Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini, 15 kiloqram narkotik ittihamı ilə tutulan İlkin Cəfərov ilyarıma yaxın həbsdə saxlanılandan sonra bugünlərdə bəraət alaraq azadlığa buraxılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.
38 yaşlı İ.Cəfərov 10 ildən çox Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində nizamlayıcı işləyib. O, 2024-cü ilin noyabrında İkinci Şahsevən kəndindəki su kanalına gedib, orada iş görərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu saxlayıb.
Sərhədçilər iddia edib ki, İ.Cəfərov iranlılarla əlbir olub. Yəni iranlıların qaçaqmalçılıqla Azərbaycana keçirib, həmin əraziyə gətirib atdığı narkotiki götürməyə gəlib. Götürüb getmək istəyəndə də saxlanılıb.
"Dedilər ki, "bura narkotik götürmək üçün gəlmisən""
İ.Cəfərov isə ifadəsində bildirib ki, onu şərləyib həbsə göndəriblər. Onun sözlərinə görə, işi ilə əlaqədar tez-tez su kanalına gedir, suyun verilməsini nizamlayır. Bəzən də kanala balıq tutmağa gedir. Bunu kənddəki dost-tanışları da bilir. Həmin gün isə həm sahə rəisi gedib suyu nizamlamasını istəyib, həm də avadanlıq götürüb ki, sonra da balıq tutsun: "Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr apardılar. Dedilər ki, "bura narkotik götürmək üçün gəlmisən". And-aman etdim ki, mən heç narkotik necə olur, bilmirəm, burada həmişə balıq da tuturam, mal-qara da otarıram. Məni döyməyə başladılar".
Orada gördüklərini danışan İ.Cəfərov deyib ki, torpağın üstündə bir neçə bağlama və bir kisə vardı. Onun sözlərinə görə, sərhədçilərin dediyindən bağlamalarda narkotik olduğunu anlayıb: "Məni zastavaya gətirib yenə möhkəm döydülər. Tələb bu idi ki, tutulduğum yerə o narkotiki götürmək üçün gəldiyimi deyim. Dəhşətli işgəncələrə dözə bilmədim. Qabırğalarımı sındırdılar. Razılaşandan sonra kisəni də götürdülər, məni maşına mindirib əvvəlki yerə gətirdilər. Orada yerə tökdülər, orada şəkil, video çəkdilər".
Ekspertiza da xəsarət izlərini təsdiqləyib
İ.Cəfərovu bir gün hərbi hissədə saxladıqdan sonra Bakıya göndəriblər. Burada istintaq təcridxanasına köçürülməmişdən öncə iki gün Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında qalıb. Burada vəziyyəti pisləşdiyinə görə Təcili Tibbi Yardım çağrılıb. İki gün sonra Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb. Təcridxanaya daxil olarkən müayinə zamanı onun üzərində olan çoxsaylı xəsarətlər qeydə alınıb.
İ.Cəfərov işgəncəyə məruz qaldığını deyib, prokurorluğa da şikayət olunub. Bu üzdən tibbi ekspertiza təyin olunub. Ekspert rəyində onun bədənində olan xəsarət izləri, həmçinin qabırğalarının sınması da göstərilib.
Onun işgəncəyə məruz qalması haqda şikayətinə və ekspertizanın xəsarətləri təsdiqləyən rəyinə baxmayaraq, prokurorluq cinayət işi başlamaqdan imtina edib.
Sərhədçilər isə ifadələrində iddia ediblər ki, onlara həmin əraziyə narkotik qoyulması barədə məlumat daxil olub. Orada pusqu qurub gözləyiblər. İ.Cəfərovun paltarlarını soyunub kanalı keçdiyini, torba ilə geri qayıtdığını görüblər. Əlində torba ilə sərhəd xəttindən 5-10 metr aralıda tutub saxlayıblar: "Onun saxlandığı yerdə balıq tutmaq üçün heç bir avadanlıq yox idi. Amma paltarlar və mobil telefon vardı".
DSX əməkdaşları İ.Cəfərovu döymələri haqda deyilənləri təkzib ediblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası ifadələr və başqa sübutları araşdırandan sonra İ.Cəfərovun dediklərini daha inandırıcı hesab edərək onun haqqında bəraət hökmü çıxarmaq qərarı verib.