Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:25

DGK: İrandan Rusiyaya gül kələmi daşıyan yük maşınında 90 kq marixuana aşkarlanıb

"Gül kələmi" yükündə narkotik aşkar edilib
"Gül kələmi" yükündə narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata görə, İrandan Rusiyaya gül kələmi daşıyan yük avtomobilində 90 kiloqramdan çox marixuana aşkar edilib.

İyunun 25-də verilən rəsmi açıqlamada bildirilir ki, hadisə "Astara" gömrük postunda qeydə alınıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına "təzə gül kələmi" aparan yük maşını stasionar rentgen qurğusu və xidməti itin köməyi ilə yoxlanılıb: "Yoxlama zamanı paletlərin birində gül kələmi formasında xüsusi üsulla gizlədilmiş 160 ədəd bağlama aşkar edilib. Həmin bağlamalardan xalis çəkisi 90 kiloqram 945 qram olan qurudulmuş marixuana götürülüb".

Məsələ ilə bağlı İranın rəsmi qurumlarının və digər maraqlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb.

İrandan narkotik daşıyan PUA zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə narkotik vasitə keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

Xidmətin məlumatına görə, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Əraziyə baxış zamanı PUA ilə daşınan 10 kiloqram 600 qram narkotik vasitə (10 kiloqram 550 qram marixuana və 50 qram tiryək) aşkarlanaraq götürülüb.

Qurum əlavə edib ki, son günlərdə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Hələlik bu rəsmi məlumata İranın məsul qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Dövlət sərhədini pozaraq ölkə ərazisinə keçməyə cəhd göstərən PUA zərərsizləşdirilib.
Dövlət sərhədini pozaraq ölkə ərazisinə keçməyə cəhd göstərən PUA zərərsizləşdirilib.

Rəsmi Bakı vaxtaşırı olaraq İrandan Azərbaycana narkotik tranzitinin qarşısının alınması barədə məlumatlar dərc edir. Məsələn, elə ötən ay Baş Prokurorluq ölkəyə qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan üç İran vətəndaşı barəsindəki cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını açıqlamışdı.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından isə hələ 2022-ci ildə açıqlandığına görə, həmin ilin ilk 10 ayında ələ keçirilən xarici mənşəli narkotiklərin 95 faizindən çoxu ölkəyə məhz İran vasitəsilə qaçaqmalçılıq yolları ilə gətirilib.

Son illərdə də narkotik tranzitində əsasən İranın adı çəkilsə də, rəsmi qurumlar artıq konkret faiz göstəriciləri açıqlamırlar. Tehran tərəfi isə bu qəbildən olan rəsmi ittihamları əksər hallarda şərh etməkdən yayınır.

XS
SM
MD
LG