Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:28

6 tələbənin ölümüylə nəticələnmiş qəzaya görə 10 il həbs


Bakı-Sumqayıt yolunda qəzadan sonra. 09 mart 2017
Bakı-Sumqayıt yolunda qəzadan sonra. 09 mart 2017

Bu ilin martında Bakı-Sumqayıt yolundakı qəzada 6 tələbənin ölümü ilə nəticələnmiş yol qəzası üzrə məhkəmə araşdırmaları başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində iki aya yaxın davam edən araşdırmaların nəticə olaraq, tələbələri daşıyan mikroavtobusun sürücüsü Namiq Hüseynov təqsirli bilinib.

Avqustun 1-də Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, o, 10 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl prokuror, vəkil və zərərçəkmişlər çıxış edib, Namiq Hüseynov özü də son sözünü deyib.

Buna da bax:​ Vəkil: 'Bu, hansı qəzadı? Sumqayıt yolunda olan?'

Dövlət ittihamçısı da sürücüyə 10 il həbs cəzası verilməsini təklif edib. Bildirib ki, 6 nəfərin ölümünə səbəb olmuş qəza məhz Namiq Hüseynovun yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.

Prokuror həmçinin zərərçəkmişlərin mülki iddiasının təmin edilməsini istəyib.

10 İL ÇOX YÜNGÜL CƏZADIR

Ardınca zərərçəkmişlər çıxış edib. Bildiriblər ki, Namiq Hüseynov bundan əvvəl də cinayət törədib, 1 il 6 aylıq cəza alıb. Amma həmin cəza ödənilməyib. Zərərçəkmişlər deyir ki, bu, cəzanı ağırlaşdıran haldır.

Valideynlərə izah olunub ki, Namiq Hüseynov ilk cinayət əməlini qəsdən törətmədiyi üçün bu, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmayıb.

Valideynlər həmçinin qəzanın baş verməsində günahkar bildikləri digər şəxslərin də cəzalandırılmasını istəyib. Konkret olaraq, qəza zamanı yolun kənarında dayanan yük maşınının sürücüsünün, tələbələrin olduğu mikroavtobusla yarışdığı iddia olunan yaşıl rəngli "Ford"un sürücüsü və nasaz yük maşınını vaxtında yol kənarından götürməyən, yolda təhlükəsizliyi təmin etməli olan yol polisi əməkdaşları və Bakı-Sumqayıt yolundakı postlarda həmin gün xidmətdə olan polislər nəzərdə tutulub.

Buna da bax: Sumqayıt yolunda qəzadakı 'Zil' sürücüsü: 'Cərimə edilmişəm'

Valideynlər hesab edir ki, 10 il həbs altı nəfərin ölümünün qarşılığında çox yüngül cəzadır.

“ONLAR HARA BAXIRDI?”

Namiq Hüseynovun vəkili Şirin Atayev müdafiə çıxışında deyib ki, prokuror müttəhimə qanunda nəzərdə tutulan ən ağır cəzanı istədi.

Vəkil məhkəmə araşdırmasından da gileylənib. Deyib ki, məhkəmədə həm müttəhimin müdafiə hüququ pozuldu, həm də vəkilin hüquqları məhdudlaşdırıldı. Qəza ilə bağlı videogörüntülərin məhkəmədə tədqiq olunmamasına da müdafiəçi etiraz edib: "İndi 2017-ci ilə yaşayırıq. Necə olur ki, bu görüntülər yoxa çıxır? Xırdalan dairəsi yaxınlığındakı Ekologiya postunda olan polis əməkdaşları barədə xüsusi qərardad çıxarılsın. Onlar 14 nəfərlik yeri olan mikroavtobusda 30 nəfərin getməsinə necə göz yumub? Onlar hara baxırdı?"

Vəkil də qəza baş verən gün növbədə olan yol polisi əməkdaşları, xarab olduğu üçün yol kənarında saxlanılan yük maşınının sürücüsü barəsində cinayət işi başlanmasını istəyib.

Buna da bax:​ Qəzada oğlunu itirmiş ata: 'Bu adam 6 ailəni bədbəxt eləyib'

Şirin Atayev çıxışının sonunda əlavə edib ki, təqsirləndirilən şəxs qəza törətdikdən sonra hadisə yerindən qaçmayıb, yaralanan tələbələrə kömək edib. Vəkil Namiq Hüseynovun bu hərəkətlərinin yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Qəzada zaman dünyasını dəyişən tələbələrin valideynlərin vəkilin bu çıxışına etiraz ediblər.

“11 UŞAĞIN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞAM”

Ardınca son sözünü deyən Namiq Hüseynov peşman olduğunu bildirib: "Heç kim belə olmasını istəməzdi. Mənə ölüm cəzası da verilsə, etiraz etmirəm. Güllələsinlər məni, razıyam. Ömür boyu vicdan əzabı çəkəcəyəm. Üç övladım var, onları gözümün qarşısında öldürsünlər, razıyam. Amma görək dünyasını dəyişən 6 uşaq geri qayıdacaqmı? Mən təkcə 6 uşağın yox, 3 öz uşağımın, həmçinin dünyasını dəyişmiş bacımın himayəmdə olan 2 uşağının da ölümünə səbəb oldum. Həmin 5 uşaq mənim himayəmdə idi. İndi onlar torpaq üstündə ölü kimi gəzir. Mən 11 uşağın ölümünə səbəb olmuşam.

Mən cinayət törətmişəm, etiraf edirəm. Bəs mənim anamın nə günahı var? Məhkəmədən çıxanda 62 yaşlı anamın saçından tutub sürüyüblər. Yaxud ailə problemlərinə görə intihar edən bacımın məsələyə nə dəxli var ki, onu da bu məsələyə qoşurlar?"

Buna da bax: 'Ömürlük həbsə də hazıram, vicdan əzabı çəkirəm' - 6 tələbənin ölümünə səbəb olan sürücü

Namiq Hüseynov intihar edə biləcəyini də dilə gətirib.

Bundan sonra mərhum tələbələrin valideynləri məhkəmə zalında Namiq Hüseynova hücum ediblər.

Məhkəmə nəzarətçiləri buna imkan verməyib və sürücü zaldan çıxarılıb.

XATIRLATMA

Bu il martın 9-da səhər saat 08:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində Sumqayıt sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus nasazlığa görə yolda dayanmış “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Canıyev, Roza Muradova və Lalə Nəsirzadə dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

Buna da bax:​ Sumqayıta gedənlər ağır qəzadan sonra hər avtobusa minmirlər

Hadisədən sonra həbs olunan sürücü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG