Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 09:20

'Kanal 11' internet televiziyasının rəhbərinin həbs müddəti azaldılıb


Teymur Kərimov
Teymur Kərimov

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti daha iki il azaldılıb.

Bu gün, dekabrın 24-də onun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə onun cəzası iki il azaldılıb.

T.Kərimovun həbs müddətini bundan əvvəl Bakı Apellyasiya Məhkəməsi bir il azaltmışdı.

15 may

Teymur Kərimovun həbs müddəti 1 il azaldıldı

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti azaldılıb. Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi onun vəkilinin verdiyi vəsatəti qismən təmin edib və Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.

T.Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb. T.Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.

Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsi ilə - saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib sonda min manat almaqda təqsirli biliniblər. T.Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O, etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi veteranlarını döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının yaxın günlərə qədər hazırladığı siyahılara görə, Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus olub. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.

Hazırda Azərbaycanda Amnistiya Aktı icra edilir. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. İndiyə qədər siyasi məhbus siyahlarında yer alan 20 civarında şəxsin azadlığa buraxıldığı bildirilir. Onların, əsasən, dindar kəsimdən narkotik ittihamı ilə həbs edilən şəxslər olduğu vurğulanır.

XS
SM
MD
LG