İranda ötən ay hökumətə qarşı etirazlarda öldürülənlərin 40 mərasimləri keçirilir. AzadlıqRadiosunun fars xidməti yas mərasimlərində etirazların yenidən üzə çıxdığını yazır.
Son günlər ölkənin müxtəlif yerlərində kiçik nümayişlər keçirilir, dini rejimə qarşı şüarlar səslənib. Təhlükəsizlik qüvvələri onların qarşısını almağa çalışıb, bəzi hallarda izdihamı atəş açmaqla dağıdıb.
Dekabrın sonundan başlayan etirazlarda azı 7 min nəfərin öldürüldüyü bildirilir. Real ölü sayının daha yüksək olduğu güman edilir. Ən çox ölüm yanvarın 8-10-u arası baş verib.
Tarixən İranda iğtişaş dövründə yas mərasimlər siyasi əhəmiyyət qazanır. Bu, xüsusilə 1979-cu il islam inqilabı ərəfəsində müşahidə olunub.
"Hər ölünün arxasında"
AzadlıqRadiosunun təsdiqlətdiyi videolarda paytaxt Tehranda, Şiraz, Abdanan, Buşehr, Çalus və Nəcəfabadda kiçik etirazların keçirildiyi görünür.
Bəzi şəhərlərdə təhlükəsizlik qüvvələri etirazların daha geniş nümayişlərə çevrilməsinin qarşısını alıb. İranlılar yollarda postlar qurulduğunu, polis və yarımhərbi qüvvələrin yerləşdirildiyini, internetin fasilələrlə kəsildiyini bildirirlər.
"Hər ölünün arxasında min nəfər dayanır". Tehranın Behişti-Zəhra qəbiristanlığından fevralın 17-də yayılan videoda etirazçıların bu şüarı səsləndirdiyi eşidilir.
Fevralın 17-də Qərbi Abdanan şəhərində 16 yaşlı Əlirza Seydinin yas mərasimində etiraz aksiyası keçirilib. Yeniyetmə Tehranda nümayişdə öldürülüb. Mərasimdən yayılan videolarda "Xameneiyə ölüm" şüarı eşidilir. İranın ali dini lideri Əli Xameneidir. Videolarda təhlükəsizlik qüvvələrinin izdihamı dağıtmaq üçün havaya atəş açdığı da görünür.
Qurbanların ailələri son vaxtlar hakimiyyət orqanlarının təzyiq və təqibləri artırdığını bildiriblər. Bəziləri sorğu-suala çağrılıb, hədələnib, anım mərasimləri təşkil etmələrinin qarşısı alınıb.
Hakimiyyət nə deyir
Bu arada hakimiyyət orqanları etirazların zorakılıqla yatırdılmasına başqa yön verməyə çalışır.
Etirazçıların ölümündə İsrail və ABŞ-nin silahlandırdığı "iğtişaşçılar" və "terrorçular" ittiham olunur. Rəsmilər təxminən 3 min nəfərin öldürüldüyünü, əksəriyyətinin də təhlükəsizlik qüvvələrinin üzvləri olduğunu iddia ediblər.
Xamenei fevralın 17-də çıxışında həlak olanları "şəhidlər" adlandırıb, güllələrin hər yerdən gələ biləcəyini deyib. Bu bəyanat əvvəlki rəsmi iddialardan fərqli görünürdü.
Ali dini lider həmçinin tökülən qanlara görə yas içində olduğunu bildirib. Tənqidçilərin fikrincə, dini rejim bununla yas tədbirlərini də nəzarətə almağa çalışır.
Parisdə yaşayan iranlı analitik Rza Əlicani bunu "həyasızlıq" sayır. Onun fikrincə, ictimaiyyət etirazçıları kimin öldürməsi haqda "Xameneinin uydurması"nı rədd edib: "İran xalqının iradə və suverenliyini faktiki oğurlayan, sərvətini, təbii ehtiyatlarını və iqtisadiyyatını talamış sistem indi eyni şeyi onların şəhidləri ilə etmək istəyir".