Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:10

Bacıya hicaba, qardaşa israilliynən oynadığına görə qadağa qoyulub


Dorsa (sağ) və Borna Drekhshani

İranın şahmat rəsmiləri yeniyetmə bacı ilə qardaşın milli ölkə çempionatına və milli komandaya qatılmasına qadağa qoyub.

Səbəb onların beynəlxalq şahmat turnirində dini isteblişmentin "qırmızı xəttini" keçmələridir.

İran milli şahmat komandası yanvarın 23-dən fevralın 2-dək keçirilən 2017-ci ilin Cəbəllütariq Şahmat Festivalında başını bağlamamasına görə 18 yaşlı Dorsa Derakhshani-ni öz sıralarından kənarlaşdırıb. 1979-cu il İslam İnqilabından sonra İranda qadınların başlarını örtməsi məcburidir.

Buna da bax:​ İsveçli qadın rəsmilərin də İranda başlarını bağlaması...

İSRAİLLİYLƏ OYNAMASI YASAQLANIB

Dorsa Derakhshani-nin 15 yaşlı qardaşı Borna Derakhshani-ninsə həmin turnirdə israilli şahmatçı ilə oynaması yasaqlanıb.

İran İsrail dövlətini tanımır və beynəlxalq yarışlarda İran idmançılarının İsrail idmançıları ilə mübarizə aparmasını qadağan edir. Bundan öncə İran idmançıları israilli rəqibləri ilə görüşməmək üçün zədəli, yaxud xəstə olduqlarını bəhanə gətiriblər.

Ötən il bir İran idmançısı "sionist dövlətin" mövcudluğunu inkar etmək və "Fələstinin məzlum xalqına" dəstək ifadə etməkdən ötrü İsveçrədə keçirilən turnirdə israilli şahmatçıyla görüşməkdən imtina edib. Bu barədə məlumatı yarırəsmi "Mehr" xəbər agentliyi yaymışdı.

Buna da bax: 'İtalyanların 69 faizi müsəlmanlar barədə mənfi fikirdədir'

Derakhshani-lərlə bağlı görülən tədbirləri fevralın 19-da İran Şahmat Federasiyasının rəhbəri Mehrdad Pahlevanzadeh elan edib.

“MİLLİ MARAQLARA XƏLƏL GƏTİRİBLƏR”

"İlk addım olaraq, bu iki nəfərin İranda hər hansı turnirlərdə iştirakı yasaqlanacaq. İran naminə onların milli komandada iştirakına da imkan verilməyəcək", – deyə Pahlevanzadeh yarırəsmi "Fars" xəbər agentliyinə bildirib.

Pahlevanzadeh həmçinin deyib ki, Derakhshani-lər Cəbəllütariq turnirində İranı təmsil etməyiblər, müstəqil iştirak ediblər. "Bu turnirə hər kəs qatıla bilər", – o deyib.

Onun sözlərinə görə, yeniyetmələr İranın milli maraqlarına xələl gətiriblər.

Buna da bax:​ Müsəlman polis qadın hicaba görə məhkəməyə üz tutub

"Son nəticədə, baş verməli olmayan şey baş verib. Milli maraqlarımız hər şeydən üstündür", – deyə Pahlevanzadeh bildirib. O əlavə edib ki, İranın "ideallarını və prinsiplərini" ayaq altına alanlara heç bir "güzəşt" edilməyəcək.

QADAĞAYA MÜNASİBƏT BİLDİRMƏYİBLƏR

"Biz gələcək turnirlərdə buna bənzər insidentlərin baş verməsini önləmək tədbirlərini nəzərdən keçiririk", – deyə o, "Fars" xəbər agentliyinə bildirib.

Borna Derakhshani-nin İranda yaşadığı bildirilir. Onun bacısı Dorsa isə İspaniyada oxuyur.

Bacı ilə qardaş qadağaya açıq münasibət bildirməyiblər.

Buna da bax:​ Trump İsrailə arxa duracağını deyir, İranı pisləyir

İranda məcburi olan geyim kodeksinə görə qadınlar başlarına hicab örtməlidirlər. Bu qayda daimi təzyiqlərlə tətbiq edilir. Qadın dövlət rəsmiləri, idmançılar və ölkəni təmsil edən digər şəxslərin ölkə xaricində də hicab qaydasına sayğı göstərməsi tələb olunur.

Ötən il İran parlamentinə seçilmiş Minoo Khaleghi-nin Avropa və Çinə səfərləri zamanı çəkilmiş başıaçıq şəkilləri sosial mediada yayılandan sonra onun parlamentdəki yeri əlindən alınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG