MeydanTV ilə bağlı cinayət işi üzrə mayın 1-nə təyin olunmuş məhkəmədə həbsdə olan jurnalistlər 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar aksiya keçiriblər. Bu olay Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.
Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva vəkillərdən birinin iclasa gecikməsini əsas gətirərək prosesin mayın 22-dək ertələndiyini elan edib. Ona vəkilin qısa müddətdə gələcəyi bildirilsə də, qərar dəyişməyib.
Ardından təqsirləndirilən jurnalistlərdən Fatimə Mövlamlı, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva və Ülviyyə Əli ayağa qalxaraq əllərində plakatlar qaldırıblar.
Plakatlarda "İnternet azaddır, söz bloklanıb!", "Sözə qandal vurulmur!", "Azad söz bizimdir, məhbəsə sığmaz!", "Azadlıq mətbuatın şah damarıdır" kimi şüarlar yazılıb. Jurnalistlər plakatlarda yazılanlarla yanaşı, "Jurnalistika cinayət deyil", "Meydanda da yan-yana, zindanda da yan-yana" kimi şüarlar da səsləndiriblər.
Jurnalist Ü.Əli 1 may – Beynəlxalq Əmək Günü ilə bağlı düşüncələrini də dilə gətirib: "Bu gün işçilərin əməyini ölkədə ən dəyərsiz səviyyəyə salanların deyil, istismarı işıqlandıranların məhkəməsidir. Mən də hazırda təxminən məndən 10 il öncə elə bu ərəfələrdə dostum Bayram Məmmədovun dayandığı kürsüdən çıxış edirəm...".
B.Məmmədov 2016-cı ilin mayında Qiyas İbrahimovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazdıqdan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılsalar da, 2021-ci ilin mayında B.Məmmədov İstanbulda həyatını itirdi. Ü.Əli mayın 2-də Bayramın anım günü olduğunu və onun ölümündən 5 il ötdüyünü xatırladıb və ardınca Beynəlxalq Media Azadlığı Günündən söz açıb: "Həmin gündə müstəqil jurnalistlərini saxta ittihamlarla həbsə atan adamların "ölkədə mətbuat azaddır" deyib gülüş hədəfinə çevrildiyi məmləkətdə həyəcan təbili çalıram".
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Libre və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs ediliblər.
Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayır və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.