Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:08

50 kiloqram narkotik ittihamı ilə bəraət aldı...

Yaxyayev 50 kiloqram 575 qram marixuananı İrandan Azərbaycana keçirməkdə təqsirləndirilirdi.
Yaxyayev 50 kiloqram 575 qram marixuananı İrandan Azərbaycana keçirməkdə təqsirləndirilirdi.

50 kiloqramdan artıq narkotik vasitə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 50 yaşlı Maqomedsultan Yaxyayev bugünlərdə bəraət alaraq məhkəmə zalından sərbəst buraxılıb.

Yaxyayev 50 kiloqram 575 qram marixuananı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməkdə təqsirləndirilirdi. O, 2026-cı ilin yanvarında Astara rayonunun inzibati ərazisində yerləşən "Cənub-Astara" gömrük postunda saxlanılıb.

Rusiya vətəndaşı olan və Dağıstanda yaşayan Yaxyayev uzun illərdir ki, yükdaşıma fəaliyyəti ilə məşğuldur. Cinayət işinin materiallarında iddia olunur ki, İrandan Rusiyaya gedərkən Azərbaycandan tranzit keçən Yaxyayevin idarə etdiyi yük maşını gömrük postunda yoxlanılarkən qarpız yükünün arasındakı bağlamalarda narkotik maddə - marixuana tapılıb. Bu səbəbdən onun barəsində cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Mən heç narkotiklərin növünü də tanımıram"

M.Yaxyayev ifadəsində özünü təqsirli bilməyib. Bildirib ki, maşınındakı maddədən xəbəri olmayıb. O qeyd edib ki, 10 ildir İrana yük aparıb-gətirir. Sonuncu dəfə də quş yemi aparmışdı. Boş qayıtmamaq üçün Cavad adlı tanışından sifariş tapmasını istəyib. O da İrandan Moskvaya qarpız yükü tapıb. Razılaşıblar, götürüb və gəlib: "Qarpızı yükləyiblər, maşını İran gömrüyündə yoxlayıblar. Məhsul olan qoşqunu plombla möhürləyiblər. Azərbaycana keçib Astara gömrüyünə gəlmişəm. Burada da gömrük yoxlaması üçün bir neçə gün növbə gözləmişəm. Növbəm çatanda gömrük əməkdaşları gəlib, maşını rentgenə salıb, sonra it vasitəsilə yoxlama aparıb. Yoxlama zamanı mən kənarda dayanmışdım".

Onun sözlərinə görə, öncə heç nə tapılmayıb. Qarpız yükünü boşaldandan sonra isə bir bağlama çıxarıb onu çağırıblar, nə olduğunu soruşublar. O isə xəbərsiz olduğunu söyləyib: "Mən heç narkotiklərin növünü də tanımıram. Qarpızların yüklənməsində də iştirak etmişdim. Yüklənmə vaxtı mən maşının kabinəsində oturmuşdum. Cavad rus dilini bilir. Boş qayıtmayım deyə, ona bildirdim ki, yük göndərən varsa, aparım. Qarpız yükünün sahibi Əli adlı şəxsdir. Onu Cavad tanıyır, mən yox. Sürücünün yükə müdaxilə icazəsi yoxdur".

Yaxyayev tutulandan sonra onun telefonu ilə bağlı araşdırma aparılıb, "Whatsapp" mesajlarına baxılıb. Onun iranlılarla yazışmaları olsa da, narkotik mövzusunda heç nə tapılmayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 50 kiloqramdan artıq narkotik ittihamı ilə mühakimə olunan M.Yaxyayevin təqsirsiz olduğu qənaətinə gəlib və onun haqqında bəraət hökmü çıxarıb. Məhkəmə xüsusən Azərbaycanın da 2000-ci ildə qoşulduğu "Beynəlxalq yol yükdaşımaları müqaviləsi haqqında" Cenevrə Konvensiyasına əsaslanıb. Konvensiyaya görə, sürücünün vəzifəsi yalnız yük yerlərini, malın və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır.

"Bunun əksini sübut etmək isə ittiham tərəfinin üzərinə düşür"

Hüquqşünas Yalçın İmanov deyir ki, qanunda sürücünün qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməyib. Onun sözlərinə görə, bunun əksi beynəlxalq yükdaşıma qaydalarının prinsiplərinə zidd olar: "Beynəlxalq yükdaşımalarda sürücünün daşıdığı yükün içində narkotik vasitənin yerləşdirilməsindən məlumatsız olduğunu sübut etmək vəzifəsi sürücünün üzərinə düşmür. Bunun əksini sübut etmək isə ittiham tərəfinin üzərinə düşür".

İndiyədək bir neçə nəfərə bənzər ittihamla bəraət verilib.

Azərbaycan hakimiyyəti İrandan daşınan yüklərdə narkotik vasitə aşkarlanması barədə vaxtaşırı məlumat açıqlayır. Dövlət Gömrük Komitəsi iyunda bildirib ki, İrandan Rusiyaya gül kələmi daşıyan yük avtomobilində 90 kiloqramdan çox marixuana aşkar edilib.

Bu ilin mayında İrandan Gürcüstana "qarpız" daşıyan yük maşınında 110 kiloqram 300 qram marixuana aşkarlandığı açıqlanıb.

İran tərəfi isə belə ittihamları, bir qayda olaraq, şərh etmir.

XS
SM
MD
LG