Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:26

Martın 9-u baş verən ağır yol qəzasından sonra Sumqayıt şəhər təcili tibbi yardım stansiyasına ümumilikdə 18 nəfər müraciət edib.

Bu haqda AzadlıqRadiosu-na stansiyasının baş həkim müavini Elçin Quliyev məlumat verib.

Onun bildirdiyinə görə, 4 nəfər ilkin baxışdan sonra evə buraxıb.

Buna da bax: Yol qəzasında ölənlərin sayı 5-ə çatıb [Video]

“14 nəfər isə xəstəxanaya qəbul edilib. Hazırda 1 nəfər reanimasiyadadır, həyatına təhlükə yoxdur. 5 nəfər ilkin tibbi müdaxilədən sonra evə buraxılıb, 8 nəfər, hələ də həkimlərin nəzarəti altındadır”, - həkim bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatında isə qəzanın bəzi detalları açıqlanır.

Nazirlik bildirir ki, Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

“Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Buna da bax:​ Bakıda zəncirvari qəza olub

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində faktla bağlı cinayət işi açılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Səhiyyə Nazirliyinin məlumatında isə bildirilir ki, ölənlər Sumqayıt Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kurs tələbələri olub. Onlar İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova və Çinarə Quliyevadır.

Buna da bax:​ 9 ayda yol qəzalarında 571 nəfər ölüb

Jurnalist Mahir Rüstəmli bildirir ki, "ZİL" markalı yük avtomobili, hələ dünən, martın 8-i gecə saatlarından nasazlıq üzündən Bakı- Sumqayıt yolunda qalıbmış. Yük maşınının səhərə qədər yoldan çıxarılmamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

* * *

“Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma həyata keçirən 50 BL 132 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti fərqlənmə nişanı verməyib”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlamasında belə deyilir.

Nazirlik əlavə edir ki, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərməkdən ötrü tələb olunan müvafiq icazə sənədini də almayıb.

“Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metro stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib”, nazirliyin açıqlamasında deyilir.

XATIRLATMA

Bu gün, martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.

Mikroavtobusda 28 nəfər şəxs olub. Onlardan 3-nün xəsarəti yüngül olduğundan evə buraxılıb. Qalanları isə xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti orta-ağır dəyərləndirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG