Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:42

Sumqayıt yolunda qəzadakı 'Zil' sürücüsü: 'Cərimə edilmişəm'


Sumqayıt yolunda qəzadan sonra. 09 mart 2017

Bu ilin martında Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişmiş tələbələrin valideynləri mikroavtobusun çırpıldığı yük maşınının sürücüsünün də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Qəza zamanı yolun Masazırdan keçən hissəsində kənarda dayanmış "Zil" markalı yük maşınının sürücüsü Elvin Şəmistanlı iyulun 6-da məhkəmədə dindirilib. O, 6 tələbənin ölümünə görə həbs olunan mikroavtobusun sürücüsü Namiq Hüseynovun məhkəməsində ifadə verib.

Buna da bax:​ Qəzada oğlunu itirmiş ata: 'Bu adam 6 ailəni bədbəxt eləyib'

Namiq Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Elvin Şəmistanlı deyib ki, idarə etdiyi yük maşınında nasazlıq yarandığı üçün məcbur olub, onu hadisədən bir gün əvvəl axşam saatlarında yolun kənarında saxlayıb: "Gecə saat 11 radələrində maşın xarab oldu. 1992-ci ilin maşınıdır. Ustanın gəlmək imkanı olmadı. Yol polisi əməkdaşları gəldi. İki daşı maşının arxasına qoydum. Polislər daşlardan lent çəkdi. Çıxıb getdim".

E. Şəmistanlı maşında 10 tondan artıq yük olması haqda deyilənləri yalan adlandırıb: "Maşında təxminən 450 daş var idi".

Buna da bax: 'Ömürlük həbsə də hazıram, vicdan əzabı çəkirəm' - 6 tələbənin ölümünə səbəb olan sürücü

Bakı-Sumqayıt yolundakı qəzadan sonra. 09 Mart 2017
Bakı-Sumqayıt yolundakı qəzadan sonra. 09 Mart 2017

“YERƏ QOYDUĞUMUZ DAŞA DƏYİB”

Yük maşınının sürücüsü deyir ki, hadisə günü səhər tezdən usta götürüb gələndə yolda qəzanı eşidib: "Biz saat 8-də yola çıxmışdıq. Qardaşımdan eşitdim ki, belə hadisə olub. Mikroavtobus maşının arxasında yerə qoyduğumuz daşa dəyib. Daşın aşmasından bildim bunu. Həmin gecə usta tapa bilmədim, yoxsa gələcəkdim..."

Elvin Şəmistanlı onu da bildirib ki, həmin hadisəyə görə cərimələnib: "Dayanma-durma qaydasını pozduğum üçün cərimə edilmişəm".

Qəzada dünyasını dəyişən tələbələrin valideynləri "Zil"də nasazlıq yarandığı halda, evakuator çağırmamasını sürücüyə irad tutublar. Həmçinin onun da cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Buna da bax:​ Qəza törədən avtobus qanunsuz işləyirmiş? [yenilənib]

Hakim bildirib ki, məhkəmənin gedişində buna hüquqi qiymət veriləcək.

Təqsirləndirilən Namiq Hüseynov isə deyir ki, qəza zamanı yola daş və lent qoyulmasına şübhə edir: "Xahiş edirəm ki, videogörüntülərə baxılsın. Deyirlər, 50 metr aralıda "kubik" qoyublar. Amma məsafə 10 metr olmazdı. Lent də olmayıb. Həmin lent sonradan da çəkilə bilərdi".

Xatırlatma

Bu il martın 9-da səhər saat 08:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində Sumqayıt sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus nasazlığa görə yolda dayanmış “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Canıyev, Roza Muradova və Lalə Nəsirzadə dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

Buna da bax: ‘Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır’ [qəzaya reaksiyalar]

Hadisədən sonra həbs olunan sürücü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG