Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Qəzada oğlunu itirmiş ata: 'Bu adam 6 ailəni bədbəxt eləyib'


Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəzadan sonra. 09 mart 2017

Dövlət hesabına təyin olunmuş vəkillərin keyfiyyətli hüquqi yardım göstərməməsindən narazılıqlar çox olur. Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmədə də bu məsələyə görə qalmaqal yaranıb. Qəzanı törədən mikroavtobusun sürücüsü Namiq Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyulun 4-də keçirilən məhkəmədə təqsirləndirilən Namiq Hüseynov ona dövlət hesabına təyin olunmuş vəkil Şirin Atayevdən imtina edib. Səbəb kimi isə vəkilin məhkəmədə ona hüquqi yardım göstərmək əvəzinə yuxulamasını göstərib: "Mənə belə vəkil lazım deyil. Neynirəm belə vəkili? Keçən məhkəmə iclası boyu yatdı, xorultusu bura gəlirdi. Guya, bura məni müdafiə eləməyə gəlib, içəri girib deyir ki, bu nə işdi? Keçən dəfə tələb elədim ki, yanıma gəlsin, ona müəyyən məsələləri danışım. Gəlmədi..."

Buna da bax:​ 'Ömürlük həbsə də hazıram, vicdan əzabı çəkirəm' - 6 tələbənin ölümünə səbəb olan sürücü

KOLLEGİYAYA MÜRACİƏT OLUNACAQ

Şirin Atayev deyib ki, o da vəkil olaraq, müdafiədən imtina edir.

Amma hakim ona xatırladıb ki, onun belə bir hüququ yoxdur. Qanun vəkilə müvəkkilindən imtinanı qadağan edir.

Hakim bildirib ki, məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına müraciət olunacaq.

İyunun 4-də keçirilən məhkəmədə həmçinin qəzada dünyasını dəyişmiş tələbələrdən İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. Deyib ki, oğlunun ölümünü xəstəxanada polisdən eşidib.

"Bu adam 6 ailəni bədbəxt eləyib. Kasıbçılıqla uşaq böyütmüşdüm. Ürəyim partlayır, dözə bilmirəm", - deyən ata təqsirləndirilən sürücünün ünvanına təhqiramiz ifadələr səsləndirib. O, göz yaşlarını saxlaya bilməyib.

Buna da bax: Vəkil: 'Bu, hansı qəzadı? Sumqayıt yolunda olan?'

Daha sonra qəzada yaralanmış tələbələr ifadə veriblər. Məlum olub ki, tələbələrin bir neçəsi universitetə qəbul olunduqlarından bəri neçə ildir bu mikroavtobusla gedib-gəlirlərmiş. Bu mikroavtobusda cəmi 14 yerə icazə verilsə də, daha üç oturacaq əlavə olunub. Qəza baş verən gün isə maşında 28 nəfər adam olub.

“ONLARA ÖZ BALAM KİMİ YANAŞMIŞAM”

Amma sürücü deyir ki, hadisə zamanı maşında 26 nəfər olub, ittiham aktında bəzi adlar artıq yazılıb.

Dindirilən beş tələbədən bəziləri Namiq Hüseynovdan şikayətçi olsa da, bir qismi şikayət və tələblərinin olmadığını bildiriblər.

Buna da bax:​ Sürücü bir ildə 24 dəfə qaydaları pozubmuş

"Mən on ildir Bakıdan Sumqayıt universitetinə tələbə aparıb-gətirirəm. Onların hamısına öz balam kimi yanaşmışam. Qızlar-qızlarla, oğlanlar-oğlanlarla oturub həmişə. Mən öz ölümümə razı olardım, o uşaqların burnunun qanamasına yox. Mən dörd aydır yuxu yatmıram. İbrahimdən ötrü burnumun ucu göynəyir", – sürücü məhkəmədə belə deyib.

Namiq Hüseynov qəzanın başqa bir göy rəngli "Ford" markalı mikroavtobusla ötüşmə nəticəsində baş verdiyi haqda səslənən fikirləri də təkzib edib. Deyib ki, belə bir hal olmayıb.

Məhkəmə iyulun 6-da davam edəcək.

Buna da bax:​ ‘Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır’ [qəzaya reaksiyalar]

Xatırlatma

Bu il martın 9-da səhər saat 08:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində Sumqayıt sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus nasazlığa görə yolda dayanmış “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Canıyev, Roza Muradova Lalə Nəsirzadə dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

Hadisədən sonra həbs olunan sürücü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG