Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:36

Tacikistan terrorçu 'ixracı' üzrə dünya 'liderinə' necə çevrildi


Tacikistanın keçmiş OMON komandri Gülmurad Halimov (sağdan 2-ci), indi İD-nin təbliğatçısıdır.

Necə oldu ki, Tacikistan "İslam dövləti" silahlı qruplaşmasının sıralarına intiharçı terrorçuların ixracı üzrə dünya "liderinə" çevrildi?

Bu yoxsul Orta Asiya dövlətinin hazırda Suriya və İraqda mövqelərini itirməkdə olan “İslam Dövləti”nin (İŞİD və ya İD) sıralarına qoşulmuş intiharçıların ixracına görə ilk yeri tutmasının səbəblərini araşdırıblar. Onlar bu məsələdə 3 əsas amilin mühüm rol oynadığını deyirlər: qeyri-rəsmi islamın sıxışdırılması, məcburi alçaldıcı əmək miqrasiyası, DİN xüsusi təyinatlılarının keçmiş komandanının "İslam Dövləti"nə qoşulması. Bu barədə AzadlıqRadiosu-nun qazax xidməti yazır.

Buna da bax:​ İraq ordusu Mosulda bir neçə binanı tutub

1100 TACİK

Haaqada yerləşən Beynəlxalq Terrorla Mübarizə Mərkəzinin (International Center for Counter-Terrorism, ICCT) hesabatında iddia olunur ki, 2015-ci ilin dekabrından 2016-cı ilin noyabrına qədər intiharçıların Suriya və İraqdakı əməliyyatlarına 27 tacik qatılıb. Bu, vətəndaşlığı müəyyən edilmiş əcnəbi intiharçılar arasında ən yüksək göstəricidir. «İntihar vasitəsilə müharibə: "İslam Dövləti"nin intiharçılar industriyasının statistik təhlili» adlı hesabatda Tacikistanın ekstremizmlə mübarizəsi vurğulanır, taciklərin intiharçılar arasında belə geniş təmsil olunmasının səbəbləri təhlil edilir.

Sanki bu nəticələri təsdiqləyirmiş kimi, İŞİD-ə aid "Aamaq" xəbər agentliyi bildirib ki, Kabildəki hərbi hospitala, azı, 49 nəfərin ölümü ilə nəticələnmiş silahlı hücuma görə məsuliyyət daşıyanlar arasında iki tacik var. İD 2015-ci ildən həm də Əfqanıstanda fəaliyyət göstərir. Qrupun bəyanatını nə tacik, nə də əfqan rəsmiləri təsdiqləyiblər.

Buna da bax:​ 'Qara siyahı'ya 4 nəfər əlavə edildi

İnfoqrafika: İslam Dövlətinin ölümə məhkum adamları ölkələr üzrə
İnfoqrafika: İslam Dövlətinin ölümə məhkum adamları ölkələr üzrə

Yanvarda Tacikistanın Daxili İşlər Nazirliyi (DİN) ölkənin 1100-ə qədər vətəndaşının Suriya və İraqdakı hərbi əməliyyatlarda iştirak etdiyini, onlardan azı 300-ünün öldürüldüyünü, 60-nın könüllü evə qayıtdığını və hökumətin onlara amnistiya verdiyini bildirmişdi.

SAY DÜZGÜN GÖSTƏRİLMƏYİB?

ICCT-nin hesabatının müəllifi Charlie Winter deyir ki, intiharçıların siyahısında taciklər "qeyri-proporsional" təqdim edilib. Onun fikrincə, İD-ə qoşulmuş taciklərin ümumi sayı başqa ölkələrdən olan terrorçulardan xeyli azdır. Məsələn, bəzi hesablamalara görə, İD sıralarında 6,5 mindən çox tunisli, 2,5 minə yaxın səudiyyəli var. Winterin sözlərinə görə, bu statistik məlumatlar onu göstərir ki, tacikləri, özəlliklə, intiharçıların törətdiyi hücumlardan ötrü seçirlər.

Təhlilçilərin fikrincə, Tacikistan OMON-unun (xüsusi təyinatlı polis dəstəsi) ABŞ-da təlim keçmiş yüksək rütbəli komandirinin vəzifəsini tərk edərək Suriyada İD-nə qoşulması, bu qədər tacikin niyə Yaxın Şərqdə intiharçıya çevrilməsi haqda suala cavab tapmağa kömək edə bilər. Terrorla mübarizə ekspertləri hesab edirlər ki, 2015-ci ildə İD-nə qoşulmuş polkovnik Gulmurod Halimov İD-nin əsas komandirlərindən birinə çevrilib.

«Taciklərdən o qədər tez-tez istifadə olunur ki, Halimov-u İD-nin aparıcı komandiri hesab edirlər. Ola bilər ki, Halimov taciklərdən tez-tez istifadə olunmasının arxasında durur. Ola bilsin, onları könüllü iştiraka inandırırlar", – Kolumbiya Universitetinin əməkdaşı Edward Lemon deyir.

Buna da bax:​ İstanbulda İŞİD yaraqlısı bilinən 35 nəfəri tutublar

TACİK MÜXALİFƏTİ

Qara paltarlı Halimov 2015-ci ilin mayında yayılmış təbliğat videosunda görünmüşdü. Videoda o, Tacikistan hökumətinin məktəb və iş yerlərində müsəlman geyimlərinə qadağa qoymasına, ictimai yerlərdə namaz qılınmasını məhdudlaşdırmasına etiraz olaraq İD-nə qoşulduğunu deyirdi.

Gulmurod Halimov
Gulmurod Halimov

Təhlilçilər hesab edirlər ki, Tacikistan hökuməti siyasi və dini islam qruplarına təzyiq göstərir, qeyri-rəsmi islamsa İD-ə üzv toplayanların işinə yarayır. 1992-1997-ci illərin vətəndaş müharibəsinin sonunda imzalanmış sülh sazişinə görə, birləşmiş tacik müxalifətinə hökumətdə yer verilməlidir. Tacikistanın İslam Dirçəliş partiyası (TİDP) isə aparıcı müxalif qüvvə və Orta Asiyada mövcud olan yeganə islam partiyasıdır. Bu partiyanın işi çoxları tərəfindən Düşənbənin açıqlığının əlaməti kimi dəyərləndirilirdi.

Ancaq illər keçdikcə Tacikistan hökuməti islamla bağlı hər şeyə nəzarəti gücləndirdi, ölkədə yüzlərlə qeydiyyatdan keçməmiş məscidi bağladı. 2015-ci ildə isə hökumət TİDP-ni yasaqlayaraq onun liderlərini həbs etdi.

İŞİD KİMLƏRİ CƏLB EDİR?

Təhlilçilər qeyd edirlər ki, hökumətin bu addımları bəzi dindarları daha təhlükəli dini cərəyanlara itələyir.

Buna da bax: İŞİD partlayışları Pakistanda 72, İraqda 55 nəfəri öldürüb

«TİDP hökumətdə təmsil olunanda onların əsas vəzifələrindən biri insanlara İD-nə qoşulmalı olmadıqlarını demək idi. Partiyanı qadağan edəndə biz İD-nə qoşulmuş taciklərin sayında kəskin artım qeydə aldıq. Bu, tələbələr və bütöv kəndlər idi», – Almaniyanın Haydelberq Universitetindən Sophie Roche deyir.

Düşənbə. Nusrat Nazarov (məhşur Abukholidi Kulobi) və İD-də vuruşan başqa bir tacik.
Düşənbə. Nusrat Nazarov (məhşur Abukholidi Kulobi) və İD-də vuruşan başqa bir tacik.

Tədqiqatçı Edward Lemon söyləyir ki, İD çox zaman sosial mənada təcrid olunmuş, yaxud da psixoloji travma və şəxsi dram yaşayan insanları öz sıralarına cəlb edir. Onun sözlərinə görə, "verbovka", əsasən, milyonlarla tacik miqrantın işlədiyi Rusiyada baş tutur.

Sophie Roche-nin fikrincə, əmək miqrantlarının özlərinə qarşı duyduqları «alçalma» hissi bu işdə mühüm rol oynayır. Onun sözlərinə görə, Rusiyada uğursuzluqla üzləşən, yetərincə pul qazana, hər hansı status əldə edə bilməyənlər dinə üz tutur və orada hörmətlə qarşılaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG