ToplumTV internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəal, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev beş gündür aclıq etdiyini bildirir. Mayın 4-də keçirilən məhkəmə iclasında bu barədə məlumat verən Babayev hətta su qəbulundan da imtina etdiyini və quru aclıq nəticəsində iki dəfə qan qusduğunu söyləyib.
R.Babayev də daxil olmaqla, "ToplumTV işi" üzrə mühakimə olunan doqquz nəfərin işinə bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi kollegiya baxır. Məhkəmə prosesində dindirmələr yekunlaşıb, indi sənədlərin tədqiqi mərhələsidir.
Mayın 4-də keçirilən iclasda təqsirləndirilən şəxslərdən biri olan R.Babayev məhkəmə prosesinin davam etdirilməsinə etirazını bildirib. O, bir sıra tələblərlə beş gündür aclıq aksiyası keçirdiyini deyib. Tələblərindən biri də saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən qəbul edilməsidir.
"Səhər məhkəmə olacaqdı deyə, yalnız dünən həkim çağırdılar"
R.Babayev məhkəmədə bildirib ki, təcridxananın rəis müavini Cavid Güləliyevin orada saxlanılan bir şəxsə işgəncə verməsinin şahidi olub. Onun sözlərinə görə, o, baş verənlərə etiraz edərək rəis müavininin cəzalandırılmasını və barəsində cinayət işinin açılmasını tələb edib. Lakin buna əhəmiyyət verilməyib. Təcridxananın rəisi də onu qəbul etməyib. Bununla belə, özünün şikayətçi olduğu rəis müavini Güləliyevin qəbulunda olub: "O dedi ki, "məndən şikayət etmisən, burada adamdöyən təkcə mənəm? Burada hər cür adam var"".
R.Babayev vurğulayıb ki, əsas tələbi istintaq təcridxanasının rəisi ilə görüşmək idi, daha sonra isə kamerasının dəyişdirilməsini istəyib. Bunların heç biri təmin olunmayıb: "Beş gün əvvəl aclığa başlamışam. Həkim müayinəsi və ayrı kameraya köçürülməyimi tələb etdim. Bunları da etmədilər. Bu gün səhər məhkəmə olacaqdı deyə, yalnız dünən həkim çağırdılar. Quru aclıq edirəm, su da içmirəm. İki dəfə qan qusmuşam. Təzyiqimi ölçdülər, 100-40 oldu".
İctimai fəal beşgünlük aclığın son iki gününü quru aclıqla keçirdiyini deyərək əlavə edib ki, məhkəməyə gəlmək istəmədiyi halda onu zorla gətiriblər. Onun sözlərinə görə, təcridxanada zor tətbiq edən şəxslər bunun Bakı Ağır Cinayətlər Məhkəməsində "ToplumTV işi"nə baxan hakim Azər Tağıyevin göstərişi olduğunu deyiblər: "sürüyə-sürüyə də olsa, təqsirləndirilən şəxsləri məhkəməyə gətirməlidirlər": "Kürdəxanıda qaldığım kameranı elə blokadaya alıblar ki, ora adam girmək nədir, heç ağcaqanad da uça bilməz".
R.Babayev özünü müdafiə edə biləcək vəziyyətdə olmadığını vurğulayıb.
Hakim A.Tağıyev təqsirləndirilən şəxslərin zorla gətirilməsi barədə göstəriş verməsi ilə bağlı iddiaları təkzib edib.
"Yalandan dedilər ki, o, aclığı dayandırıb"
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov deyib ki, Ramilin aclıq etdiyini eşidəndə onunla danışıb, fikrindən daşındırmaq istəyib, lakin ona icazə verilməyib: "Mayın 2-də Ramillə görüşüb onu aclığı dayandırmağa razı salmaq üçün icazə istədim. Mənə yalandan dedilər ki, o, aclığı dayandırıb".
A.Qurbanov özü ilə bağlı yaşananlardan da danışıb. Deyib ki, saxlandığı kamerada axtarış aparılıb, əlyazmaları müsadirə olunub. Həmçinin telefon zənglərinə məhdudiyyət qoyulub: "Ramil buna son qoyulmasını da tələbləri sırasına daxil edib".
Hakim A.Tağıyev məhkəmə prosesini davam etdirmək istəsə də, təqsirləndirilən şəxslər və vəkillər buna razılıq verməyib. R.Babayev əvvəlki məhkəmə prosesində olduğundan daha arıq və solğun görünürdü. Müdafiəçilər bildirib ki, onun sağlamlığında ciddi problemlər olduğu aşkar şəkildə görünür və belə vəziyyətdə prosesin davam etdirilməsi yolverilməzdir.
Məhkəməyə təcili yardım çağırılması və Babayevin müayinə olunması barədə qərar verilib. Bu səbəbdən məhkəmə prosesi mayın 18-dək təxirə salınıb.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər qaçaqmalçılıq ittihamı ilə həbs olunsa da, Fərid İsmayılov və Elmir Abbasov barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Lakin İsmayılov 2025-ci ilin yanvarında həbs edilib.
"ToplumTV işi" üzrə təqsirləndirilən şəxslərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma və əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi kimi yeni ittihamlar irəli sürülüb. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
Ümumilikdə, 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 340 siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti və ya siyasi səbəblərə görə həbs edilmir. Onların sözlərinə görə, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunublar.