Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 19:07

MeydanTV-nin həbsdə olan baş redaktoru: 'Bizi qaçaqmalçılıqda ittiham edənlərin heç biri gələcəyini bu ölkədə görmür'

Həbsdə olan MeydanTV jurnalistləri
Həbsdə olan MeydanTV jurnalistləri

MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş deyir ki, özü və onunla birlikdə həbs edilən həmkarları hakimiyyətə baş əymədiyinə, onun "mirzə"si olmadığına görə cəzalandırılıb. Bu barədə o, martın 13-də öz məhkəməsində ifadə verərkən danışıb.

A.Elgünəş də daxil, "MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 13-də A.Elgünəşin ifadəsindən öncə onunla birlikdə mühakimə olunan həmkarları bir sıra məsələlərlə bağlı vəsatətlər qaldırıblar.

Jurnalist Nurlan Libre 54 gündür aclıq aksiyası keçirdiyini, sağlamlığında problemlər yarandığını bildirib. Bu üzdən, heç olmasa, saxlandığı Bakı İstintaq Təcridxanasında tibbi-sanitar bölməyə köçürülməsinə ehtiyac duyduğunu deyən N.Libre məhkəmənin bu məsələ ilə bağlı təcridxanaya məktub göndərməsi barədə vəsatət qaldırıb.

Vəsatət qismən təmin olunub, qərar verilib ki, onun tibbi müayinəsi və ehtiyac varsa, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün istintaq təcridxanasına məktub göndərilsin.

Şəmşad Ağa
Şəmşad Ağa

arqument.az saytının baş redaktoru Şəmşad Ağa isə dindirilərkən onun ifadəsinin İctimai Televiziya (İTV) vasitəsilə canlı yayımlanması barədə vəsatət qaldırıb. Vəsatətini əsaslandıran jurnalist deyib ki, həbs olunandan hökumətin nəzarətində olan mediada, o cümlədən telekanallarda onlara qarşı qarayaxma kampaniyası aparılıb: "Ünvanıma səsləndirdikləri qarayaxmalara görə mənim də onlara cavab vermək haqqım var. İctimai Televiziya büdcədən maliyyələşir, ictimai maraqları müdafiə etmək öhdəliyi daşıyır. Ona görə tələb edirəm ki, mənim ifadəmi canlı yayımlasınlar". Bu vəsatət təmin olunmayıb.

Ardından MeydanTV-nin baş redaktoru Aynur Elgünəş ifadə verib. O, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma kimi ittihamların absurd olduğunu vurğulayıb. Deyib ki, bir tərəfdən onları cinayət yolu ilə vəsait əldə etməkdə suçlayır, digər tərəfdən də həmin vəsaitdən vergi ödəməməyə görə ittiham edirlər.

A.Elgünəş deyir ki, ittihamda yazıldığı kimi, özü və həmkarları dəfələrlə qaçaqmalçılıq yoluyla ölkəyə xarici valyuta gətiribsə, o zaman gömrük əməkdaşları, sərhədçilər hara baxıblar: "Guya Ramin Deko xaricdən külli miqdarda pul gətirib, aeroportdan çıxıb taksi ilə gedəndə yolda saxlayıblar, üstündən 8 min, çamadanından da 30 min avro pul çıxıb. Dediyiniz kimi, əsaslı şübhələr vardısa, niyə bu əməliyyatı elə aeroportda yoxlamadan keçəndə kameraların altında keçirmirdiniz? Ramin ölkəyə 38 min avro keçiribsə, gömrükçülər, sərhədçilər hara baxırdılar?".

Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirovun onun dostu olduğuna görə həbs edildiyini deyən A.Elgünəş vurğulayıb ki, ittihamda məbləği daha çox göstərməkdən ötrü bu qurumun fəaliyyətiylə bağlı məsələni də "MeydanTV işi"nə qoşublar. Halbuki, Ü.Tahirovun və BJM-in MeydanTV-yə heç bir aidiyyəti olmayıb. O, dindirmə zamanı BJM-lə bağlı hissənin "MeydanTV işi"ndən ayrılmasını istəyib.

Aynur Elgünəş
Aynur Elgünəş

"Düşünün, Ramiz Mehdiyevə qalmayan iqtidar kimə qalacaq?"

A.Elgünəş həm özünün media sahəsində fəaliyyətindən, həm də MeydanTV-nin gördüyü işlərdən danışıb.

"Bu hakimiyyətin tənqidə dözümü yoxdur. Anlamır ki, tənqidçi media onun eyiblərini düzəltməsi üçün göstərir. O isə, əksinə, güzgünü sındırır. Bu ölkənin düşmənləri eyibləri göstərənlər yox, zibili palazın altına süpürənlərdir. Biz MeydanTV-də kimi tənqid etdiksə, zamanla o adamı elə öz əlləriylə vurdular. Sonra da yaltaq, çoxüzlü media rəhbərləri həmin "vurulmuş" adamları tənqid etdilər. Düşünün, Ramiz Mehdiyevə qalmayan iqtidar kimə qalacaq? Bu gün bizi qaçaqmalçılıqda ittiham edənlərin heç biri öz gələcəyini bu ölkədə görmür. Nəinki məmurlar, hətta buqələmun media rəhbərləri də xaricə sərvət yatırır, övladlarını göndərirlər", - A.Elgünəşin sözləridir.

MeydanTV əməkdaşlarının peşə fəaliyyətlərinə görə illərlə təzyiqlərə məruz qaldığını – istintaqa çəkildiyini, ölkədən çıxışlarına qadağa qoyulduğunu və sonda da həbs edildiyini deyən A.Elgünəş bildirib ki, yaşananlara görə qətiyyən peşman deyil. O, hakimlərə səslənərək deyib: "Mən həyatı sizdən az sevmirəm. Ancaq dəyərlərimi, əqidəmi daha çox sevirəm. Mən və dostlarım məhz əqidəmizin məhbuslarıyıq".

A.Elgünəş sərbəst ifadəsindən sonra prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Ardından Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov da ifadə verib. İttihamların əsassız olduğunu vurğulayan Ü.Tahirov deyir ki, onları "mütəşəkkil dəstə" adlandırırlar. Lakin məhkəmə önünə çıxarılan 12 nəfərdən beşini həbsindən bir il sonra – 2025-ci il dekabrın 12-də məhkəmənin hazırlıq iclasında ilk dəfə görüb və tanıyıb. O, əlavə edib ki, BJM ölkədə jurnalistikanın inkişafı, jurnalistlərin peşə bacarıqlarının artırılması istiqamətində fəaliyyət göstərirdi.

"MeydanTV işi" üzrə məhkəmə prosesi aprelin 3-də davam edəcək.

Meydan TV-nin həbsdəki jurnalistləri: 'Deyirlər, tez-tez yoxlamalar olacaq'
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə fevralda daha üç jurnalist - Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıb.

Ötən ilin mayında jurnalist Ülviyyə Əli, avqustunda foto-jurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbsdə deyil. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

XS
SM
MD
LG