Keçid linkləri

2026, 03 May, bazar, Bakı vaxtı 15:46

Fərid Mehralızadə: 'Azərbaycanda 'jurnalist' sözü 'siyasi məhbus'un sinoniminə çevrilib'

Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə bildirir ki, Azərbaycan həbsxanalarında siyasi məhbus sayılan şəxslərə "jurnalist" deyilir. O, bu barədə 3 May – Dünya Mətbuat Azadlığı Günü ərəfəsində həbsxanadan göndərdiyi ismarışda yazıb.

"Azərbaycan həbsxanalarında kiminsə siyasi məhbus olduğu bilinən kimi, onun azadlıqda müxalifət partiyasının üzvü və ya vətəndaş cəmiyyəti təmsilçisi olmasının fərqi qalmır – hamıya "jurnalist" deyilir. Bu, özlüyündə çox şey deyir: bu gün jurnalistika xeyli riskli peşəyə çevrilib və "jurnalist" anlayışı Azərbaycanda faktiki olaraq "siyasi məhbus" termininin sinoniminə çevrilib", – F.Mehralızadə vurğulayır.

İqtisadçı F.Mehralızadə korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı başlanmış cinayət işi çərçivəsində 2024-cü il mayın 30-da saxlanılıb. Özü məhkəmədə deyib ki, əslində AzadlıqRadiosundakı yazılarına görə cəzalandırılıb. Mehralızadə və həmkarları qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham olunsalar da, onlar bu təqibləri peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Xatırlatma

2025-ci il iyunun 20-də "AbzasMedia işi" üzrə hökm oxunub. F.Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, "Turan" informasiya agentliyinin redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Hazırda ToplumTV' və MeydanTV ilə bağlı məhkəmə prosesləri davam edir. Bənzər ittihamlarla üzləşən digər jurnalistlər də tənqidi araşdırmalarına görə hədəf alındıqlarını vurğulayırlar.

Dünya Mətbuat Azadlığı Günündə Azərbaycanda azı 20 jurnalist, əsasən, iqtisadi ittihamlarla həbsdədir. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) aprelin 30-da açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə və ərazi arasında 171-ci yerdə qərarlaşıb. Bu, ötən illə müqayisədə dörd pillə geriləmə və indeksin sonundan 9-cu yer deməkdir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yanvar ayı hesabatında isə dünyadakı məhbus jurnalistlərin 24-nün Azərbaycanda olduğu qeyd edilib.

Hakimiyyət təmsilçiləri isə ölkədə digər təməl hüquq və azadlıqlar kimi, mətbuat azadlığının da qorunduğunu deyirlər. Hökumət siyasi motivli təqiblərin olmadığını bildirsə də, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, habelə Avropa Parlamenti və AŞPA siyasi məhbusların dərhal azadlığa buraxılması üçün Bakıya dəfələrlə çağırış edib.

Arxiv video
Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00


XS
SM
MD
LG