Keçid linkləri

2026, 23 Aprel, cümə axşamı, Bakı vaxtı 11:07

Azərbaycanda 10 aydır həbsdə olan rusiyalı işadamına 4 il cəza kəsilib

Bakıda saxlanılan rusiyalılar
Bakıda saxlanılan rusiyalılar

10 aydır Azərbaycanda həbsdə olan rusiyalı işadamı və IT mütəxəssisi Aleksandr Vayseroya burada 4 il cəza kəsilib. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında belə hökm çıxarıb.

A.Vaysero cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinib. Cinayət işinin materiallarında ümumilikdə 727 min manat pulun leqallaşdırılmasından söhbət gedir. İddia olunur ki, A.Vaysero Azərbaycandan kənarda fəaliyyət göstərən mərc, loto və başqa qumar saytlarından gələn pulların əsl mənbəyini gizlədib, onları müxtəlif şəxslərin adına olan bank kartlarına köçürüb. Bu yolla da külli miqdarda pul leqallaşdırılıb.

36-yaşlı A.Vaysero ittihamı qəbul etmir. Məhkəmədə ifadəsində o, özünü təqsirli bilmədiyini, Azərbaycana yayda məzuniyyət dövründə turizm məqsədilə gəldiyini və burada həbs olunduğunu deyib. Vəkili də onun təqsirsiz olduğunu vurğulayıb və bəraət verilməsini istəyib. Prokuror isə Vayseronun 5 il azadlıqdan məhrum olunmasını təklif edib.

A.Vaysero Bakıya 2025-ci il iyunun 9-da gəlib. O, burada olduğu dövrdə Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib. Nəticədə hər iki ölkədə xeyli sayda Azərbaycan və Rusiya vətəndaşları həbs olunub.

A.Vayseronun işi üzrə istintaq Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsində aparılıb və ona Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib.

Digər rusiyalıların işi: narkotik ittihamı

Həmin dövrdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan digər Rusiya vətəndaşlarına isə narkotik ittihamı verilib. Aralarında Sergey Sofronov, Anton Draçov, Dmitri Fyodorov, Valeri Dulov və digərlərinin olduğu səkkiz nəfərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmə prosesində dindirmə mərhələsidir, səkkiz nəfərdən hələlik beşi ifadə verib. Onların heç biri özünü təqsirli bilmir, narkotik ittihamını qəbul etmir və özlərini Azərbaycanla Rusiya arasında gərginləşən münasibətlərin qurbanı sayırlar.

Rusiyada tutulan azərbaycanlılar azad ediləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Xatırlatma

2025-ci il iyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunan reydlərdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin hadisələr zamanı iki azərbaycanlı ölüb, 50 nəfərdən çox azərbaycanlı isə saxlanılıb. Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü bildirib. Amma Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümlərə çoxsaylı xəsarətlərin səbəb olduğunu müəyyənləşdirib. Reydlərin 10-20 il öncə törədilmiş sifarişli qətllərin üstünün açılması işi çərçivəsində keçirildiyi bildirilib.

Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib. 2024-cü ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra əlaqələrdə gərginlik yaranıb. Rəsmi Bakı Moskvadan üzrxahlıq, kompensasiya, günahkarların cəzalandırılmasını tələb edib.

2025-ci il oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşü tərəflər arasında barışıq kimi dəyərləndirilib. Vladimir Putin İlham Əliyevə dekabrdakı qəzadan sonra zəngində üzr istədiyini xatırladıb və kompensasiya ödəniləcəyini deyib. 2026-cı ilin aprelində isə Rusiyanın kompensasiya ödəməyə hazır olduğu açıqlanıb.

XS
SM
MD
LG