ToplumTV internet televiziyası ilə bağlı cinayət işi üzrə həbs olunanların fevralın 9-da keçirilən məhkəməsində gərginlik yaşanıb. Təqsirləndirilən jurnalistlər məhkəmə prosesinin ədalətsiz keçirildiyini, hakimlərin siyasi sifariş yerinə yetirdiyini bildiriblər. Onlar aylardır sürən məhkəmədə prokuror Rauf Malışov nə desə, Azər Tağıyev, Elnur Nuriyev və Roman Ələkbərovdan ibarət hakimlər kollegiyasının ona uyğun qərar verdiyini vurğulayıblar.
"Onsuz da sizə nə deyilsə, o qərarı da elan edəcəksiniz. Sifariş yerinə yetirirsiniz, guya məhkəmə keçirirsiniz ki?! Prokurorun köməkçisinə çevrilmisiniz, Malışov nə deyirsə, onu təsdiqləyirsiniz", - təqsirləndirilən şəxslərdən III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli belə deyib.
İndi məhkəmələrdə siyasi sifariş yerinə yetirən hakimləri ötən əsrin 30-cu illərində repressiyaların icrasında rolu olan hakimlərlə müqayisə edən R.İzzətli vurğulayıb ki, həmin hakimlər unudulmadığı kimi, indikilərin də əməlləri yaddan çıxmayacaq.
R.İzzətli də daxil, "ToplumTV işi" üzrə mühakimə edilən doqquz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Digər təqsirləndirilən jurnalistlər də məhkəmənin gedişindən narazılıqlarını dilə gətiriblər. Jurnalist Fərid İsmayılov prosesin ədalətsiz keçirildiyini vurğulayaraq A.Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyasına növbəti dəfə etiraz verib: "Heç bir vəsatətimiz təmin olunmur. Suallarımıza cavab ala bilmirik. Maliyyə məsələləriylə bağlı bir mütəxəssis gətirdiniz, o da gəlib heç bir sualımıza cavab verə bilmədi. Daha niyə gəlmişdi? Normal məhkəmə keçirilmirsə, məni boş yerə niyə aparıb-gətirirsiniz?".
Təqsirləndirilən digər şəxslər də prokuror və hakimlərin ədalətsiz və qərəzli davrandığını, siyasi sifariş yerinə yetirdiklərini vurğulayıblar.
Məhkəmə prosesinə sədrlik edən hakim A.Tağıyev və prokuror R.Malışov bu ittihamlara sərt reaksiya verdiyindən tərəflər arasında mübahisə böyüyüb.
"Mənim sizin hörmətinizə ehtiyacım yoxdur", - hakim A.Tağıyevin sözləridir.
Bir qədər davam edən gərginlikdən sonra ara sakitləşib.
"Evimdə pul olsaydı, niyə çıxarmırdım?"
Fevralın 6-dakı məhkəmə iclasında təqsirləndirilən şəxslərin evlərindən tapıldığı iddia edilən pullarla bağlı əl-barmaq izlərinə dair ekspertiza rəyləri açıqlanıb. Həmin rəylərə əsasən, bəzi pullarda təqsirləndirilənlərin əl izləri var. Ancaq onlar ekspertiza rəylərini qəbul etmir, saxta olduğunu deyir və bildirirlər ki, həmin pulları evlərinə axtarış aparan şəxslərin özü qoyub, sonra da götürüblər.
R.İzzətli deyir ki, digər təqsirləndirilən şəxslər 2024-cü il martın 6-da tutulsa da, onu iki gün sonra həbs ediblər: "İki gün əvvəl dostlarım bu ittihamla tutulmuşdu, özümü də saxlayıb sonra buraxmışdılar. Evimdə pul olsaydı, niyə çıxarmırdım? Əlbəttə, yalandır, özləri ilə gətirib, yazıb götürüblər".
Vəkil Fuad Ağayev rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi, onlara veriləcək sualları cavablaması üçün vəsatət qaldırıb. Prokuror buna etiraz edib, məhkəmə də vəsatəti təmin etməyib.
ToplumTV-nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli həbs olunarkən, bank kartlarının qaytarılması və özünün sağlamlığındakı problemlərlə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. O, götürülən bank kartlarının bu cinayət işinə aidiyyəti olmadığına da diqqət çəkib. Bu vəsatətlərin də heç biri təmin olunmayıb.
"ToplumTV işi" üzrə məhkəmə prosesi fevralın 23-də davam edəcək.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb və bu işlə bağlı yeddi nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olunub. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, ötən ilin yanvarında F.İsmayılov da həbs edilib.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yoluyla əldə olunmuş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edildi. Onların suçlandığı maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlərin hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyir.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbsə atılmır. Onlar həmin siyahılarda adı yer alanların törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduğunu iddia edilər.