Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:03

'İtalyanların 69 faizi müsəlmanlar barədə mənfi fikirdədir'


Italiyada müsəlmanlar cümə namazında.
Italiyada müsəlmanlar cümə namazında.

İtaliyada azı 1,4 milyon müsəlman yaşayır və islam dini ölkənin de fakto ikinci ən böyük dinidir. Amma xristianlıq və iudaizmdən fərqli olaraq, islam İtaliyada rəsmən tanınmır. Bu o deməkdir ki, məscidlər dövlətdən vəsait ala bilmir, islam nikahlarının hüquqi qüvvəsi yoxdur və müsəlman işçilər öz dini bayramlarında məzuniyyət götürə bilmirlər.

Durum dəyişdirilə bilər, ancaq bundan ötrü müsəlmanların etməli olduğu şeylər var.

Buna da bax:​ Müsəlman polis qadın hicaba görə məhkəməyə üz tutub

69% MÜSƏLMANLAR BARƏDƏ MƏNFİ FİKİRLƏŞİR

Bu ay İtaliyanın daxili işlər naziri və ölkənin doqquz əsas islam birliyi bu vaxta qədər presedenti olmayan razılaşma imzaladılar. Müsəlman təşkilatları öz imamlarını qeydə almağı və onlardan moizələrini italyan dilində oxumalarını tələb etməlidirlər. Əvəzində isə hökumət islamın İtaliyada rəsmən tanınmasına "şərait yaratmağa" söz verir.

“İtaliya İslamı naminə Milli Pakt" islamın İtaliyada tanınması üçün ilk addım hesab edilir. Ancaq o, həm də ikili standart yaratmaqda ittiham edilir. Belə ki, hökumət hələ heç bir başqa dini qrupdan ayinlərin italyanca icrasını tələb etməyib. Roma Katolik Kilsəsi xarici auditoriyanı nəzərə alaraq, müntəzəm olaraq öz messalarını xarici dillərdə həyata keçirir.

Buna da bax: Məhkəmə hicab şikayətini rədd edib

“Bu, müsəlmanların yaxşı vətəndaş olduqlarını, pis adamlar olmadıqlarını sübut etmək üçün imzaladıqları sənəddir", – Milanda yaşayan islam alimi Yahya Pallavicini mühafizəkar "Tempi" jurnalına müsahibəsində deyib.

İslam İtaliyada çox da populyar deyil. "Pew" tədqiqat mərkəzinin son sorğusuna əsasən, italyanların 69 faizi müsəlmanlar barədə mənfi fikirdədir. Bu, sorğunun keçirildiyi Avropa ölkələri arasında ən yüksək göstəricidir. Yerli media da tez-tez islamı terrorizmlə bir bütöv kimi qələmə verir.

Buna da bax: Müsəlman rəssamın üsyanı

“MÜSBƏT ADDIM”

Seçki ilində hökumət sözügedən sazişi həm də təhlükəsizlik məsələsi kimi görür. Daxili İşlər naziri Marco Minniti mətbuata açıqlamasında sənədi "zorakılıq və terrorizmin hər hansı formasına qarşı" qarantiya kimi təqdim edib.

Milanda yaşayan müsəlman sosioloq, eyni zamanda şəhər şurasının üzvü olan Sumaya Abdel Qader sazişi "müsbət addım" adlandırıb. “Hökumətlə müsəlman institutları arasında dialoq çox vacibdir", – deyə o bildirib. Ancaq qeyd edib ki, qoyulan tələblərdən bəziləri müsəlmanlarda ayrıseçkilik hissi yaradıb.

Buna da bax:​ Kilsədə Quran oxunmasına etiraz edən rahib vəzifəsindən çıxıb

O iddia edir ki, bir dini etiqadın tanınmaq əvəzində seçilərək öz ayinlərini italyanca icraya vadar edilməsi müsəlmanlara geniş yayılmış inamsızlığın təzahürüdür. “Anlayıram ki, biz unikal tarixi dövrdə yaşayırıq, ona görə də bunu qəbul etməli olacağıq", – deyə o bildirib.

QAYDA 2000-Cİ İLDƏN TƏTBİQ OLUNUR

Abdel Qader həmçinin bildirir ki, bir dini qrupun rəsmi tanınmaya dair danışıqların başlanılması əvəzində "ilkin pakt" imzalaması da adi hal deyil. İtaliya Konstitusiyası formal olaraq hər kəsin dini azadlığına təminat verir. Ancaq o, həm də katolik kilsəsinə xüsusi önəm verərək, digər dini etiqadların tam fəaliyyət göstərə bilməsi üçün “intesa”, yəni "anlaşma" adlanan xüsusi müqavilə imzalamasını tələb edir. Bu qayda hələ 2000-ci ildən tətbiq olunsa da, hələ belə bir sənəd imzalanmamışdı.

Buna da bax:​ Yazıçının portreti kilsədə müqəddəslərlə birgə

Ancaq Florensiyanın imamı və ölkənin ən böyük müsəlman birliyi olan UCOII-nin prezidenti Izzedin Elzir hesab edir ki, sazişin gətirdiyi fayda onun mənfi tərəflərini üstələyir. “Etməyə söz verdiyimiz şeylərin çoxunu artıq edirik. Biz artıq imamları italyan dilində moizə oxumağa təşviq edirik. Əgər onların italyancası səlis deyilsə, biz artıq tərcüməçilər veririk. Bunu sənədləşdirmək müsəlman olmayan italiyalıların özlərini bir qədər təhlükəsiz hiss etmələrinə yol açırsa, mən bunda pis bir şey görmürəm", – deyə o bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG