Keçid linkləri

2026, 19 İyun, cümə, Bakı vaxtı 22:22

Bakıda həbsdə olan rusiyalılara hökm oxundu: 'Burada bizim əvəzimizə polislər olmalı idi'

Bakıda mühakimə olunan rusiyalılar
Bakıda mühakimə olunan rusiyalılar

Ötən ilin iyulunda Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Bakıda həbs olunan rusiyalılardan daha 8 nəfərin məhkəməsi yekunlaşıb. İyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Onlardan 4 nəfərinə (Sergey Sofronov, Anton Draçov, Dmitri Bezuqli, Valeri Dulov) 4 il, digərlərinə (Dmitri Fyodorov, Boris Timoşov, Aleksey Vasilçenko, İlya Bezuqli) isə 3 il həbs cəzası kəsilib.

Hakim Firdovsi Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, istintaq vaxtı rusiyalılara verilmiş ittiham yüngülləşdirilib. Onlar Cinayət Məcəlləsinin 234.4.1 və 234.3.4-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham olunurdu. Bu maddələrin sanksiyasında 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 4,153 qram heroin, 50 ədəd narkotik vasitə olan metadon həbləri və 36,814 qram metamfetamin (“patı”) tapılıb. İttihama əsasən, onlar bu maddələri sonradan satmaq niyyətilə aralarında bölüblər.

Məhkəmə “mütəşəkkil dəstə” və “satış məqsədi” ilə bağlı ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib. Rusiyalılara verilmiş ittiham da daha yüngül maddəyə - CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib. Bu maddədə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulub.

“Onlar bizə qarşı qanunsuzluq edib”

Rusiyalılar isə ümumiyyətlə, narkotik ittihamını qəbul etmir, özlərini təqsirli bilimirlər. Onların hamısı iyunun 19-da hökmdən öncə son sözlərində də bəraət istəyiblər. Deyiblər ki, heç birində narkotik olmayıb, bu vasitə ilə polislər onları şərləyib həbsxanaya göndəriblər.

“Burada biz yox, bizi şərləyən polislər olmalıydı. Çünki biz heç bir cinayət törətməmişik. Əksinə, onlar bizə qarşı qanunsuzluq edib”, – təqsirləndirilən şəxslərdən Draçov belə deyib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, təqsirləndirilən rusiyalılar hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Adları çəkilən şəxslər 2025-ci il iyunun 30-dan həbsdədir. Həmin dövrdə Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşmiş, nəticədə hər iki ölkədə xeyli sayda Azərbaycan və Rusiya vətəndaşları həbs olunmuşdu. Azərbaycanda həbs olunan rusiyalılar arasında İT mütəxəssisi Aleksandr Vaysero, İqor Zabolotski və İlnur Valitov da vardı. Onlara isə CM-in 193-1.3.2-ci (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma) maddəsilə ittiham verilmişdi.

Vaysero tək mühakimə olunurdu, ona apreldə 4 il həbs cəzası kəsilib. Birlikdə məhkəmə önünə çıxarılan Zabolotski və Valitovun hər biri isə may ayında 3 il azadlıqdan məhrum edilib.

Onlar da özlərini təqsirli bilməyib, çirkli pul yuma ittihamının əsassız olduğunu vurğulayıblar. 36 yaşlı Vaysero bildirib ki, iyunun əvvəlində Bakıya turizm məqsədilə gəlib, həmin ərəfədə iki ölkə arasında münasibətlər gərginləşib və nəticədə cəzalandırılanlardan biri də o olub.

Xatırlatma

2025-ci il iyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunan reydlərdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin hadisələr zamanı iki azərbaycanlı ölüb, 50 nəfərdən çox azərbaycanlı isə saxlanılıb. Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü bildirib. Amma Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümlərə çoxsaylı xəsarətlərin səbəb olduğunu müəyyənləşdirib. Reydlərin 10-20 il öncə törədilmiş sifarişli qətllərin üstünün açılması işi çərçivəsində keçirildiyi bildirilib.

Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib. 2024-cü ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra əlaqələrdə gərginlik yaranıb. Rəsmi Bakı Moskvadan üzrxahlıq, kompensasiya, günahkarların cəzalandırılmasını tələb edib.

2025-ci il oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşü tərəflər arasında barışıq kimi dəyərləndirilib. Vladimir Putin İlham Əliyevə dekabrdakı qəzadan sonra zəngində üzr istədiyini xatırladıb və kompensasiya ödəniləcəyini deyib. 2026-cı ilin aprelində isə Rusiyanın kompensasiya ödəməyə hazır olduğu açıqlanıb.

XS
SM
MD
LG