İran və ABŞ Cenevrə danışıqlarında əsas prinsiplər üzrə anlaşma əldə ediblər, amma bu, heç də tezliklə saziş əldə olunacağı anlamına gəlmir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Fərqli ideyalar təqdim olunub, bu ideyalar ciddi müzakirə edilib, yekunda bəzi əsas prinsiplər üzrə ümumi anlaşma əldə edə bilmişik. Bundan sonra həmin prinsiplər üzrə hərəkət edəcək, potensial razılaşmanın mətnini hazırlayacağıq", – Əraqçi Cenevrə danışıqlarından sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, sənəd mübadiləsindən sonra tərəflər danışıqların üçüncü raundunun tarixini müəyyən edəcəklər.
Fevralın 17-də Cenevrədə İran və ABŞ arasında Tehranın nüvə proqramı üzrə danışıqların ikinci raundu keçirilib.
Xamenei ABŞ-nin təhdidini rədd edir
İranın ali dini lideri Əli Xamenei Cenevrə danışıqları fonunda Vaşinqtonun hərbi təhdidlərini rədd edib.
Fevralın 17-də Tehranda tərəfdarları qarşısında çıxış edən Xamenei deyib ki, İran onun sərhədləri yaxınlığına toplaşan ABŞ hərbi gəmilərini batıra bilər.
"Hərbi gəmini dənizin dibinə göndərə bilən silah ondan daha təhlükəlidir", – o, İranın raketlərini nəzərdə tutaraq bildirib.
Bir gün öncə isə ABŞ prezidenti Donald Tramp diplomatiya uğursuz olarsa, hərbi addıma eyham vurmuşdu.
"Məncə, onlar razılaşma əldə etməməyin nəticələrini görmək istəməzlər", – Tramp fevralın 16-da "Air Force One" təyyarəsində jurnalistlərə deyib.
"Biz onların nüvə potensialını sıradan çıxarmaq üçün B-2-ləri göndərmək əvəzinə razılaşma əldə edə bilərdik. Amma B-2-ləri göndərməli olduq", – o bildirib. ABŞ ötən ilin iyununda İranın nüvə obyektlərinə B-2 bombardmançıları ilə zərbə endirib.
Fevralın 13-də ABŞ prezidenti İranda rejim dəyişikliyinin "baş verə biləcək ən yaxşı şey" olacağını deyib.
Xamenei isə birbaşa Trampa müraciətlə deyib ki, o, İslam Respublikasını devirə bilməyəcək.
ABŞ Ərəbistan dənizinə hərbi qüvvələrini cəmləyir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə fevralın 16-da Hörmüz boğazında dəniz təlimlərinə başlayıb. İran mediasının yazdığına görə, məqsəd SEPAH donanmasının mümkün təhlükəsizlik və hərbi təhdidlər qarşısında əməliyyat hazırlığını yoxlamaqdır.
Tramp İran danışıqlarında 'dolayısı ilə' iştirak edəcəyini deyir
ABŞ prezidenti Donald Tramp deyir ki, fevralın 17-də Cenevrədə İran-ABŞ danışıqlarında "dolayısı ilə" iştirak edəcək. O, İranın öz nüvə proqramı üzrə saziş əldə olunmasını istədiyinə inandığını sözlərinə əlavə edib.
"Bu danışıqlara dolayısı ilə qatılacağam. Bu, çox mühümdür", – Tramp "Air Force One" təyyarəsində jurnalistlərə deyib.
Danışıqların ikinci raundunun məqsədi Tehranın nüvə proqramını məhdudlaşdırmaq, müharibənin qarşısını almaqdır.
Bu ayın əvvəlində Omanda ev sahibinin vasitəçiliyi ilə ilk raund keçirilib.
Bu arada Amerika Yaxın Şərqdə hərbi qüvvələrini artırır. Ötən ay İranda kütləvi etiraz aksiyalarından sonra tərəflər arasında gərginlik artıb. Aksiyalarda minlərlə etirazçı öldürülüb.
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Ağ evin xüsusi elçisi Stiv Uitkoff və prezident Trampın kürəkəni Cared Kuşnerlə görüşəcək. Oman təmsilçiləri isə vasitəçi kimi çıxış edəcəklər.
"Ədalətli və bərabər saziş əldə olunmasından ötrü real ideyalarla Cenevrədəyəm. Masada nəyə yer yoxdur: Təhdidlərə boyun əyməyə", – Əraqçi fevralın 16-da X platformasında yazıb. O, danışıqlara Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi ilə birlikdə gəlib.
Tehran ABŞ-nin iqtisadi sanksiyaları yumşaltması qarşılığında nüvə proqramına məhdudiyyətləri qəbul etməyə razı olduğunu deyib. Amma uranı zənginləşdirmə hüququndan əl çəkməyəcəyini əlavə edir.
Vaşinqton İranın ballistik raketlərinə məhdudiyyətləri, Tehranın Yaxın Şərqdə silahlı qüvvələrə dəstəyinə son verməsini də danışıqlarda müzakirə etməyə çalışıb, Tehran bunları rədd edib.
ABŞ və İran saziş əldə etmək üçün aralarındakı dərin etimadsızlığı və düşmənçiliyi aradan qaldırmalıdır. Digər baryer tərəflər arasında razılaşmanın siyasi bədəlinin artmasıdır.
"Bu gün islam respublikasına istənilən müsbət güzəşt son həftələr minlərlə iranlını öldürən rejimi mükafatlandırmaq demək olacaq", – Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupundan Əli Vaez AzadlıqRadiosunun fars xidmətinə deyib.
Ekspertlərin fikrincə, yeni əhatəli nüvə sazişi üzrə danışıqlar həddən artıq çətin olacaq.