Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Cəlladların tam siyahısı


Sovet ordusunun əsir götürdüyü polyak hərbçilər.
Sovet ordusunun əsir götürdüyü polyak hərbçilər.

«Əlbəttə, arağı şüurumuzu itirənə qədər içirdik. Nə deyirsiniz deyin, işimiz çətin idi. O qədər yorulurduq ki, ayaq üstdə güclə dayanırdıq. Belimizə qədər odekolonla yuyunurduq. Yoxsa qan və barıt iyindən qurtulmaq olmurdu. İtlər də bizdən hürkürdü. Hürəndə də uzaqdan hürürdülər».

NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) komendaturasının Moskvadakı xüsusi qrupunun üzvlərindən biri uzun illərdən sonra öz işini belə xatırlayır. O, gələcək dövlət təhlükəsizlik generalı Vasili Bloxinin rəhbərlik etdiyi qrupda işləyirdi. Bloxin ən azı 5 min (bəzi məlumatlara görə isə 15 min) adamı şəxsən güllələyib. Xüsusi dəstə cəlladlıq funksiyasını yerinə yetirirdi: Stalin rejiminin müxtəlif instansiyalarının qəbul etdiyi güllələnmə hökmlərini icra edirdi. 1940-cı ilin yazında Bloxin və onun cəlladları xüsusi tapşırığı yerinə yetirməli oldular. Onların vəzifəsi 1939-cu ilin sentyabrında, SSRİ-nin nasist Almaniyası ilə birləşərək Polşanı bölməsindən sonra sovet ordusuna əsir düşmüş 20 mindən artıq polyak zabit və mülki şəxsi məhv etmək idi.

Güllələnməni bir neçə yerdə, əsasən Smolensk yaxınlığındakı Katın meşəsində, Kalinin (hazırda Tver) və Xarkov həbsxanalarında icra edirdilər. Katında güllələnənləri elə oradaca yerə basdırırdılar. Kalinin və Xarkovda öldürülənləri isə yaxınlıqdakı Mednoye qəsəbəsi və Pyatixatki şəhərciyinin ətrafına aparırdılar. Bu hadisələr Polşa və Avropa tarixşünaslığına «Katın cinayətləri» adı ilə daxil olub.

Gizli materiallar

Dekabrın 19-da ÇK, OQPU (gizli polis), NKVD, MQB, KQB orqanlarının fəaliyyətə başlamasının 100 ili tamam olur.

Katın cinayətləri detallı araşdırılsa da, hələ də bu hadisələrin sovet versiyasını dəstəkləyənlər var. Bu versiyada polyakların güllələnməsi Hitler ordusunun boynuna qoyulur. Təbii ki, bunun üçün 1940-cı ildə baş vermiş cinayətin törədildiyi vaxtı da fərqli göstərməli olurlar. Polşa vətəndaşlarının güllələnməsi faktı üzrə cinayət araşdırmasına 2004-cü ildə xitam verilib. Səbəb kimi isə günahkarların ölməsi göstərilib. Ancaq Rusiya tərəfi hələ də Katına dair arxiv materiallarının bir hissəsini (183 cilddən 35-ni) Polşaya verməyib. Bu materiallar hələ də gizli qalır.

«Güllələnməyə görə mükafatlandırılanlar. 1940» kitabı
«Güllələnməyə görə mükafatlandırılanlar. 1940» kitabı

Həmin o günahkarlara gəlincə isə, onların adları – sıravi icraçılardan tutmuş SSRİ və NKVD-nin yüksək rəhbərliyinədək – çox yaxşı məlumdur. 1940-cı il oktyabrın 26-da dərc edilmiş 001365 saylı əmrdə Katın cinayətinə aidiyyəti olan şəxslərin tam siyahısı əks olunub. Bu əmr NKVD-nin «xüsusi əhəmiyyətli» tapşırığı yerinə yetirmiş böyük bir qrupunun təltifi barədədir. Polşa-Rusiya dialoqu mərkəzi bu əmrdə adları çəkilən şəxslərə həsr olunmuş «Güllələnməyə görə mükafatlandırılanlar. 1940» adlı kitab çap edib. Kitabın müəllifi, rusiyalı tarixçi, «Memorial» cəmiyyətinin elmi-informasiya şurasının sədrinin müavini Nikita Petrov AzadlıqRadiosunun (RFE/RL) rus xidmətinə müsahibəsində bu «xüsusi əhəmiyyətli» tapşırığı yerinə yetirənlərdən danışıb. Onun sözlərinə görə, əmrdə NKVD-nin Smolensk, Kalinin və Xarkov vilayət şöbələrinin əməkdaşlarının adlarının göstərilməsi çox şeyi deyir.

İstintaq üçün çox vacib məlumat

«Biz gözəl bilirik ki, güllələnmə məhz orada icra edilib... Bu əmrin əsl mahiyyətini isə NKVD-nin Kalinin vilayəti idarəsinin keçmiş rəisi Tokarev ifadə verən zaman açıb. O, 1991-ci ilin əvvəlində prokurorluğa gəlmiş çəkiliş qrupuna belə deyib: bu qətli icra edənlərin hamısını mükafatlandırıblar, məndən başqa. Bu siyahıda məni tapa bilməzsiniz. Ancaq prokurorluq üçün bu, yenilik idi. O zaman onlar, ümumiyyətlə, belə bir siyahının mövcud olduğunu bilmirdilər. Tokarevsə onlara belə demişdi: siz arxivlərdə axtarın, orada siyahı var, hamını mükafatlandırıblar. Bundan sonra o, həmin siyahının tərtib edilməsi mexanizmindən danışıb. Bir sözlə, Tokarev istintaqa çox vacib məlumat verib. İstintaqsa sonradan arxivdən həmin əmri tapıb», – tarixçi deyir.

Katın məzarlığı
Katın məzarlığı

N.Petrovun sözlərinə görə, bu qəbildən olan əmrlərdə, adətən, icraçıların adları göstərilmirdi. Adlar yalnız tam məxfi sənədlərdə göstərilirdi. Bu əmri xüsusi edən cəhətlərdən biri burada bütün icraçıların adlarının açıq göstərilməsidir. Adətən, icraçıları silah, fəxri çekist nişanları və s. ilə təltif edirdilər:

«Burada isə yalnız pul mükafatları var. Yəni sinələrində xüsusi əlamət qoyan heç bir şey verilməyib».

Tarixçinin sözlərinə görə, pul mükafatları aylıq məvacibdən 800 rubladək dəyişirmiş.

N.Petrov deyir ki, icraçıların arasında baş verənlərə görə peşman olanlar da olub, Bloxin kimi, bunu sadəcə işinin bir hissəsi hesab edənlər də:

«Bir qayda olaraq, bu güllələnmələrdə iştirak edən komendantların və xüsusi qrup əməkdaşlarının heç biri yenidənqurma vaxtınadək sağ qalmayıb. ...Belə şeyləri ilk dəfə görən xırda cəlladlar, nəzarətçilərin çoxu narahatlıq keçirirdi. Hətta intihar halları da var. Məsələn, Smolensk vilayətində bir əməkdaş intihar edib. Kitabda bu barədə yazmışam. Aralarında içkiyə qurşananlar da var. Onlardan biri sərxoş halda nəvəsinə çoxlu polyak öldürdüyünü deyib».

22 min adam güllələnib

Tarixçinin sözlərinə görə, ilk vaxtlar bu əsirləri düşərgələrə göndərmək və hətta bir qismini buraxmaq məsələsi də müzakirə olunub. Ancaq sonradan Beriyanın Stalinə ötürdüyü sənəddə hansısa məqam onu qane etməyib və 1940-cı il aprelin 5-də Politbüro 25 min adamın güllələnməsi haqda əmr verib. Əslində, bundan bir qədər az, 22 min adam güllələnib.

Petrovun toxunduğu daha bir maraqlı məqamsa güllələnən Polşa vətəndaşlarının basdırıldığı yerlərin 1937-1938-ci illərdə «Böyük terror» qurbanlarının dəfn edildiyi yerlərlə üst-üstə düşməsidir.

«1940-cı ilin martında Stalin üçün Polşa mövcud deyildi və gələcəkdə də mövcud olmalı deyildi. Polşa dövlət kimi yox idi və bu insanlar da ona qətiyyən lazım deyildilər, onlar artıq yox idilər. Ancaq 1940-cı ilin iyunundan sonra (nasist Almaniyasının Fransanı darmadağın etməsindən sonra Avropada hərbi-siyası vəziyyət dəyişdi) Stalin bu qərarına görə peşman olmuşdu. Hərçənd bunu heç kimə demirdi», – N.Petrov deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG