lider postuna keçəndən İranı sərt şəkildə idarə edib.

Ötən iyunda İsraillə 12 günlük müharibə vaxtı Xamenei əsasən gizlənib, ictimaiyyət qarşısına çox az çıxıb.

O, idarəçiliyi dövründə bir neçə böhranı öhdəsindən gəlib. 1999-cu ildə tələbə etirazları, 2009-cu ildə seçkilərin nəticələrinə qarşı nümayişlər, 2019-cu ildə kütləvi etirazları güc strukturları qəddarlıqla yatırdıb.

2022-23-cü illərdə isə İranı "Qadın, Həyat, Azadlıq" etirazları çalxalayıb. 22 yaşlı kürd qadının guya hicab qaydasını pozduğuna görə saxlandıqdan sonra ölümü etirazlara səbəb olub.

İran lideri kim olacaq?

ABŞ televiziyası Trampdan soruşub ki, ABŞ İran rəhbərliyinin digər üzvlərinin də hava zərbələrində öldürüldüyünə inanırmı.

“Çoxu öldürülüb. Bütün qərarları verənlərin çoxu artıq yoxdur”, – NBC-yə görə Tramp deyib.

Prezidentin dediyinə görə, ABŞ rəsmilərinin hakimiyyətdəki vəzifələri kimin dolduracağı barədə “yaxşı fikirləri var”, amma detallı danışmayıb.

Xameneinin 'B planı' – 'Ölkəni, faktiki olaraq, Əli Laricani idarə edir'
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Yaddaşlarda necə qalacaq?

Tərəfdarları Xameneini müdrik rəhbər, tənqidçiləri diktaror adlandırırdılar. O, islam inqilabının monumental siması kimi xatırlanacaq.

Xamenei öz xalqına qarşı güc tətbiq edib, hakimiyyət daxilindəki müxalif fiqurları həbs etdirib, xüsusilə ABŞ və İsrailin təsirinə çılğın müqavimət göstərib. Bütün bunlar isə onun ölkəsini beynəlxalq təcridə aparan, sərt və güzəştsiz avtoritar kimi irsini formalaşdırıb. Bunu AzadlıqRadiosunun jurnalistləri Kian Şərifi və Gülnaz İsfəndiyari yazırlar.

“Tarix Xamenei hakimiyyətinin İran xalqı üçün dərin travmatik dövr olduğunu göstərəcək. Ölkə o dərəcədə zəifləyib və təcrid olunub ki, iranlıların çoxu mühacirətə yeganə ümid yeri kimi baxıb”, –Vaşinqtondakı Yaxın Şərq İnstitutunda İran Proqramının direktoru Aleks Vatanka belə deyib.

Xamenei hakimiyyətinin son illəri hökumətə qarşı etirazlar, minlərlə nümayişçinin öldürülməsi ilə yadda qalıb.

2017-ci ildə yaşayış xərclərinin artmasına, 2019-cu ildə benzin qiymətlərinə, 2021-ci ildə su qıtlığına islam rejiminə narazılığın artdığını göstərirdi. 2022-ci ildə guya hicab qanununu pozduğuna saxlandığı iddia edilən Məhsa Əmininin polis nəzarətində ölməsi ölkəboyu etirazların genişlənməsinə yol açdı.

İslam Respublikasına qarşı ən qanlı etirazlar isə 2025-ci il dekabrın sonunda başladı, 2026-cı il yanvarın əvvəlində davam etdi. İnsan haqları qrupları azı 7 min nəfərin öldürüldüyünü bildirir, amma 7 real sayın daha yüksək, hətta dörd dəfə çox ola biləcəyi güman edilir.

Amma Xamenei hakimiyyətinə qarşı narazılığa görə heç vaxt məsuliyyət götürməyib, etirazlara görə xarici qüvvələri suçladı, onların İslam Respublikasını zəiflətmək istədiyini iddia etdi.

Son söz sahibi

Gəncliyində poeziya və ədəbiyyatı həvəskarı, qəlyan çəkən, gənclərlə söhbətə maraqlı, ucaboy və arıq ruhani olan Xamenei sonradan dünyanın diqqətini çılğın, saqqallı, antiamerikan mövqeli xadim kimi çəkdi.

Vaxtilə açıq baxışlı görünən liderin hakimiyyəti dövründə repressiyalar gücləndi, İslam Respublikası getdikcə daha çox təcrid olundu.

O, onilliklər boyunca İranda bütün məsələlər üzrə son söz sahibi olub – qadınlara ictimai yerlərdə velosiped sürməyə icazə məsələsindən tutmuş, “Böyük Şeytan” adlandırdığı ABŞ-la münasibətlərin yönünədək. O, məhkəmə sistemi, dövlət yayımı, ordu kimi əsas institutlar üzərində səlahiyyət sahibi idi. Güclü İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH), İranın xof yaradan kəşfiyyat xidmətlərini arxalanırdı.

Diktatora çevrilən 'azadlıq döyüşçüsü' – Xamenei əslində kimdir?
Gözlə

No media source currently available

0:00 0:07:02 0:00

“İslam İnqilabı Keşikçiləri Korpusunu gücləndirməklə o, ölkə siyasətini hərbiləşdirdi. Ruhani isteblişmenti öz tərəfinə çəkməklə isə onun legitimliyinə zərbə vurdu”, – Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaezin fikirləridir.

Xamenei 1939-cu ildə Məşhəddə ruhani ailəsində anadan olub, ailənin ikinci oğlu idi. Dini təhsilinə erkən yaşlarında başlayıb, yeniyetməlik dövründə çılğın inqilabçı Seyid Nəvvab Səfəvidən ilhamlanıb, müqəddəs Qum şəhərində gələcək İslam Respublikasının qurucusu ayətullah Ruhulla Xomeyninin yanında təhsil alıb.

Xamenei 1962-ci ildə şah rejiminə, Tehranın ABŞ-yönlü siyasətinə qarşı çıxan Xomeyninin inqilabi hərəkatına qoşulub. Onun fəaliyyəti hakimiyyətin diqqətini çəkib və o, dəfələrlə həbs olunub.

1964-cü ildə 25 yaşlı Xamenei atasına qulluq etmək üçün Qumu tərk edir.

Məşhəddə o, Quran və islam ideologiyası üzrə dərslər keçir. Həbs olunur, işgəncələr görür, ölkə içində sürgünə göndərilir. 1979-cu il inqilabından sonra keçmiş müəllimi Xomeyni onu İslam İnqilab Şurasına təyin edir. Sonradan bir sıra yüksək vəzifələr tutur. İki müddət prezident olur, 1981-ci ildə sui-qəsd cəhdi nəticəsində sağ əli iflic olur.

1989-cu ildə Xomeyni vəfat edəndən sonra Ekspertlər Məclisi onu İranın ikinci ali rəhbəri seçir.

“Sələfi heç bir konkret siyasi fraksiyaya aid deyildi, ayətullah Xamenei isə mühafizəkar düşərgənin faktiki lideri idi. Buna görə də o, çəkişmələrə qarışmamaq, fraksiyalararası mübarizəni effektiv idarə etmək bacarığını itirdi”, – Vaez deyir.

Onun nəzarəti altında İran regiondakı təsirini “müqavimət oxu” şəbəkəsi vasitəsilə genişləndirib. Buraya Tehranın dəstəklədiyi silahlı qruplar, müttəfiq ölkələr daxildir.

2024-cü ildə Suriyada Bəşər əl-Əsəd hökumətinin süqutu, İsrailin Livanda Hizbullahın rəhbərliyini hədəf alması, Yəməndə husiləri zəiflətməsi bu şəbəkə dağılmağa başladı.

Xameneinin İranın bir çox prezidentləri ilə münasibətlərini pozulandan sonra onlar siyasi sistemdən kənarlaşdırılıblar.

Sərt xətt tərəfdarı ruhani İbrahim Rəisi istisna idi. Çoxları onu Xameneinin varisi kimi görürdü. Rəisi 2024-cü ilin mayında helikopter qəzasında həlak olub, bu isə Xameneinin varislik planlarını çətinləşdirdi.

İndi 88 üzvdən ibarət Ekspertlər Məclisi indi Xameneinin varisini təyin etməlidir.

Xameneinin dörd oğlu, bir qızı var. Onun ikinci qızının Xameneinin öldürüldüyü ABŞ və İsrail zərbələrindən həlak olduğu bildirilir.

XS
SM
MD
LG