Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 15:31

Mətbuat azadlığı: Azərbaycan 'qara siyahı'nın dibinə doğru gedir

Azərbaycanda mətbuatın günü: tənqidçi jurnalistlərə həbs, tərif yazanlara mükafat
Gözlə

No media source currently available

0:00 0:08:03 0:00

Azərbaycanda mətbuatın günü: tənqidçi jurnalistlərə həbs, tərif yazanlara mükafat (ARXİV 2025)

Azərbaycan dünya üzrə mətbuat azadlığı reytinqində növbəti dəfə geriləyərək 180 ölkə və ərazi arasında 171-ci pillədə qərarlaşıb. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 30-da "Dünya Mətbuat Azadlığı İndeksi"ni açıqlayıb.

Ötən il Azərbaycan sözügedən indeksdə 164-cü yerdən 167-ci yerə düşmüşdü. Builki nəticələrə görə, ölkə mətbuat azadlığının ən çox məhdudlaşdırıldığı dövlətlər sırasındadır. Müqayisə üçün: Belarus 165, Rusiya 172, Türkmənistan 173-cü yerdədir.

Qonşulardan Gürcüstan 21 pillə geriləyərək 135-ci yerə düşüb. Bildirilir ki, bu geriləmə bir ildən çoxdur davam edən demokratik böhran, etiraz aksiyalarına və onların işıqlandırılmasına göstərilən təzyiqlər, həmçinin "xarici agentlər" və medianın maliyyələşməsi ilə bağlı qəbul olunmuş məhdudlaşdırıcı qanunlardan qaynaqlanır.

Ermənistan isə 50-ci pillədə qərarlaşıb – bu ölkədə mətbuatın durumu "problemli" kimi xarakterizə olunur.

Hazırda Azərbaycanda azı 20 jurnalist, əsasən, iqtisadi ittihamlarla həbsdədir. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də daxil olmaqla, onların bir qrupuna uzunmüddətli həbs cəzaları kəsilib. Jurnalistlər qaçaqmalçılıq və vergidən yayınma kimi ittihamları rədd edir, həbslərinin tənqidi və araşdırmaçı fəaliyyətləri ilə bağlı olduğunu, siyasi motiv daşıdığını bildirirlər.

Bu ilin yanvarında Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dünyada 300-dən çox jurnalistin həbsdə olduğunu açıqlamış, onlardan 24-nün Azərbaycanda saxlanıldığını vurğulamışdı.

Hakimiyyət təmsilçiləri isə adətən ölkədə digər təməl hüquq və azadlıqlar kimi, mətbuat azadlığının da tam təmin olunduğunu bildirirlər. Hökumət siyasi motivli təqiblərin olmadığını bildirsə də, yerli və beynəlxalq insan haqları təşkilatları, habelə Avropa Parlamenti və AŞPA siyasi məhbusların azadlığa buraxılması üçün dəfələrlə çağırış edib.

XS
SM
MD
LG