Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:46

'Ömürlük həbsə də hazıram, vicdan əzabı çəkirəm' - 6 tələbənin ölümünə səbəb olan sürücü


Bakı-Sumqayıt yolunda altı tələbənin ölümüylə nəticələnmiş qəza. 9 Mart 2017
Bakı-Sumqayıt yolunda altı tələbənin ölümüylə nəticələnmiş qəza. 9 Mart 2017

«Mənə ölüm cəzası verilsə də razıyam. Çünki vicdanım qarşısında əzab çəkirəm. Ömrümün sonuna qədər də çəkəcəyəm. Ona görə heç burada da özümü müdafiə eləmək fikrim yoxdur», – Bakı-Sumqayıt yolunda altı tələbənin ölümü ilə nəticələnmiş yol qəzasına görə həbs olunan Namiq Hüseynovun sözləridir.

Hadisənin baş verdiyi mikroavtobusun sürücüsü N.Hüseynov iyunun 29-da öz məhkəməsində ifadə verib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

«EHTİYATSIZLIQDAN OLDU»

Özünü təqsirli bilən N.Hüseynov hadisənin ayrıntılarını danışıb:

«Martın 9-u səhər saat 8-ə qalmış tələbələri götürmək üçün 20 Yanvar dairəsinə gəldim. Uşaqlar maşına mindilər, söhbət eləyə-eləyə gedirdik. Uşaqlardan Rozanın toyu olacaqdı, o barədə danışırdıq. Bir anlıq beynim sanki «tormozlandı», heç nə görmədim, heç nə eşitmədim. Elə bil, lal, kar, kor olmuşdum. Maşının ön hissəsində oturan uşaqlardan Abbas qışqırdı ki, «Namiq əmi...». Elə bil, yuxudan oyandım. Gördüm ki, birinci «kubik»in üstünə çıxmışam, ikinciyə çıxmamaq üçün tez sükanı burdum. Sükan sındı. Eləyə bildiyim, ancaq maşını «ZİL»in arxasından çıxara bilmək oldu. Özüm də maşının qapısını sındırıb çıxdım. Dərhal da şüşələri sındırıb yaralıları çıxarmağa başladım. Bircə Çinarə maşında ölmüşdü. Rozanı çıxartdım, onda nəfəs alırdı. Lalənin bircə başında qara ləkə var idi. Canıyev Rəşadla İbrahim mənim ən yaxın dostlarım, qardaşlarım idi. İbrahimgildən xəbərim olmadı...».

***Buna da bax-Vəkil: 'Bu, hansı qəzadı? Sumqayıt yolunda olan?'

N.Hüseynov daha sonra məhkəmə zalındakı zərərçəkmişlərə – qəzada ölən tələbələrin valideynlərinə müraciət edib. Deyib ki, hətta ona ömürlük həbs cəza verilsə də, etirazı yoxdur:

«Siz valideynsiz, istəsəniz və mənə ömürlük həbs cəzası verilsə də, razıyam. Onsuz da vicdanım qarşısında əzab çəkirəm. Onlar nur kimi uşaqlar idi. Mən onlarla bir ailə kimi olmuşam. Sadəcə, ehtiyatsızlıq ucbatından oldu...».

«MAŞINDA 26 TƏLƏBƏ VARDI»

Valideynlər məhkəmədə bildiriblər ki, mikroavtobusdakı tələbələr sürücüyə hərəkətin sürətini azaltmaq üçün yalvarıblar, o isə eşitməyib.

Amma N.Hüseynov deyir ki, o, yüksək sürətlə hərəkət etməyib:

«Hər şey kameradan da görünür. Bu hadisə ehtiyatsızlıqdan baş verdi. Mənim o uşaqlarla heç bir qərəzim olmayıb. Yoxsa onlara dayılıq eləməzdim. Məsələn, eşitmişdim ki, İbrahim pis adamlara qoşulub, onunla çayxanada oturub söhbət elədim, çəkindirdim».

Təqsirləndirilən şəxs onu da bildirib ki, 20 ilə yaxındır sürücülüklə məşğuldur. İdarə etdiyi mikroavtobus həmin gün yaxşı vəziyyətdə olub:

***Buna da bax-'Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır' [qəzaya reaksiyalar]

«Maşında 17 oturacaq var idi, qanunla 14 nəfər götürə bilərdim. Amma uşaqların sayı çox idi deyə, ona görə artıq sərnişin götürdüm. Tələbə çox idi, uşaqlar gəlib deyirdilər ki, ayaqüstə gedək, deyirdim ki, olmaz, amma məcbur olub mindirirdim. Qəza vaxtı maşında 26 tələbə var idi, sıx-sıx oturmuşdular. Saatda 90-100-lə gedirdim. O yolda bu sürətə icazə var».

«MƏRC GƏLİBLƏR»

Qəzada dünyasını dəyişən və sürücünün ifadəsində adını çəkdiyi tələbə İbrahim Nəsibovun anası Xatirə Nəsibova etiraz edib:

«Mənim uşağımın adını çəkməsin. Uşağım pis yola düşüb eləməyib. Bu adam türmədə özünü asıb öldürsün».

Zərərçəkmişlərdən mərhum Rəşad Canıyevin anası İlhamə Canıyeva isə iddia edib ki, N.Hüseynov hələ hadisədən əvvəl gecə qarajda olanda qəzadan sonra yayılan görüntülərə də düşmüş yaşıl rəngli «Ford»un sürücüsü ilə mərc gəlib:

«Ona deyib ki, sabah səndən gec çıxıb, daha tez çatacağam. Ona görə də yolda yarışıblar».

N.Hüseynov isə təkzib edib, deyib ki, heç kiminlə belə bir mərci olmayıb.

Ardından zərərçəkənlər ifadə veriblər.

***Buna da bax-Qəza törədən avtobus qanunsuz işləyirmiş?

Xatirə Nəsibova deyir ki, oğlu İbrahimi özü yola salıb:

«Dedim ki, gecikirsən, dur, taksiylə get. İbrahim dedi ki, çatsam, «Qazel»lə gedəcəm, həmişə bizi aparan Namiqlə. O, bərk sürür, taksidən tez çatır. Bir qədər sonra İbrahimə zəng etdim, açmadı, «Whatsapp»a yazdım, yenə cavab gəlmədi. Mən də yatdım. Sonra yoldaşım zəng edib dedi ki, uşaqları aparan «Qazel» qəzaya düşüb, İbrahimi xəstəxanaya aparırlar. Gedib xəstəxanada İbrahimin öldüyünü bildim».

POLİSİN MƏSULİYYƏTİ

Zərərçəkmiş X.Nəsibova Yol polislərinin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyir:

«Çünki daşla yüklənmiş maşın gecədən orada olub. Bəlkə onun içində bomba var idi elə... O maşının yükü boşaldılmalı, özü də ərazidən götürülməli idi. Buna Yol polisi nəzarət etməli idi».

Dünyasını dəyişən tələbələrdən Roza Muradovanın atası Eynulla Muradov da N.Hüseynovun sürətlə hərəkət etdiyini söyləyib. Onun sözlərinə görə, Hüseynov yüksək sürətlə sürdüyü üçün son bir həftədə qızı onun maşınına minmirmiş:

«Həmin gün Namiq gəlib qızıma deyib ki, bağışla, daha bərk sürməyəcəm. Məcburən qızımı maşına mindirib».

E.Muradov qızının yas mərasiminə 22 min manat xərc çəkdiyini bildirərək, o pulun ödənilməsini istəyib:

«Mülki iddia da qaldırmışam ki, çəkdiyim xərc ödənilsin».

Məhkəmə iyulun 4-də davam edəcək.

XATIRLATMA

Bu il martın 9-da səhər saat 8:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində Sumqayıt sakini Namiq Hüseynovun idarə etdiyi «Ford» markalı mikroavtobus nasazlığa görə yolda dayanmış «ZİL» markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Canıyev, Roza Muradova və Lalə Nəsirzadə dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

Hadisədən sonra həbs olunan sürücü N.Hüseynov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG