Salman Rüşdinin "The Satanic Verses" (Şeytan ayələri) kitabını ilk dəfə tərcümə edən yapon alimi Hitoşi İqaraşi 1991-ci ildə Tokio yaxınlığındakı Tsukuba Universitetində öz ofisində müəmmalı şəraitdə ölü tapılıb. Alim üzündən və qollarından çoxsaylı bıçaq zərbələrinə məruz qalmışdı. O zamandan bəri kitabın bir neçə tərcüməçisi fiziki hücuma məruz qalıb.
1988-ci ildə Britaniyada, 1989-cu ildə ABŞ-da nəşr olunan kitab müsəlman icmalarında ziddiyyətlə qarşılanıb. Bəzi müsəlmanlar kitabda yazılanların bir hissəsinin küfr olduğunu deyirlər.
Romanın çıxmasından bir il sonra, 1989-cu ildə İranın Ali dini lideri Ayətulla Xomeyni fətva verərək müsəlmanlara müəllifi öldürmək əmri verib. 1991-ci ildə Xomeyninin ölümündən sonra onun yerini tutan Ali dini lider Ayətullah Xamenei bu fətvanı yeniləyərək Rüşdini öldürənə 3 milyon dollar mükafat vəd edib.
24 saat qoruma
1989 – 2002-ci illər arasında Salman Rüşdi sutkada 24 saat qoruma altında olub.
Hitoşi İqaraşi Tsukuba Universitetində İslam mədəniyyətindən dərs deyirdi. Ərəb və fars ədəbiyyatı mütəxəssisi olan İqaraşi İbn Sinanın "Kanon" külliyyatı da daxil olmaqla, bir çox əsəri yapon dilinə tərcümə edib. O zaman 44 yaşı olan İqaraşinin qətlinin üstü hələ də açılmayıb.
Fətvanın verilməsindən bir il sonra, 1990-cı ildə İqaraşi "Şeytan ayələri"nin yapon dilinə tərcümə edildiyini ictimaiyyətə bildirmək üçün naşiri Canni Palma ilə birlikdə mətbuat konfransı keçirib. Tədbirə qatılan bir qrup şiə müsəlman kitabın nəşrinə etiraz edib. Tədbirin ortasında bir pakistanlı müsəlman səhnəyə çıxaraq Palmaya hücum etməyə cəhd göstərib. Həmin şəxs tutularaq ölkədən deportasiya edilib.
Norveç və İtaliyada hücumlar
"Şeytan ayələri"nin norveçli naşiri Uilyam Nayqaard da 1993-cü il oktyabrın 11-də üç dəfə arxadan güllə ilə vurulub. Onun bu hücumdan sağ çıxdığı, lakin aylarla xəstəxanada müalicə aldığı bildirilir. Hücumu həyata keçirənlərsə heç vaxt tutulmayıb.
İtaliyalı tərcüməçi Ettore Kapriolo özünün Milandakı evində iranlı olduğunu deyən bir kişi tərəfindən döyülüb və bıçaqlanıb. Kapriolo boynundan, sinəsindən və əllərindən ağır yaralar alıb. Ancaq bir neçə gün sonra İtaliya hüquq-mühafizə qurumları hücumun Rüşdinin "Şeytan ayələri" kitabı ilə əlaqəsi olmadığını bildirib.
Əziz Nesinə hücum
1993-cü ildə islamçı yaraqlılar Türkiyənin şərqində bir oteldə yanğın törədiblər. Məqsədsə kitabı türk dilinə çevirən yazıçı Əziz Nesini öldürmək olub.
1993-cü ildə Əziz Nesin Türkiyənin şərqindəki mühafizəkar Sivas şəhərində simpoziumda iştirak edərkən bir replikasını bəhanə edərək onu o vaxta qədər görünməmiş miqyasda nifrət hücumuna məruz qoyublar. Məscidlərdən axışan yüzlərlə islamçı şəhərin mərkəzi meydanına toplaşaraq polis sədlərini və hökumət binalarını daşlayıb. İslamçı şüarlar qışqıran kütlənin sayı gün ərzində artmağa davam edib. Qəzəbli dindarlar Əziz Nesinin qaldığı otelə od vurublar.
35 nəfər öldürülüb
Əziz Nesin xilasedici dəstənin gəlib çatmasından sonra yanğınsöndürənlərin nərdivanından istifadə edərək qaçmağa məcbur olub. Polis maşınında oteldən uzaqlaşdırılan yazıçı kiçik xəsarətlərdən müalicə olunduqdan sonra əyalətdən çıxarılıb. Ancaq həmin hadisə zamanı 35 nəfər öldürülüb, 60 nəfərsə yaralanıb.
Salman Rüşdi avqustun 12-də Nyu-York ştatında yerləşən Şatokua İnstitutunda mühazirə oxumaq ərəfəsində bıçaq hücumuna məruz qalıb. Çoxsaylı ciddi bıçaq zərbələri alan yazıçı xəstəxanada müalicə almağa davam etsə də, onun artıq nəfəs cihazından ayrıldığı və danışmağa başladığı bildirilir.