Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 22:01

Azərbaycana narkotik gətirməkdə suçlanan iranlılar bəraət aldılar: 'İşgəncədən üç dişim töküldü...'

Narkotik gətirmək ittihamı ilə bir ildir həbsdə saxlanılan İran vətəndaşları
Narkotik gətirmək ittihamı ilə bir ildir həbsdə saxlanılan İran vətəndaşları

Azərbaycana dəniz yoluyla 20 kiloqramdan çox narkotik gətirmək ittihamıyla bir ildir həbsdə saxlanılan üç nəfər İran vətəndaşı bəraət alaraq bugünlərdə məhkəmə zalından azadlığa buraxılıb. Söhbət 42 yaşlı Vahid Layeqi, 41 yaşlı Xalid Yazdani və 40 yaşlı Tohid Monşinejatdan gedir.

Adları çəkilən iranlılar ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonuna yaxın bölümündə qayıqda saxlanılıblar. Onlara Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik daşıma kimi ittihamlar verilib və barələrində həbs qərarı çıxarılıb.

Cinayət işində iddia edilir ki, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin əməkdaşları İran vətəndaşlarının olduğu qayıqdan yarım kiloqramı aşan narkotik (marixuana) tapıblar. Üstəlik, Neftçala rayonunun Mayak kəndi yaxınlığında, sahildən təxminən 50 metr aralıda dənizin içində suya basdırılmış dirəkdən iki sellofan bağlamada 20 kiloqrama yaxın narkotik aşkarlanıb. İddia olunub ki, bu narkotiki də həmin iranlılar suda gizlədib.

Amma onlardan heç kim özünü təqsirli bilmir və balıqçı çalışdıqlarını, narkotiklə heç bir əlaqələrinin olmadığını söyləyirlər. İfadələrində də bildiriblər ki, İranın Ləvəndəvil şəhərindən birlikdə dənizə balıq ovuna çıxıblar və qayığın nasazlığı üzündən çətin duruma düşüblər. Mühərrikin xarab olması, mobil telefonlarının şəbəkədən kənarda qalması durumu kiməsə xəbərləməyə imkan verməyib. Avarla hərəkət etməyə çalışıblar. İki gün dənizdə köməksiz qalıblar. Küləkli hava və suyun axını onları Xəzərin Azərbaycana aid hissəsinə gətirib.

Təqsirləndirilən şəxslər vurğulayıblar ki, Azərbaycan tərəfə keçdiklərini bilməyiblər. Uzaqdan gəmilərə əl sallayaraq yardım istəyiblər. İki gün sonra bir gəmi yaxınlaşıb, içindəki hərbçilər onları tapıb. Həmin vaxt qayıqda axtarış aparılıb və heç nə tapılmayıb. Orada yalnız balıqçı paltarı, su şüşəsi olub. Hərbçilər də görüblər ki, qayıqda problem var.

Təqsirləndirilən şəxslərin bildirdiyinə görə, onları düşürüb aparandan sonra DSX-nın başqa əməkdaşlarına təhvil veriblər. O adamlarsa işgəncə verməyə başlayaraq Azərbaycana narkotik gətirdikləri barədə ifadə verməyə məcbur ediblər.

Tohid Monşinejat iddia edir ki, işgəncə nəticəsində üç dişi tökülüb, onu zorlamaqla hədələyiblər. Beləcə, tələb olunan ifadəni imzalamağa razılaşıb: "İki gün işgəncədən sonra bizi yenidən özümüzün nasaz qayığımıza apardılar və videoçəkilişlə axtarış etdilər. Özləri ilə gətirdikləri bağlamanı da qayığa qoyub sonra götürdülər, guya oradan narkotik tapıblar".

Xalid Yazdani də bildirib ki, heç narkotikin necə olduğunu bilmir. İşgəncə nəticəsində sağlamlığını itirdiyini vurğulayan təqsirləndirilən şəxsin sözlərinə görə, qayıqda saxlanılanda mobil telefonu suya atmaları haqda ittihamda yazılanlar da yalandır: "Məni elə döymüşdülər ki, ağzımın qanı dayanmırdı".

Vahid Layeqi isə əlavə edib ki, onları həm də soyundurub, videoya çəkib, ailə üzvlərinə göndərməklə hədələyiblər.

İranlılar işgəncə şikayətiylə prokurorluğa müraciət ediblər

Adları çəkilən şəxslər istintaq təcridxanasına gətiriləndə onların bədənlərində çoxsaylı xəsarətlər olub və bu, sənədləşdirilib. İranlılar işgəncə şikayətiylə prokurorluğa müraciət ediblər. Ancaq prokurorluq onların işgəncə ilə bağlı dediklərinin təsdiqini tapmadığını iddia edərək şikayət üzrə cinayət işi başlatmayıblar.

Məhkəmədə iranlıları qayıqda ilk dəfə tapan sərhədçilər də dindirilib. Onlar ifadələrində deyiblər ki, qayıqda nə narkotik görüblər, nə də kiminsə telefonu suya atmasını. Əksinə, həmin şəxslərin əynində balıqçı geyimi olub. Onlar qayığın nasazlığı ucbatından iki gündür itdiklərini bildiriblər və su istəyiblər.

Məhkəmə həm də bu qənaətə gəlib ki, həbs olunarkən iranlılara dövlət hesabına vəkil təyin olunmuş Elnaz Səmədova, Günel Məmmədova onlara faktiki vəkillik etməyiblər. Gerçəkdə istintaq hərəkətlərinə qatılmadıqları halda, protokolu imzalayıblar.

Məhkəmənin qənaətinə görə, DSX-nın müstəntiqi bir sıra şahidi dindirməsə də, onların adından ifadələr yazıb.

Bütövlükdə məhkəmə o nəticəyə gəlib ki, verilmiş ittihamlar DSX əməkdaşlarının ssenarisi olub və mötəbər sübutlara əsaslanmayıb. Bu üzdən, 20 kiloqramdan çox narkotik ittihamıyla həbs olunan iranlılar haqqında bəraət hökmü çıxarılıb.

XS
SM
MD
LG